2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələr və həyata keçirilən həbslərlə bağlı daha bir məhkəmə yekunlaşır. Söhbət uzun illər MTN-in Antiterror Mərkəzinin rəhbəri olmuş, general Elçin Quliyev və onun tabeliyində işləmiş Azər Mehdiyevin mühakiməsindən gedir.
Onların işinə aylardır ki, Bakı Hərbi Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Noyabrın 13-də keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub, ardınca prokuror çıxış edib.
Prokuror deyib ki, E.Quliyev və A.Mehdiyevə verilən ittihamlar məhkəmədə zərərçəkmiş, şahid ifadələri və digər sübutlarla təsdiqini tapıb. Dövlət ittihamçısı E.Quliyevin 15, A.Mehdiyevin isə 13 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin təklif edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirəsi haqda qərar çıxarılsın. Bundan başqa, E.Quliyevdən general, A.Mehdiyevdən isə polkovnik rütbəsinin alınması üçün uyğun dövlət orqanlarına təqdimat göndərilsin.
Noyabrın 24-də keçiriləcək növbəti məhkəmə iclasında zərərçəkmiş qismində tanınanlar, ardınca da vəkillər çıxış edəcək.
Oxunub: 216