Türkiyə ötən ay Suriyanın İdlib vilayətinə yeritdiyi qüvvələrin sayını artırmaq məqsədilə qonşu ölkənin şimalına zirehli texnika göndərir. Uzun müddət Əl-Qaida ilə əlaqəli qrupların nəzarəti altında olmuş bu bölgə ixtilaflı zona kimi tanınır.
Rusiya ilə koordinasiya edilən İdlibin sakitləşdirilməsi kampaniyası Ankara ilə əməkdaşlıqdan boyun qaçıran cihadçı komandirlərin bir-bir aradan götürülməsi ilə müşayiət olunub.
Türklərlə birbaşa münaqişəyə girməkdən çəkinən digər cihadçı komandirlər Türkiyə və Rusiya ilə danışıqlar aparırlar.
Ötən günlərdə “Hayat Tahrir əl-Şam” qruplaşmasının yeddi komandiri hədəfləndirilmiş hücumlarda gülləllənib. Bu sırada öldürülən sonuncu komandir Maarat ən-Nüman yaxınlığında vurulmuş Əbu Əli Dumardır.
Türkiyə rəsmiləri bu qətllərdə əlləri olmadıqlarını deyirlər və heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
Tank və zirehli maşınlarla müşayiət olunan əlavə türk kontingentləri cümə axşamı İskəndərun qəsəbəsi yaxınlığında Türkiyə-Suriya sərhədini keçiblər.
Belə görünür ki, Türkiyə ötən il Hələbin şimalında yaratdığı bufer zonasını İdlibdəki bu ərazi ilə birləşdirməyə çalışır.
Müşahidəçilərin fikrincə Ankaranın bu əməliyyatda məqsədi Suriyadakı kürd qüvvələrini məhdudlaşdırmaq, İdlibi de-eskalasiya zonasına çevirmək və vilayətdəki ekstremist qrupları zəiflətməkdir.
Ötən həftə müxbirlərlə danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “Rusiya ilə İdlibdə həmrəy” olduğunu bildirib.
Oxunub: 318