Hikmət Nikbin
Bu bir həqiqətdir ki, mütərəqqi cəmiyyətlərdə hakimiyyət siyasi baxımdan uzun ömürlülüyünü təmin etmək üçün Xalqla “birgə” olmaq niyyətini ortaya qoyur. Qeyri mütərəqqi cəmiyyətlərdə isə əbədi hakimiyyət üçün Xalqa “qarşı” olmaq mübarizəsi aparılır. Təbii, bu yanaşma insanlarda iqtidarın idarəçiliyinə inamsızlıq yaradır.
Bizim Ölkə ikinciyə aiddir. Məhz bu baxımdan sirr deyil ki, bu gün cəmiyyətdə hakimiyyətlə Azərbaycan xalqı arasında “təhlükəli” münasibətlərin boy atdığını görürük. Hər an toqquşma labüdlüyünün acısını yaşamaq zorunda qala bilərik. İdarəçiliyin ən düzgün qərarı namizədsiz Prezident Seçgisinə qatılmaqdır. Əks halda, Respublika hüdudları boyunda insanların dövlət binalarına “yürüşünün” şahidi olacağıq. Təbii, bu “yürüşlər” baxmayaraq ki, ölkənin sabahı üçün yaxşı nə isə vəd eləmir. Məni bir bəhanəylə, məsələn, insanları iqtidara qarşı təhrik etmə maddəsiylə cəzalandıra bilərsiz, ancaq, bu, bir həqiqətdir ki, bu gün bu komandanı təbliğ və ya bu komandanın tərəfində durmaq sadə insanlara “qeyz” gətirməkdədir. Axı Qanunu və Konstitusiyası olmayan ölkədə bu “qeyzin” nə ilə bitə biləcəyi sizə aydın olmalıdır.
Bir həqiqəti başa düşün, özünüzü təbliğ ziyanınızdan başqa zərrəcə xeyirinizə işləmir. Bu təriflər Azərbaycan ictimaiyyətini daha da darıxdırır. Çünki, siyasi baxımdan “buz” əriyir. İdarəçilik olaraq gərəksizliyiniz, əhəmiyyətsizliyiniz üzə çıxır. Hakimiyyətinizi qorumaq uğrunda apardığınız çabalar mənasızlaşır. Dediyim kimi, artıq, keçmişsiz. Keçmiş olmağınızla barışın ! Axı bütün hakimiyyətlər üçün keçmiş var. Niyə bunu həzm edə bilməyəsiniz ?
Düşünün, heç olmasa, hamımızın vətəni olan Azərbaycanımız naminə onu Suriyaya çevirmən ! Xalq haqlı olaraq sizin idarəsizliyinizə dözümsüzdür. Bilin, daha dözümlü Xalqdan əsər-əlamət qalmayıb. Başqa cür düşünürsünüzsə yanılırsız. Siz iqtidara gələndə dünyada azadlıq anlayışı kimi, hüquq anlayışı kimi müqəddəs sözlər vardı. Siz bu müqəddəs anlayışları Azərbaycan cəmiyyətindən gizlətdiniz. Birdəfəlik bu anlayışların axırına çıxdınız. Ölkəni ötən əsrlərə qaytardınız. Hələ də Xalq ötən əsrlərin bataqlığında batmamaq mübarizəsini aparır. Başa düşün, sizin bu günki idarəçiliyiniz təbiəti etibarı ilə hakimiyyətə oxşamır. Məmurlar öz şəxslərində məmurluqdan çox uzaqdırlar. Yəni, İdarəçilik daha çox bizness, sahibkar fəaliyyətlidir.
Primitivliyiniz nəticəsində Azərbaycan ictimaiyyətinin nəinki hüquq və azadlığını, normalda, yaşamaq haqqını da məhdudlaşdırmısınız. Ölkə sosial, hüququ, siyasi, eləcə də iqtisadi xarakterliliyindən qopub. Cəmiyyət düşüncə dayazlığınızda nəfəssiz hala çatıb. Dəhşətə baxın, nə qədər bəsit bir mübarizə, Parlament üzvləri, politoloqlar Azərbaycan xalqına Beynəlxalq təşkilatları, mütərəqqi dövlətləri təhlükə mənbəyi kimi göstərir. Beynəlxalq təşkilatları, mütərəqqi cəmiyyətləri Xalqa “xortdan” gözündə göstərmək sabahınızın siyasi baxımdan xilası deyil.
Məntiqli danışa bilmirsinizsə heç olmasa susun. Bəzən susmuşlar da “ möhtəşəm” görünür axı. Sanki, Azərbaycan məhkəmələri yalnız hökm oxumaq üçündür. “Tutub” içəri “atmaq” üçündür. Əslində, hər bir kəsin başa düşəcəyi tərzdə ifadə etcək, məhkəmələr cəmiyyətlə hakimiyyət arasında tərəfsizliyi təmin etmək üçündür. Sadə vətəndaşlarla məmurları hüquqi baxımdan bərabərləşdirmək üçündür. Artıq, bunu da bildik, Ölkədə hüquqi baxımdan bərabərliyimiz niyə pozulub .
Oxunub: 210