“Dünən Azərbaycanda yeni televiziya kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə elanı verilib. Şuranın budəfəki elanı ənənəvi televiziya kanalı formatında yox, sırf yeni konsepsiya ilə fəaliyyət göstərəcək kanalın yaradılmasından xəbər verir.
Əldə etdiyimiz məlumata görə, söhbət dünyada artıq çoxdan mövcud olan, özünü doğrultmuş bir layihənin ölkədə tətbiqindən gedir. Belə ki, dünyada fəaliyyət göstərən Euronews, CNN, BBC, NTV, Rossiya24, Əl Cəzirə kimi sırf xəbər kanallarının milli versiyasının yaradılması nəzərdə tutulub.
Bununla da, həmin xəbər TV-si vasitəsilə Azərbaycan dünya informasiya mübarizəsinə qoşulmuş olacaq”. “Qafqazinfo”
Xəbərlə tanışlıq çox qarışıq hisslər doğurur.Teleməhsul istehsalının çox aşağı səviyyədə olduğu ölkədə belə ideyanı yalnız növbəti avantüra hesab etmək olar. Bu ideyanın arxasında həmişə olduğu kimi sırf maddi maraqların da mövcudluğu şübhə doğurmamalıdır. Bu təşəbbüslə çıxış edənlər üçün yeni layihənin köməyi ilə xeyli maliyyə vəsaitini mənimsəmək fikrində olmaları ölkədə mövcud ənənələrin ruhuna tamamulı uyğundur.
Hakimiyyətin teleməkandan yalnız ucuz təbliğat vasitəsi kimi istifadə etdiyi şəraitdə peşəkar telejurnalistikadan danışmaq üçün bir nümunə belə tapmaq mümkün deyilsə, ciddi bir xəbər kanalını yaratmaqdan danışmaq bu işin fəlsəfəsi baxımından həqiqətın də avantüradır. Milyonlarla manatın ucuz bir avantüraya xərclənəcəyi böyük təəssüf doğurur.
Oxunub: 706