Şair Fikrət Qocanın oğlu Yalçın Qocayevin ölümündə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elnur Nəhmədovun 19 il, Ruslan Məmmədovun 4 il, Pərviz Hüseynovun isə 3 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Mərhum Yalçın Qocayevin oğlu Əli Qocayev prosesdə bildirib ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil.
Yalçın Qocayev bu il martın 11-i saat 2 radələrində öldürülüb. Daxili İşlər Nazirliyinin martın 14-də yaydığı məlumatda deyilir ki, hadisə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında baş verib. Yalçın Qocayevlə tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovin arasında mübahisə düşüb. Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə zərbə yetirilib və o, hadisə yerində ölüb. İstintaq onu Elnur Nəhmədovun döyüb öldürdüyünü bildirir.
Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədov hadisədən dərhal sonra tutulublar.
Oxunub: 288