“Vaxtım olanda Azərbaycan dağlarında – Şahdağda, Tufandağda xizək sürürəm”
“Həqiqətən bu məsələ ilə əlaqədar iki ölkə arasında gərginlik yaşanmışdı. Amma pozitiv formada həllini tapdı. Bu məsələ keçmişdə qaldı…”, – İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder (Phlipp Stalder) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun həbs təhlükəsi ilə üzləşərkən səfirlikdə sığınacaq tapması və ardından bu ölkəyə mühacirət etməsi haqda danışarkən belə deyib.
Səfir yanvarın 12-də öz iqamətgahında mətbuat konfransı keçirib. Tədbirin əsas məqsədi isveçrəli pianoçu Silvan Zinggin yanvarın 27-28-də Bakıda keçirəcəyi Bugi-vugi konsertlərinin təqdimatı olsa da, səfir iki ölkə arasındakı münasibətlər, İsveçrənin iqtisadi durumu, Davos Forumu, özünün Azərbaycanda boş vaxtlarda gördüyü işlər haqda da danışıb.
Bildirib ki, 48-ci dəfə keçiriləcək builki Dovos Forumunda ABŞ prezidenti Donald Trampın da iştirakı nəzərdə tutulub. Səfirin sözlərinə görə, Tramp orada yeganə dövlət başçısı olmayacaq. Azərbaycan prezident İlham Əliyev və Çinin dövlət başçısı da orada iştirak edəcək. Forum çərçivəsində Azərbaycan və İsveçrə prezidentlərinin görüşü də gözlənilir.
Azərbaycanla münasibətlərdən razılığını ifadə edən Filip Ştalder bu ölkənin mətbəxinə vurğunluğundan danışıb, boş vaxtlarında bölgələrə səyahət etdiyini deyib: “Vaxtım olanda Azərbaycan dağlarında – Şahdağda, Tufandağda xizək sürürəm”.
Azadliq.info
Oxunub: 300