Bakının Bayıl qəsəbəsində yerləşən Dövlət Bayrağı Meydanına avqust ayından bəri texniki baxış keçirilir. Bu səbəbdən meydandakı bayraq çıxarılıb. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi bəyan edib ki, kompleksdə qəzalı vəziyyət yoxdur.
Dövlət Bayrağı Meydanı 2010-cu il sentyabrın 1-də açılıb. Layihəni ABŞ-ın “Trident Support” şirkəti hazırlayıb, tikintini Azərbaycanın “Azenko” şirkəti aparıb.
Ümumi ərazisi 60 hektar olan meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, çəkisi təqribən 350 kiloqramdır.
2010-cu ildə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılıb. 2016-cı ildə həmin qurum Dənizkənarı Bulvar İdarəsinə birləşdirilib.
Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Novator.az-a deyib ki, Dövlət Bayrağı Meydanına texniki baxış hələ davam edir və bu, uzun sürən prosesdir: “Kompleks böyük qurğudur. Görünən hündürlükdən əlavə aşağı hissə də var və oraya da baxış keçirilir. Nəticə haqda məlumat vermək üçün isə yenilik yoxdur”.
Şöbə müdiri bildirib ki(novator.az), kompleksdə indiyə qədər hər hansı problem aşkarlanmayıb: “Əgər işin gedişatında belə bir hala rast gəlinərsə, mövcud vəziyyət barədə ictimaiyyətə məlumat veriləcək”.
Nazim Məcidov texniki baxışın nə zaman yekunlaşacağı və bayrağın yerinə haçan qaytarılacağı barədə məlumatı olmadığını söyləyib. O bildirib ki, təlimata uyğun olaraq Dövlət Bayrağı Meydanına ildə bir dəfə texniki baxış keçirilir, əsaslı texniki baxış isə ilk dəfədir reallaşdırılır.
Əsaslı texniki baxışa zərurətin nədən yarandığına gəlincə, Nazim Məcidov qeyd edib ki, bu da təlimata uyğundur: “Hər bir işlək mexanizm müəyyən müddətdən bir yoxlanmalıdır. Bu qurğunun da əsaslı baxışı indiki müddətə təsadüf edib”.
Şöbə müdirinin sözlərinə görə, əsaslı texniki baxışda yerli və xarici şirkətlərin nümayəndələri iştirak edirlər.
Oxunub: 692