Ətrafımda, əhatə dairəmdə olanlardan anti- Rusiya əhval-ruhiyyəli adam olduğumu tez-tez eşidirəm. Əslində, bu, belə deyil. Həqiqət ondan ibarətdir ki, mütərəqqi cəmiyyət qurmaq istəyiriksə, dövlət kimi nüfuz qazanmaq məqsədimizdirsə, Rusiya idarəçiliyindən, Rusiya “nümunəsindən” imtina etməliyik. Sadəcə olaraq, idarəetmədə onlardan öyrənməli maraqlı nəsə yoxdu. Rusiya dövlətçilikdə hələ də məzmunca Orta Əsr münasibətlərini sərgiləyir. Təbii, Orta əsrlər üçün o idarəçilik bəlkə də münasib idi Faciə buradadır ki, Rusiya 21-ci əsrdə də o yanaşmadan qopa bilmir. Düzdür, 17-ci əsrdə 1-ci Pyotr buna cəhd etdi, qismən müvəffəq oldu da. Lakin o da sonda öz libasında formaca yeni , məzmunca az dəyişən köhnə siyasi yanaşmaya qayıtdı. Elə bunun nəticəsi kimi, Rusiyadan rəğbətlə danışmamağımın səbəbi, onun hardasa 17-ci əsrdə qalmasıdır. Diqqət etsəniz, görərsiniz ki, prezident Putin özünü hələ də 1-ci Pyotr kimi aparır. Köhnə baxışlı Rusiyadan uzaq durmamız siyasi baxımdan xeyrimizədir. Bu, aksiomadır.
Amma bu gün hələ də deputatlar, politoloqlar var ki, Rusiyanın torpaqlarımızı işğaldan azad etməsini gözləyir. Heç bir vaxt və heç bir zaman Şımal ölkəsi buna getməyəcək. Lakin bu münaqişədə Moskvanı keçilməz sədd, maneə də bilməməliyik. Çünki siyasətdə mümkünsüz heç nə yoxdur. Bu münaqişənin həllini Ölkə Vətəndaşı kimi Azərbaycan hakimiyyətindən istəməliyik, tələb etməliyik. Bu, bizim haqqımızdır.
Unutmayaq ki, hər bir dövlətin, təbiətən, bələk uşağına oxşarlığı var. Ya dövlət olaraq böyüyə bilər, ya da baxımsızlıq ucbatından, məsələn, ölə bilər. Kəsəsi, heç də əksər Ölkə politoloqlarının dediyi kimi, torpaq qəsb eləmək qəsb edən dövlətin “yazıqlığı, bədbəxtliyi” deyil. Sadəcə, hakimiyyətin zəifliyinə görə Xalqı azdırmaqdı. Gəlin, qəsb edəndə bədbəxtlik axtarmayaq, qəsbə məruz qalanda-özümüzdə bədbəxtlik axtaraq.
Təcavüzkar Ermənistanın layihələrdən qıraqda qalması heç də nəyisə ifadə eləmir. Bu bir həqiqətdir ki, dövlətlər üçün uzaq perspektiv əsasdı, daha vacibdi. Zaman-zaman layihələr də adamlar kimi doğulur, ölür. Ölməyən Xalqdı. Mübaliğəsiz deyim ki, ən böyük iqtisadi layihələr belə bir qarış torpağa dəyməz.
Bu gün dünya siyasəti çox sürətlə dəyişir. Belə ki, siyasi baxımdan gecə cızdığını günorta həyata keçirmək istəsən gecikəcəksən. Siyasət şahmat taxtasıdır. Min illərlə dünya siyasətində gedişlər edilir. Siyasi şahmatın oyun şahmatından fərqi ondadır ki, onun sonuncu gedişi yoxdu, yəni sonsuzacandı. Fiqurlar dövlətləri ifadə edir. Fiqur kimi şah xanasında möhkəmlənmək, Güclərə, Güc mərkəzlərinə çevrilməkdi. Şah xanasına çıxmaq istəməyən piyada dövlətlər isə “himayə” altında qalırlar. Yeri gələndə Güclər bu piyada dövlətləri “maraqlarına” qurban verərlər. Dünya boyundan baxanda siyasət “kosmik” sürət götürüb. Təbii ki, ona o “kosmik” sürəti verən insan zəkası, insan təfəkkürüdü. Cansız “maketi” kosmosa qaldıran, onu idarə edən bir beyin. Mən bu söhbəti Oxucuda aydınlıq yaratmaq üçün yazdım. Dediyim kimi, dünya siyasəti bu gün beyincə kosmik sürət götürüb. Ölkə hakimiyyətinin düşüncə boyu isə qatarlara, boru kəmərlərinə qədərdi.
Oxunub: 282