1989-cu ildə İslam Respublikasının banisi ayətüllah Ruhollah Khomeini-nin ölümündən bir neçə gün sonra Üləmalar Şürasının təcili və qapalı iclasında orta ranqlı ayətüllah Ali Khamenei gözlənilmədən ali rəhbər seçilmişdi.
İndi isə həmin o gizli iclasın videosu ilk dəfədir ki, işıq üzü görüb. İnternetə sızdırılmış bu videodan görünür ki, o vaxt Khamenei-yə yalnız bir il müddətində keçid rəhbəri rolu verilibmiş. Bu videoda indiki ali rəhbər həm də belə bir vəzifəyə hazır olmadığını dilə gətirir. O hətta deyibmiş ki, onun təyinatı Konstitusiyaya ziddir.
Yanvarın 8-də ilk dəfə internetdə görünən bu video Khamenei-nin heç də təkcə ölkənin ən qüdrətli postuna yüksəlişinin başlanğıcını göstərmir, həm də onun hazırkı liderliyinin legitimliyini sual altına alır.
Bu yaxınlarda bütün İranı bürümüş antihökumət etirazlarında Khamenei əleyhinə şüarlar səslənən iki siyasətçidən biri idi. Bir çox nümayişlərdə adamlar “Diktatora ölüm”, “Khamenei, getmək vaxtıdır”, “Seyid Əli, bu ölkənin yaxasından əl çək” kimi şüarları çığırırdılar.
Khamenei videosunu ilk dəfə paylaşan jurnalist Shahed Alavi ABŞ-da yaşayır. O AzadlıqRadiosunun farsdilli Farda redaksiyasına müsahibəsində deyib ki, bu videosüjet antihökumət hisslərini qızışdırmalı və ali rəhbərin hakimiyyətini sual altında qoymalı idi.
Alavi deyib: “Adamların zəif liderlikdə günahlandırdıqları və istefaya getməsini tələb etdikləri bir şəxs bu videoda öz dili ilə deyir ki, onun liderliyi milləti qan ağlatmalı idi”.
Əlbəttə, Alavi Khamenei-in dediyini jurnalistsayağı bir qədər interpretasiya edib. Həmin videoda Khamenei təyinatından əvvəl deyir: “Biz, mənim namizədliyimi verməyə məcbur olmuş islami cəmiyyətimiz üçün qanlı göz yaşları axıtmalıyıq”.
Alavi bu videonun onda hardan olduğunu deməyib, eləcə bildirib ki, onu İrandan göndəriblər. O əlavə edib ki, “bu, tarixi bir videodur”.
Khamenei-yə bağlı Nojavan internet saytı yanvarın 9-da Üləmalar Şurasının həmin seçimini müdafiə edən bəyanat yayıb. Bu bəyanatda deyiklir ki, şuranın qərarı “qanuni” və “düzgün” olub və “milli böhran” zamanı verilib.
“Həyati əhəmiyyət”
Beynəlxalq Böhran Qrupundan təhlilçi Naysan Rafati deyir ki, bu sızmanın vaxtı həlledici faktor kimi qiymətləndirilə bilər:
“İran hökumətinin opponentlləri çox güman ki, Khamenei-nin özünütənqidindən və onun yalnız keçid rəhbər kimi seçilməsi faktından ikiəlli yapışacaqlar. Onlar deyəcəklər ki, rejimdaxili sövdələşmələr sonunda İran üzərində hakimiyyətə özünün də bu işə yararlı olmadığını deyən şəxsi gətirib”.
İranın birinci prezidenti Abolhassan Banisadr Farda radiosuna Fransadan telefonla müsahibə verib. O deyib ki, bu video etirazçılara Khamenei-nin tənqidi üçün əsas verəcək.
Banisadr inanır ki, bu videoya yalnız ruhani rejimin rəhbərliyində olan şəxsin çıxışı ola bilərdi və videonu da xaricə o çıxarıb.
1980-1981-ci illərdə İran prezidenti olmuş Banisadr sonradan Fransaya qaçaq düşüb. Banisadr-in fikrincə bu video siyasi baxımdan rejimin öz məntiqini itirdiyini və parçalanmalardan əzab çəkdiyini göstərir:
“Bu videonun rejim üçün həyati əhəmiyyəti olub. Onlar bunu 40 il qoruyub gizli saxlayıblar. Onda bəs niyə indi sızdırıblar? Əgər daxildə parçalanma olmasaydı belə bir video necə sıza bilərdi?”
“Qurma seçim”
Sızdırılmış video niyə məhz Khamenei-in ali rəhbərliyə yüksəlməsinə aydınlıq gətirir.
Banisadr deyir ki, Khamenei-nin seçimi “qurma” bir iş idi. Onun sözlərinə görə şuranın sədri olan keçmiş prezident Akbar Hashemi Rafsanjani Khamenei-ni ona görə qabağa itələmişdi ki, onu “zəif” və asanlıqla idarə olunacaq birisi hesab edirdi.
Banisadr deyib: “Liderlik prosesi saxta olub. Bu proses xaotik olmayıb, onu düzüb-qoşublar”.
Konstitusiyaya görə ali rəhbər “marja” və ya Böyük Ayətüllah olmalı idi. Khamenei isə yalnız orta ranqlı bir ayətüllah titulu daşıyırdı.
Khamenei bu videoda bir çox məqamları etiraf edir. O şuraya müraciətində deyir ki, “konstitusiyaya görə mən bu vəzifəyə təyin edilə bilmərəm və dini baxımdan sizin bir çoxlarınız mənim sözlərimi liderin sözləri olaraq qəbul etməyəcəksiniz”.
Khamenei həm də bir il müddətinə keçid ayətüllahı olmalıydı. Bundan sonra ölkə liderliyi referendumda seçilmiş üzvlərdən ibarət şuraya transfer edilməliydi.
Bu referendum heç vaxt keçirilməyib.
Khamenei sonradan Konstitusiyaya, ona ali rəhbər kimi qalmaq imkanı verən dəyişiklik edib.
Oxunub: 1316