“Evimizə yeddi nəfər polis gəlmişdi. Zalda axtarış aparanda onlarla birlikdə idim, fikir verirdim ki, heç nə atmasınlar. Bir də gördüm ki, ikisi yoxdur. Yataq otağına girəndə onların əlində kitabça tutdum. Az sonra həmin otaqdan guya qumbara tapdılar. Həmin o iki nəfər gözdən yayındığı müddətdə girib yataq otağına qoymuşdular. Zalda onlarla birlikdə idim deyə, ora heç nə qoya bilməmişdilər…”, – həbsdə olan ilahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun atası belə deyib.
Elçin Qasımov və onunla birlikdə daha 11 nəfərin mühakimə olunduğu, şərti olaraq, “Nardaran işi-2” adlandırılan məhkəmədə ötən dəfə vəkillər xeyli vəsatətlər qaldırmışdı. Onların arasında Lənkəranın icra başçısından tutmuş, Sabunçu rayonunun prokuroruna qədər bir xeyli adamın məhkəmədə dindirilməsi, müəyyən sübutların araşdırılmasına qədər xeyli məsələlər vardı. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin bir qismini təmin edib, qalanları rədd olunub.
İcra başçısının verdiyi xasiyyətnamə çıxarıldı
Məsələn, təqsirləndirilən şəxslərdən İsa İbrahimov haqda mənfi xasiyyətnamə vermiş, onu “radikal mövqeli ekstremist dindar” kimi təqdim etmiş Lənkəranın icra başçısı Taleh Qaraşovun dindirilməsi haqda vəsatət təmin olunmayıb. Amma onun verdiyi xasiyyətnamə də sübutlar siyahısından çıxarılıb.
İstintaqda dindirilmiş şahidlər arasında Zamiq Məlikov adlı bir nəfər var. Onun ifadəsi həbsdə olan ilahiyyatçı Taleh Bağırovun əleyhinə fikirlərdən ibarətdir. Məlikov T.Bağırovun öz moizələrində dövlət əleyhinə çıxışlar etdiyini bildirir.
Vəkillər məhkəmənin diqqətinə çatdırıblar ki, həmin Məlikov bu şahidliyindən öncə Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatının keçirildiyi evdəki baxışda hal şahidi kimi iştirak edib. Ona görə də ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə bu vəsatəti təmin edib.
Prokuror məhkəmədə niyə dindirilməlidir?
İddia olunur ki, Nardaran əməliyyatı zamanı və ondan sonra həbs olunanlardan “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabçalar tapılıb. Taleh Bağırov da daxil, həbs olunanların hamısı bu iddianı rədd edir, ümumiyyətlə, belə bir kitabçanın olmadığını, onun hadisələrdən sonra hüquq-mühafizə orqanlarının özləri tərəfindən hazırlanıb, iş materialların daxil edildiyini bildirirlər.
Vəkillər bu kitabçanın məhkəməyə gətirilib tədqiq olunmasını, Elçin Qasımovun həbsinə görə 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilmiş aksiyanın video-görüntüsünə baxılmasını istəmişdilər. Bu haqda vəsatətlər də təmin olunub.
Hakimlər “Hacı Taleh Bağırzadənin müraciəti”nə rəy vermiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iki əməkdaşından birinin də dindirilməsinə razılıq verib.
Amma Sabunçu rayonunun prokuroru Ceyhun Şirinovun dindirilməsi haqda vəsatət təmin olunmayıb. Vəkillər prokurorun yazdığı protestdəki yanlışlığa görə onun məhkəməyə çağrılmasını istəyirdilər. Polis idarəsinin qarşısında Elçin Qasımovun həbsilə əlaqədar keçirilmiş 5 noyabr aksiyasında saxlanılanlara müxtəlif müddətli sutkalıq inzibati həbs cəzaları verilmişdi. Nardaran əməliyyatından sonra Şirinov apellyasiya protesti hazırlayıb, onların hamısının haqqında cinayət işi başlanmasını istəyib. Protestdə idarənin qarşısındakı aksiya iştirakçıları arasında Elçin Qasımovun da olduğu yazılıb. Halbuki, o adamlar elə həmin vaxt idarədə saxlanılan Qasımovun həbsinə etiraz edirdilər.
