Nəsimi Məmmədli
1. Mitinqlər lazımdırmı və davam etməlidirmi?
Kütləvi aksiyalar hər zaman siyasi fəaliyyətin ən əsas alətlərindən sayılıb. Demokratik rejimlərdə yaratdığı siyasi nəticələrlə, antidemokratik rejimlərdə yaratdığı siyasi mühiti müqayisə etmək mümkün olmasa da, bütün rejimlər üçün özünəməxsus proses doğurur.
Ölkədə ən elementar siyasi azadlıqlar olmadığına görə fəal insanlar və siyasi qurumlar mənzillərinə, ofislərinə çəkilib qeyri-müəyyən aqibətini, qeyri-müəyyən müddətə gözləməli deyil. Cəmiyyətin fəallaşması üçün hər kəs təşəbbüslər göstərməlidir. Siyasi fəaliyyətin indi elə bir ağılabatan alternativ müstəvisi yoxdur ki, orada uğurlu fəaliyyət qurmaq mümkün olsun. Cəmiyyət sosial-siyasi çəttinliklərdən əziyyət çəksə də, çıxış yolunu tapmaqda çətinlik çəkir və üz tutacağı alternativ görmür. Çünki hökumət total antitəbliğatla və praktik addımlarla cəmiyyətin kollektiv iradəsini əzib, sadə əhalidə ölkədə müxalifətin olmaması ilə bağlı müəyyən təəssürat yaratmağa nail olub. Cəmiyyətin əksəriyyəti 150-dən çox siyasi məhbus taleyi yaşayan insanlara laqeyd hala salınıb. Ölkədəki siyasi qurumlar haqqında çox məhdud məlumatlar əldə edə bilir. Belə bir apolitik şəraitdə müxalifətin kütləvi aksiyalara qərar verməsi tamamilə doğru taktikadır. Əks halda gələcəkdə cəmiyyətin fəal hissəsini də siyasi qurumlar ətrafında səfərbər etmək çətinləşəcək. Mitinqlərin ardıcıl davam etməsi cəmiyyətin siyasi fəallığına müsbət töhfə verdiyi inkarolunmazdır.
2. MŞ-nın mitinqləri cəmiyyətə hansı mesajları verdi?
Milli Şuranın mitinqləri cəmiyyətdə dərin kök salan siyasi ətaləti qismən ortadan qaldıra bildi. Əhalinin məlumatsız hissəsinin müəyyən bir kəsimi də anladı ki, ölkədə ciddi müxalifət var. Ən əlverişsiz şərtlər altında da meydanlara çıxa və etirazı təşkil edə bilirlər. Yüzlərlə müxalifətçiyə ən ciddi təzyiqlər göstərilsə də, məqsədindən yayındıra bilmir. Xüsusilə də artıq insanlar arasında real alternativin mövcudluğu istiqamətində diskussiyalar da intensivləşir. Əlverişli situasiya yarandığı andan proessləri idarəolunan və itkisiz istiqamətləndirəcək siyasi qurumun olduğu insanların şüuraltında özünə yer etməkdədir.
Mitinqlər 2 aya yaxındır ictimai-siyasi diskussiyaların əsas mövzusuna çevrilib. Şüarları, keçirilmə məqsədi və təşkilatçıları barədə ölkənin ən ucqar yerlərinə qədər məlumatlar yayılmaqdadır. İstisnasız olaraq bütün ciddi siyasi qurumlar bu mövzuda daxili müzakirələr apardı, hətta müəyyən açıq və qapalı qərarlar qəbul etdi. Xalqın iqtidardan narazılığının və etirazlara münasibətinin miqyasını monitorinq etmək baxımından da əhəmiyyətli nəticələr əldə olundu. Müxalifət qurumlarının real durumunu, yanaşmasını və gələcək əməkdaşlıq imkanlarını da bu mitinqlər qismən nümayiş etdirdi. Habelə, hökumətin də müxalifətə qarşı dinc siyasi vasitələrdən istifadə imkanlarının olmadığı üzə çıxdı.
3. Mitinqlər hökumətin əlini gücləndirirmi?
Belə fikirlər dolaşır ki guya mitinqlər iqtidarın marağına xidmət edir, onu beynəlxalq ictimaiyyətə demokratik göstərir, ölkədə “sərbəst toplaşmaq azadlığı”nın təmin edildiyini ifadə edir. Bu iddiaların heç bir əsası yoxdur. Belə gülünc və qərəzli fikirlərə bəlkə heç münasibət bildirməyə dəyməz. Ancaq bir halda ki bu fikirlər ortada dolaşır, ona da qısaca münasibət bildirək.
