Milli Şuranın oktyabrın 28-də keçirdiyi mitinqdə «Ramil Usubov, qardaşın qisasını qardaşdan almağı durdur» şüarı yazılmış plakat qaldıran Əziz Qəhrəmanova 20 sutka inzibati həbs cəzası verilib. O, polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə cəzalandırılıb. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.
Ə.Qəhrəmanov mitinqdə plakatı qaldırandan az sonra polislər onu əlindən alıb cırıblar.
Yaxınlarının sözlərinə görə, oktyabrın 30-da Ə.Qəhrəmanovun evinə yenə polislər gəlib. Gələnlər arasında Suraxanı rayonu, 30-cu polis bölməsinin rəis müavininin də olduğu bildirilir. Mitinq iştirakçısı bölməyə aparılsa da, bir xeyli vaxt onun haqqında yaxınlarına heç bir məlumat verilməyib. Sonradan məlum olub ki, Ə.Qəhrəmanov polisə müqavimətdə suçlanaraq məhkəmə qarşısına çıxarılıb. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibatı həbs cəzası verilib.
Ə.Qəhrəmanov vaxtilə Polis Akademiyasının tələbəsi olub. Dediyinə görə, o dövrdə qardaşı Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü olduğuna görə onu akademiyadan xaric ediblər.
«Şəxsən daxili işlər naziri Ramil Usubov özü məni kabinetində sorğu-sual elədi. Mənə də son sözü bu oldu ki, polis orqanlarına yaraşmırsan», – Ə.Qəhrəmanov belə deyir.
Oxunub: 962