Dövlət hesabına vəkildən şikayət
Daha bir vəsatət isə təqsirləndirilən şəxslərdən Əmirəli Əliyevin həbsinin ilkin dövründə ona dövlət hesabına təyin olunmuş vəkil Aytən Əliyevanın dindirilməsi haqda idi. Ə.Əliyev bildirir ki, bu xanım ona vəkillik eləməyib, müstəntiqin istəyinə uyğun hərəkət edib, saxta ittihamlarla dolu sənədləri imzalayıb. Amma məhkəmə vəkil Aytən Əliyevanın dindirilməsi haqda vəsatəti təmin etməyib.
Ardınca vəkillərin vəsatəti əsasında təqsirləndirilən şəxslərdən bəzilərinin yaxınları dindirilib.
Elçin Qasımovun atası Kamal Qasımov bildirib ki, evlərindən tapıldığı iddia olunan silah-sursatı elə axtarışa gələn polislərin özləri qoyublar. Onun sözlərinə görə, axtarışdan əvvəl ona oxumadan müəyyən sənədlərə imza atdırıblar. Sənədlərin bəziləri boş olub.
“Əllərində gətirdikləri torba ilə getdilər”
Təqsirləndirilən şəxslərdən Seyfəddinin Şirvanovun qardaşı Fəxrəddin Şirvanov da evlərindən tapıldığı iddia olunan silaha görə polisləri günahlandırır: “Dörd nəfər gəlmşdilər, əllərində də torba. Elə həmin torba ilə də getdilər. Seyfəddinin yoldaşına qol çəkdirdilər, oxumağa qoymadılar. Dedilər ki, nə ehtiyac var oxumağa, onsuzda heç nə çıxmadı. Sən demə, öz bildiklərini yazıblarmış ora…”
Müsəlman Birliyi Hərəkatının Yasamal rayonunda yerləşən ofisinin sahibi Babək Ərsoy da məhkəmədə dindirilib.
“Mən ora gələndə ofis açılmışdı, polislər içəri girmişdi. Oradan kitabçalar, bukletlər götürdülər. Amma nə kitabça, buklet olduğunu bilmirəm”, – ofisin yerləşdiyi mülkün sahibi bildirib.
Nardaran məhbusunun evindən götürülmüş pullar harda saxlanılıb?
Ardınca təqsirləndirilən şəxslərdən Elgün Axundovun vəkili müstəntiqin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Çünki Axundovgilin evindən axtarış zamanı 20 min manat pul götürülüb. Müdafiə tərəfi bununla əlaqədar məhkəməyə şikayət edib. İşə Binəqədi rayon məhkəməsində baxılanda müstəntiq orada ifadə verib, deyib ki, pul götürülməyib. Məhkəmənin qərarında belə yazılıb. Amma sonradan məsələyə apellyasiya məhkəməsində baxılanda müstəntiq yenə dindirilib, deyib ki, yalandır, Binəqədi rayon məhkəməsində elə söz deməyib. Həqiqətən evdən pul götürülüb.
Vəkil deyir ki, götürülmüş pul üç aydan sonra depozitə qoyulub. Halbuki, qanuna görə, götürülən vəsait uzağı, 7 gün ərzində depozitə qoyulmalıydı. Müdafiəçi bu məsələnin aydınlaşdırılması üçün müstəntiqin dindirilməsi, pulun isə sahibinə qaytarılması haqda vəsatət qaldırıb.
Hakim bildirib ki, pul maddi sübutdur, sonda hökmdə bu məsələ ilə bağlı qərar veriləcək. Müstəntiqin dindirilməsi haqda vəsatət isə noyabrın 17-də keçiriləcək növbəti məhkəmə iclasında müzakirə olunacaq.
Oxunub: 374