Noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılmaması haqda Nəsimi Rayon Məhkəməsinin qərarını qanuni sayıb. Bunu G.Bayramlının vəkillərindən biri Zibeydə Sadıqova bildirib.
Vəki deyib ki, noyabrın 7-də Nəsimi Rayon Məhkəməsi G.Bayramlının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətini rədd edib. Bakı Apellyasiya Məhkəməsi də həmin qərardan verilmiş şikayətə baxıb.
Məhkəmə şikayətin əsassız olduğu qənaətinə gələrək rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Z.Sadıqova qərardan Avropa Məhkəməsinə şikayət ediləcəyini bildirib.
G.Bayramlının ev dustaqlığına buraxılmasından üçüncü dəfədir ki, imtina edilir.
Xatırladaq ki, AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb. Mayın 26-da Səbayel Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyalarının arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.
G.Bayramlının istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. İstintaq artıq bitib. Vəkillər cinayət işinin materialları ilə tanış olur.
Oxunub: 142