İzolda Ağayeva
Bu gün Əfqan Muxtarlının məhkəməsinə getmişdik. Başına gələn faciədən sonra ilk məhkəmə prosesi idi bu.
Nə yalan deyim, bütün yolboyu qarşımda tamailə çökmüş, məhv olmuş bir Əfqan görəcəyimi gözləyir və düzü, buna görə çox qorxurdum. Amma yanılmışdım. Çünki gördüyüm Əfqan tamamilə başqa idi. Daha 5 gün əvvəl 3 əzizini (bilənlər bilir, dekabrın 31-də Əfqan Muxtarlının bacısı, bacısının və qardaşının uşağı evlərində ölü tapıldı. İlkin ehtimal qazdan boğulmadır) torpağa verən –daha doğrusu, torpağa belə verə bilməyən və bunun acısını da dərdinə qatmış Əfqan çox məğrur görünürdü. Hətta onu görən kimi, qeyri-ixtiyari, gözünün qarasını selləmə edən mənə belə, gülümsəyib, “Hər şey yaxşı olacaq” deyəcək qədər məğrur idi Əfqan. Bütün məhkəməboyu dəmir barmaqlıqlar arasında o baş bu başa var- gəl edən, ara-sıra “zərərçəkən” və prokurora “tərif” yağdıran, üstəlik, dostların dediyinə görə, daha əvvəlki proseslərdəki “tərif”lərin ən yumşaqını deyən Əfqan başına gələn faciəyə rəğmən, bütün prosesboyu o məğrurluğunu itirmədi. Çünki çox yaxşı bilirdi ki, geridə qalanlar və qarşısında olanlar üçün məğrur olmaqdan, dik durmaqdan başqa yolu yoxdur. Çünki arxasında bütün ümidlərini ona bağlamış doğmaları, qarşısında isə onu şərləyən və ən əzizlərini torpağa verməsinə belə, imkan verməyənlər var idi. Bu gün Əfqanın ev dustaqlığına buraxılması ilə bağlı vəkil əsaslı vəsatət qaldırdı. Bəlkə bir saatlığına “yoxa çıxan” hakim gəlib, “Təmin olunmasın” dedi. Mən içində yaşadığımız bu sistemin mahiyyəti haqda uzun-uzadı heç nə yazmayacam. Bu sistemin humanizmdən nə qədər kasad olduğu çoxumuza bəllidir. Təəccüblənmirik. Gözləniləni etdilər.
Təsəvvür etmək belə ağırdir ki, ən yaxınlarını itirəsən və onlarla vidalaşma şansını belə, əlindən alalar. Üstəlik, biləsən ki, sən sadəcə şərləndiyin üçün onları toprağa verə bilmədin. Sadəcə şərləndiyin üçün onların məzarıüstə gedə bilmirsən. Və bütün bunlara rəğmən, gülümsəyə, dostlarına “hər şey yaxşı olacaq” deyə və səni şərləyənlərin qarşısında bu qədər əzəmətli dayana biləsən. Əfqan gerçəkdən də, təkcə fiziki ölçüləri ilə yox, qəlbi ilə də böyük, möhtəşəm adamdır. Bu boyda nəhəng faciənin içində qovrulub, bu qədər dəyanətli görünmək hər kəsin daşıya biləcəyi yük deyil. Əslində, ona baxanda, o gülümsəmənin altındakı acısının tutduğu dəmir barmaqlıqları yerindən çıxara biləcək qədər güclü olduğunu duyurdum. Prosesin sonunda polislər qatı cinayətkarı aparırmış kimi, onu çevrəyə alıb, zaldan çıxarmağa çalışanda, birtəhər fürsət tapıb, əlini tuta bildim Əfqanın. Və o an-sözün əsl mənasında Əfqan əlimi sıxanda, hiss elədim. O an qəlbinin nə qədər yandığını dəqiq hiss elədim. Hiss elədim ki, əslində, onun içindəki acı ilə nəhəng bir şəhərin insanları tamamən məhv ola bilər…
P.S. Əfqan gerçəkdən mübarizə adamıdır. Dəyərləri, doğru bildikləri uğruna mübarizə aparmağı bacaran adamdır Əfqan. Və mən bu möhtəşəm insanla eyni dəyərləri paylaşdığım üçün fəxr edirəm.
P.P.S. Bu yazını yazmağıma vəsilə olan Aytaca sonsuz təşəkkürlər. İçini təmizləmək həmişə yaxşıdır.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb
Oxunub: 546