Azərbaycan, İran və Əlcəzairin milli neft şirkətləri “Lukoil” şirkətinin İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışına maraq göstərir.
Bu barədə “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.
“Söhbət ilk növbədə İrandan, Əlcəzairdən gedir. Məndə olan məlumata əsasən, SOCAR da zavoda maraq göstərir”, – deyə V. Ələkbərov qeyd edib.
Bu xəbər bir daha onu sübut edir ki, SOCAR ağır maliyyə vəziyyətində olmasına baxmayaraq beynəlxalq bazardakı avantüralarını davam etdirir. Lap bu yaxınlarda ABŞ-ın Standard poors reytinq qiymətləndirmə agentliyi SOCAR-ın maliyyə vəziyyətinin pis olmasına əsaslanaraq onun kredit reytinqini mənfiyə endirmişdi. Bu isə o deməkdir ki, şirkət bundan sonra daha ağır şərtlərlə kredit götürməyə məcbur olacaq. İtaliyada SOCAR-ın zavod almaq eşqinə düşməsi faktı Azərbaycan iqtisadiyyatına yükə çevrilməkdə olan şirkətin arxasında duranları bir daha narahat etmədiyini göstərir. Günün birində bu şirkətin borclarının Beynəlxalq Bank məsələsində olduğu kimi Azərbaycan xalqının üzərinə qoyulacağı bizdə şübhə doğurmur. Yeri gəlmişkən, bildirmək lazımdır ki, SOCAR-ın borcu artıq 7 milyard dollara çatıb.
Oxunub: 152