Öncəliklə, antidemokratik hakimiyyətlər heç bir zaman belə eksperimentlərə meyilli olmur. Onlar ən kiçik etirazlardan da dərhal qıcıqlanırlar və etirazlara dözümlü deyillər. Digər tərəfdən antidemokratik imici möhkəmlənmiş bir hakimiyyət üçün beynəlxalq ictimai rəyi belə imitasiya ilə asanlıqla dəyişmək mümkün deyil.
Əgər ölkə hakimiyyətinin belə bir qayğısı, nigarançılığı olsaydı, o zaman seçkilərdə və referendumda cüzi faiz səs aldığı halda onu 90% deyil, elə 55-60% yazardı, Milli Məclisdə heç olmasa 20-25 % müxalifətin təmsilçiliyinə imkan yaradardı ki, qismən demokratk görünsün. Ən nüfuzlu beynəlxalq qurumlar son prezident seçkisinin 58% saxtalaşdırıldığını bəyan edib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) son 5 ildə siyasi məhbuslarla, işgəncələrlə, seçki pozuntuları ilə bağlı yüzlərlə işə baxıb və pozuntuları tanıyıb. Əksəriyyət nüfuzlu beynəlxalq qurumlar ölkəmizlə bağlı dəfələrlə kəskin qətnamələr qəbul edib, sanksiya hədələri bu gün də gündəmdədir. Əgər hökumətin demokratik görüntüyə ehtiyacı olsaydı, elə ilk növbədə 150 siyasi məhbusu azad edərdi. İlqar Məmmədov və Əli İnsanov barəsində AİHM-in qərarları icra olunardı. Sərbəst toplaşmaq azadlığının təmin edildiyini göstərmək istəsəydi, MŞ-nın başqa meydanlarda mitinq tələbinə imkan yaradardı, Müsavat partiyasına yürüş keçirməyə razı olardı. Ölkədə normal seçki keçirərdi.
Yəni bu mitinqlərin hakimiyyətə xidmət etdiyini ancaq diletant şəxslər təsəvvür edə bilər. Hakimiyyət mitinqlərdən dvident götürsəydi təşkilatçılara niyə bu qədər total basqı edirdi? Razılaşdırılan mitinqlərdə təşkilatçı olduqları üçün yüzlərlə şəxsin qondarma ittihamlarla saxlanması, inzibati həbslərə məruz qalması hüquqi sənədlərlə öz təsdiqini tapıb. Təkcə AİHM-nə bu mitinqlərlə bağlı yüzlərlə şikayət hazırlanır. Hakimiyyət beynəlxalq qurumlara necə deyəcək ki, bizdə sərbəst toplaşmaq azadlığı təmin edilir?
Hazırda məhz etiraz mitinqləri hakimiyyətin zərərinə ictimai-siyasi mühit yaradan yeganə kütləvi müstəvidir. Digər bütün müstəvilər hakimiyyətin nəzarətindədir və oyun qaydalarını ən kiçik detallarına kimi onlar müəyyən edir.
Hökumət qapalı yerdə də mitinqlərə icazə verməsə, bu, onun özünə daha çox psixoloji zərər vurar. Hətta üzvləri, tərəfdarları və dəstəkçiləri də anlayar ki, iqtidar çox zəifləyib və müxalifətdən çox çəkinir. Mitinqlərə razılıq versədə çalışır ki aksiyaya qatılanlara maksimum əngəl yaratsın. Aksiyalar kütləvi olmasın. 40-50 adamın icazəsiz aksiyasını özü üçün təhlükəli görsə, ona da müdaxilə edir, təhlükəli saymırsa, etinasız yanaşır.
Odur ki ən yüksək tribunalardan səslənən “biz sərbəst toplaşmaq azadlığını təmin edirik” bəyanatları daxili auditoriyada müxalifətə müxalifətçilik edənlər üçün düşünülmüş tezisdir. Yəni müəyyən qrupa verilmiş mesajdır ki, siz aksiyaların hakimiyyətin marağında olduğunun davamlı təbliğatını aparın. Nə qədər insanı buna inandıra bilsəniz, bir o qədər yaxşı olar. “Biz sərbəst toplaşmaq azadlığını təmin edirik” tezisləri o zaman beynəlxalq aləmdə qəbul ediləcək ki müstəqil şəxslər, müxalif qurumlar açıq bəyan etsin ki “ölkədə sərbəst toplaşmaq azadlığı” təmin edilir. Əks halda heç bir müsbət effektindən söhbət belə gedə bilməz. Kim buna özünü inandırırsa, tamamilə yanılır. Beynəlxalq qurumların nə düşündüyünü, qənaətini şəxsi təmaslardan çox dəqiq bilirəm.
