Mehman Hüseynov: Eşidirəm, ancaq eşitməsəm də olar…
Bloger Mehman Hüseynovun Apelyasiya Məhkəməsində keçirilən bugünkü prosesi bu dialoqla yadda qaldı. Bilməyənlər üçün deyim ki, Mehman Hüseynovun işi Ali Məhkəmədən Apelyasiya Məhkəməsinə qaytarılıb. Bugünkü prosesdən, əslində, çoxları qərar gözləyirdi. Ali Məhkəmə işi geri qaytardığından, həm də bloger günahsız olduğundan hamı düşünürdü ki, Mehman elə bu gün azadlığa buraxılacaq. Ancaq, həmişəki kimi, gözləntilər özünü dorultmadı. Prosesin gedişi ilə işimiz yox, onu reportaj yazanlar sizə çatdırar. Hamıya bəlli işlə bağlı sözləri hakimin dövlət ittihamçısından eşitmək istəyi maraqlı dialoqla nəticələndi. Azərbaycan məhkəmələrinin oyuncaq qurum olduğunu bir daha ortaya qoydu.
Mehman Hüseynov etmədiyi “cinayətə” görə 9 aydır həbsdədir. Bütün instansiyalarda onun günahı sübut olunmayıb. Vəkillərin işlə bağlı başlıca vəsatətləri – müşahidə kameralarının görüntülərinin məhkəməyə təqdim olunması – təmin edilməyib, üstəlik, etmədiyi cinayətə görə adama 2 il iş veriblər. İndi proses Ali Məhkəmədən də keçib yenidən apelyasiyaya qaytarılandan sonra hakim bütün baş verənləri (olmayanları) dövlət ittihamçısına təzədən oxutdurur. Onun da qurduğu, ya üzündən oxuduğu cümlələrin heç biri uzlaşmır; hüquq dilində yazılıb axı. 9 aydır Mehman bunları eşidir, müxtəlif instansiyalarda bu cümlələr kimlərəsə oxutdurulur. Bəlkə də Mehman onları əzbər bilir. Ona görə bu cümlələri təzədən kiminsə dilindən eşitmək, buna qulaq asmaq onu sıxır. Dünyanın ən kreativ oğlanlarından olan Mehman təkrarçılığı heç sevməz. Bu qədər dostlarının yığışdığı prosesdə çoxdandır görüşmədikləriylə səssiz də olsa salamlaşmaq onunçün daha önəmliydi. Elə hakim də bu salamlaşmanı ona tez-tez irad tuturdu. Sonda da bu xəbərdarlığın protokola yazılmasını tələb etdi.
Ən maraqlısı isə dövlət ittihamçısı ittihamnaməni oxuyanda baş verdi. Hakim canıyananlıq edib Mehmandan soruşdu: – Hüseynov, eşidirsən?
Mehman Hüseynov cavab verdi: – Eşidirəm, ancaq eşitməsəm də olar…
Musa Musayevin işgüzar nüfuzu ilə bağlı Mehman Hüseynovun arqumentləri qarşısında isə hakim də duruş gətirə bilmədi və… noyabrın 10-a qədər fasilə elan etdi.
Səni çox sevir, səninlə qürur duyuruq.
Eşidirsən, Hüseynov?!
Rövşən Hacıbəyli
Oxunub: 1654