Vəkil Elçin Sadıqovun yaydığı məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin sədrliyi ilə Ülvü Həsənlinin qanunsuz həbs edilməsi və ona qarşı qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalması, fiziki zor tətbiq edilməklə məcburi hərbi xidmətə məcbur edilməsi ilə bağlı Bakı Hərbi Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərtarından verdiyimiz apellyasiya şikayətinə baxılıb. Məhkəmə əvvəlcə Ülvi Həsənlinin məhkəməyə gətirilməsi üçün məktub göndərdiyini bildirsə də, onun iştirakını təmin etməyib. Vəkil deyir ki, Ülvi Həsənovun iştirakını tələb etsək də məhkəmə onun iştirakının təmin olunması barədə vəsatətimizi təmin etmədi. Daha sonra aşağıdakı vəsatətlər qaldırılıb:
1. Ərizəçinin canlı şəxsin məhkəmə-tibb ekspertizasından keçirilməsi və ekspertiza qarşısında aşağıdakı sualların qoyulması barədə qərar qəbul edəsiniz:
Ərizəçi hərbi xidmətə yararlıdırmı?
Ərizəçinin bədənində xəsarət izləri varmı?
Ərizəçinin bədənində xəsarət izləri varsa, nə zaman və hansı səbəbdən yaranıb?
2. Ərizəçi 2017-ci ilin oktyabrın əvvəllərində hərbi həkim komissiyasından keçib və böyrəyində 3 daş olduğundan hərbi xidmətə yararsız olduğu bəlli olub. Xahiş edirik ki, həmin müayinə sənədlərinin məhkəməyə təqdim edilməsi və həmin həkimlərin şahid qismində məhkəmədə dindirilməsi barədə qərar qəbul edəsiniz.
3. 2017-ci ilin oktyabrın əvvəlində Ərizəçiyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şöbəsindən Ərizəçiyə bildiriblər ki, ondan şikayət olunub və yenidən müayinədən keçməlidir. Xahiş edirik ki, Gəncə şöbəsindən həmin şikayətin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edəsiniz.
4. 26 oktyabr 2017-ci il tarixdə saat 12-də Abdullayev adına Elmi-Təhqiqat Kardioloji İnstitutuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şöbəsinin rəisi gələrək onu MN-nin Hərbi Polisinə getməli olduğunu bildirib və Ərizəçinin orada faktiki olaraq azadlığını məhdudlaşdırmaqla, həbs etməklə hərbi polisin gəlməsini gözlətdiriblər. 20-30 dəqiqə gözlətdirildikdən sonra hərbi polisdən üç nəfər hərbiçi Ərizəçinin yanına gəlib və onun qollarını tutaraq fiziki zor tətbiq etməklə Hərbi Polisin inzibati binasına aparıblar. Xahiş edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şöbəsinin rəisinin və həmin 3 nəfər hərbiçinin məhkəmədə şahid qismində dindirilməsi barədə qərar qəbul edəsiniz.
5. 26 oktyabr 2017-ci il tarixdə Ərizəçini Hərbi Polisin inzibati binasına gətiriblər. Xahiş edirik ki, Hərbi Polisin inzibati binasında yerləşdirilən müşahidə və təhlükəsizlik kameralarındakı 26 oktyabr 2017-ci il saat 12-dən axşam saat 19-a kimi olan təhlükəsizlik və müşahidə kameralarındakı video görüntülərin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edəsiniz.
6. Ərizəçi Hərbi Polis idarəsindən Bərdədə yerləşən hərbi korpusa aparılıb. Xahiş edirik ki, sözü gedən hərbi korpsun təhlükəsizlik və müşahidə kameralarındakı 26 oktyabr 2017-ci il saat 16-dan 22-yə aid görüntülərin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edəsiniz.
7. Ərizəçinin şəxsi işinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şöbəsindən və N (hərbi hissənin dəqiq nömrəsi vəsatətdə yazılıb) saylı Hərbi Hissədən alınaraq məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edəsiniz.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib və Bakı Hərbi Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarını dəyişdirmədən qüvvəsində saxlanılıb. Vəkil baş vermiş bu qanunsuzluqlarla bağlı Avropa İnsan hüquqları Məhkəməsinə şikayət göndərəcəklərini söyləyib.
Vəkil daha sonra əlavə edib ki, baş vermiş qanunsuzluqlarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Hərbi Polisin əməllərinin araşdırılması üçün AR Baş Prokuroruna və AR Hərbi Prokuroruna şikayətlər etsələr də, bu günə qədər araşdırma başalanılmayıb.
Azadliq.info
Oxunub: 150