4. Etirazçıların sayı qənaətbəxş oldumu?
Mitinqlərdə iştirak sayını indiki siyasi reallıqlarda xüsusi əhəmiyyətli saymasam da bir məqama diqqət çəkməliyəm. Hökumətə yaxın olan bütün dairələrdə mitinqə 500-600 arası etirazçının gələcəyi proqnoz edilirdi. Təşkilatçılar təqribən 15 min şəxsin iştirakını ehtimal edirdi. Mən də daxil olmaqla digər müstəqil müşahidəçilər isə 5-6 min nəfərin iştirak edə biləcəyini təxmin edirdik.
Mitinqlərdə iştirak sayı hər üç tərəfi yanıltdı. İqtidar əlindəki bütün təzyiq riçaqlarını istifadə etsədə, ən çox onun proqnozu doğrulmadı. Müxalifət və müstəqil müşahidəçilər də yanıldı. Bu say məsələsini lüzumsuz yerə monipulyasiya edən şəxsələr özləri necə düşünürmüş, bu mitinqlərə nə qədər etirazçı gələcəyini təxmin edirmişlər? Əlbətdəki heç kim səmimi cavab verməyəcək. Bu gün qəbul etsək də, etməsək də müxalifət düşərgəsində kütləvi etirazları MŞ-dan başqa təşkil edəcək siyasi qurum hələlik yoxdur. Kütləvi aksiyaların nə qədər ciddi əhəmiyyəti olduğunu isə yaxın tarix mütləq sübut edəcək. Əlbətdə əgər aksiyalara 25-30 min insan qatılsaydı, bu, daha aydın siyasi mühit doğurardı. Hələlik buna nail olunmaması reallığı var. Əminəm ki MŞ-nın israrla və çətinliklərlə başladığı bu tendensiya ölkənin bir çox ictimai-siyasi qurumlarına da təkan verəcək, onları da kütləvi aksiyalara həvəsləndirəcək. MŞ prosesi düzgün analiz edib, qərarlar qəbul edərsə, yaxın gələcəkdə bu artım açıq görünəcək.
5. Rusiyalı bloger Aleksey Navalnının hərəkatı ölkəmizin müxalifətinə ilham veribmi?
Azərbaycandakı mövcud siyasi durumu nəinki demokratik qərb ölkələri ilə, hətta heç Rusiya və digər qeyri-azad MDB ölkələri ilə də müqayisə etmək mümkün deyil. Bu gün Rusiya cəmiyyətinin və hakimiyyətinin siyasi, söz və ifadə azadlıqlarına münasibəti bizim hökumətin münasibətindən qat-qat yumşaqdır. Orada vətəndaş cəmiyyətinin də, siyasi qurumların da fəaliyyət imkanları ölkəmizdən irəlidədir. Ölkəmizin ən sərt idarəetməyə məruz qalması acı gerçəklikdir. Yerləşdiyimiz coğrafiyada ən çox siyasi məhbusu olan dövlətik. Bunları deməkdə məqsədim, həqiqətən də ölkəmizdəki siyasi idarəetmənin anoloqu olmadığına diqqət çəkməkdir. Ölkəmizin ciddi siyasi qurumları və bu gerçəklərlə fəaliyyət göstərməyə məhkum edilmiş siyasətçiləri kənar prosesləri izləsələr də, ondan təsirləndiklərini zənn etmirəm. Əlbətdə hər müsbət nümunədən öyrəniləcək təcrübələr də var. Azərbaycanda azadlıqların durumu çox ağırdır və getdikcə də pisləşir. Ölkəmizin ciddi siyasətçilərinin buna uyğun ayaqda olması, xalqı etirazlara səsləməsi artıq zamanın tələbinə çevrilib. Ölkəmizdə heç kimin Aleksey Navanının əldə etdiyi effektdən təsirləndiyini və ona uyğun siyasət apardığını müşahidə etmirəm. Bu gün ayaqda olan ciddi siyasətçilər elə 25 ildir ardıcıl bu istiqamətdə çalışırlar. İndi onların hansısa kənar təsirə düşdüklərini söyləmək siyasi prosesləri dərindən izləməyən şəxslərin fikri ola bilər.
Oxunub: 446