Aralarında “Müsəlman Birliyi” Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımovun da olduğu 12 nəfərə prokuror ümumilikdə 166 il həbs cəzası istəyib.
Şərti olaraq, “Nardaran işi-2” adlandırılan bu məhkəmə prosesi 2017-ci ilin yanvarından başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Dekabrın 15-də məhkəmədə prokuror çıxış edib. Deyib ki, təqsirləndirilən şəxslərə elan olunmuş ittihamlar məhkəmədə sübuta yetirilib. İttihama görə, onlar Azərbaycanda dövlət çevrilişinə cəhd ediblər, silah-sursat saxlayıblar.
Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilən şəxslərdən Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 16 il, Nahid Qəhrəmanov, Ramil Əliyev, Elgün Axundov və İsa İbrahimovun hərəsinə 14 il, qalan 6 nəfərə – Vüsal Alışlı, Fərhad Muradov, Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahmazov və Əmirəli Əliyevə isə 13 il həbs cəzası verilməsini təklif edib.
Məhkəmə dekabrın 22-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək (azadliq.org).
Oxunub: 500