Hacı Məmmədov və İlqar Əliyev kimi adamların həbsxanada intiharının (və ya intihara sövq edilməsinin) cəmiyyəti narahat etməməsi qismən başa düşüləndir. Bu şəxslər çox ağır cinayətlər törətmişdilər və törətdikləri cinayətlərlə özlərinə ümumxalq nifrəti qazanmışdılar. Ona görə də belələrinin həbsdəykən ölməsi nəinki etiraz doğurmur, əksinə xeyli adam bu ölümləri hətta ilahi ədalətin təntənəsi kimi qiymətləndirir. Rejim də məhz ictimai rəydəki bu ovqatdan güc alıb həbsxanalarda ölüm maşını formalaşdırır.
Bizlər – ölkəmizdə hüquqi dövlət qurulmasını istəyənlər isə həbs yerlərindəki bu silsilə “intiharlara” başqa bucaqdan da baxmağı bacarmalıyıq. Baş verənləri sorğulamalıyıq. Hakimiyyətə suallar verməliyik.
Ölkəmizdə ölüm hökmü bərpa olunub? Axır vaxtlar həbsxanalarda tez-tez baş verən intiharlar, sonu ölümlə bitən “istintaq hərəkətləri” ölüm hökmünə bənzəmirmi? Nəyə görə Azərbaycan həbsxanalarında cəza çəkən məhbuslar belə tez-tez intihar etmək fikrinə düşür? Nəyə görə bizim həbsxanalarda məhbusların intiharı üçün bütün şərait yaradılır? Nəyə görə intihar edənlər əsasən mühüm sirr daşıyıcıları olur? Mühüm sirr daşıyıcıları olan cinayətkarların intihar etməsi və ya intihara sövq edilməsi daha böyük cinayətlərin izlərini itirməyə xidmət etmir ki?
Cəmiyyətə isə demək istəyirəm ki, həbsxanalarda “intihar edənlər” təkcə hacı məmmədovlar olmur. Mehman Qələndərov kimi mübariz insan da həbsxanada intihar etmiş sayılır. Çətini cəmiyyətin bu “intiharlara” alışmasına qədərdir. Cəmiyyət alışdıqca, intiharları sorğulamadıqca “intihar maşını” pozitiv adamları da yeyə biləcək. Bu lənətə gəlmiş ölüm maşınını durdurmalıyıq. Həm də hər yerdə – orduda, səhiyyədə, istintaqda, cəzaçəkmə müəssisəsində. Azərbaycan vətəndaşları belə mənasız ölümlərdən xilas olmalıdır. Və heç kim deməsin ki, “mənə nə?”. Təcrübə göstərir ki, pis idarəetmənin qurbanları arasında rejimin siyasi rəqibləri, hətta öz təmsilçiləri olsa da, qurbanların əksər hissəsi təsadüfi adamlar olur. Belə rejimlərdə “qurban olmaqdan” heç kim sığortalanmayıb. Sıra sənə çatmamış səsini ucalt, etiraz et.
Oxunub: 1614