Vahid Məhərrəmli
Kartof idxalı 6,4 dəfə artıb, ixrac isə 2,7 dəfə azalıb.
Azərbaycan hakimiyyəti ikinci çörəyin istehsalını da bərbad vəziyyətə salıb. Azərbaycan özünün kartofa olan təlabatını da daxili istehsal hesabına ödəyə bilmir. Xatırladım ki, son 5 ildə ölkəyə kartof idxal fiziki çəkidə 2,7 dəfə, dəyər ifadəsində isə 6,4 dəfə artıb. Belə ki, 2011–ci ildə ölkəyə 5,2 milyon dollar dəyərində 67,4 min ton kartof idxal olunduğu halda, 2016-cı ildə 33,7 milyon dollar dəyərində 182,9 min ton kartof idxal olunub. Bu müddət ərzində kartof ixracı kəskin şəkildə azalıb. DSK-nın məlumatına əsasən 2011-ci ildə Azərbaycan 91,7 min ton kartof ixrac etdiyi halda, 2016-cı ildə bu göstərici 2,7 dəfə azalaraq 38,2 min ton təşkil edib. Bu azmış kimi 2017-ci ildə pambıq ərazilərinin genişləndirilməsi kartofçuluqdan da yan keçməyib. Belə ki, əvvəlki ilə nisbətən 2017-ci ildə kartof əkini sahəsi 2 min hektar azaldılıb. Artıq demək olar ki, ölkə bu seqment də idxaldan asılı vəziyyətdədir. İstehlakçılara təklif olunan kartof əsasən Rusiyadan, İrandan, Gürcüstandan və digər ölkələrdən gətirilir. Bu kimi səbəblərdən də adambaşına kartof istehlakına görə Azərbaycan hətta MDB ölkələri sırasında axırıncı yeri tutur. MDB ölkələrinin əksəriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə gedir. Xüsusən Belorusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından xeyli çox məhsul istehsal edirlər. Bu qədər məhsul onların istehlak təlabatını ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir. Adambaşına istehlak norması 124 kiloqram olduğu halda, Azərbaycan əhalisi adambaşına 94 kiloqram kartof istehlak edir. Ermənistan əhalisi isə 2016-ci ildə bizdən 2,6 dəfə də çox, yəni adambaşına 245 kiloqram kartof istehlak edib. 2016-cı ildə MDB ölkələrində adambaşına kartof istehlakı göstəriciləri belədir:
Аzərbaycan 94
Ermənistan 245
Belarus 630
Qazaxıstan 200
Qırğızıstan 228
Rusiya 212
Tacikistan 104
Ukrayna 512
Azadliq.info
Oxunub: 210