Bu il yanvarın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan və elmi adı olan alimlərin əməkhaqqı artımla hesablanacaq.
Bunu Trend-ə akademiyanın vitse-prezidenti İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, artım elmi adları (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək.
Hazırda alimlərin (bilavasitə ixtisası üzrə çalışan ) əməkhaqlarına elmi dərəcələrə görə 60-100 manat məbləğində əlavələrin edildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, bu ilədək əməkhaqqına elmi adlara görə əlavələr yalnız ali məktəblərdə çalışan alimlərə şamil edilirdi. “Elm haqqında” qanunun tətbiqi ilə əlaqədar isə bu əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.
Qeyd edək ki, qərara görə, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.
Oxunub: 240