Fövqəladə Hallar Nazirliyinin baş leytenantı cinayətkar dəstə yaradaraq silsilə oğurluqlar törətməkdə ittiham edilir. Artıq bununla bağlı istintaq Bakı Şəhər Prokurorluğu tərəfindən tamamlanıb və bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun icraatında məhkəmə işi başlayıb.
Oğurluq maddəsi ilə başladılan cinayət işində Nicat Əliyev, Orxan Quliyev, Təhməz Əsgərov, Rişan Bayramov, Camal Heydərov və Cavid İsazadə təqsirləndirilən şəxs qismində cəlb edilib. Eyni zamanda, oğurluq olduğunu bildiyi halda həmin məhsulları, yəni 9 kondisioneri alaraq özündə saxlayan Ağarəhim Əliyev də cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakdan istifadə etməkdə ittiham edilib. C.İsazadə və A.Əliyev barəsində başqa yerə getməmək, digər 5 şəxs barəsində həbs qərarı verilib.
1992-ci ildə Lerik rayonunda anadan olan N.Əliyev bu cinayətləri törədərkən Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətində Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə inspektor vəzifəsində işləyib və baş leytenant rütbəsi daşıyıb.
Dəstənin silsilə cinayətlərinin üstü isə Səbail rayonu, Badamdar qəsəbə sakini Əbdüləzim Mustafayevin şikayətindən sonra açılıb. Onun obyektindən 9000 manat olan 9 ədəd «Bosch» markalı kondisionerlər və digər müxtəlif məişət cihazları oğurlanıb. Dəstə üzvləri cinayətlərin əksəriyyətini eyni qəsəbədə həyata keçiriblər. Zərərçəkmişlərin də bəziləri vəzifə sahibi olub.
Belə ki, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanan Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz baş gömrük idarəsinin Fəaliyyətin qiymətləndirilməsi bölməsinin rəisi vəzifəsində işləyir. Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlayan Mərahim Ələkbərov isə “Azəravtoyol” ASC-də Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis vəzifəsində işləyir. Evindən 2500 manat dəyərində məişət avadanlıqları oğurlanan Mübaris Qəhrəmanov da “Tirmə” firmasında direktor vəzifəsində işləyir. Heydər Əliyev adına liseydə ingilis dili müəlliməsi işləyiən Ayna Sadıqovanın evindən 21343 manatlıq qızıl və brilyant qaşlar oğurlanıb. “AG” bank ASC-də kommunikasiya böyük mühəndisi Azad Əliyevə məxsus evdən 12 min manatlıq qızıl-zinyət əşyaları da onların “yem”inə çevrilib.
Dəstə üzvləri bundan başqa, Əfqan İbrahimova məxsus fərdi evdən 700 manat dəyərində «HP» markalı noutbuk və ümumi dəyəri 2000 manat olan qızıl, “Dell” markalı noutbook, 100 ABŞ dolları, 100 manat, İsmayıl Dağıstanlıya məxus evdən 360 manat dəyərində 3 ədəd suvenir, Abbasqulu Tağıyevə məxsus evdən 2800 manat nəğd pul, bir ədəd qızıl saat və bir ədəd brilliant qaşlı üzük, Şahmar Bağırova məxsus evdən 750 manat dəyərində «ASUS» markalı noutbuk və içərisində 300 manat pul olan daxılı, Rəşad Əkbərova məxsus evdən 2 ədəd qızıl sep və 25 manat pulun oğurlamaqda təqsirləndirilirlər.
FHN əməkdaşı Nicat Əliyev ittiham olunduğu epizodlar üzrə ifadə verərək cinayətləri etiraf etsə də, oğurladıqları pulun miqdarı və əşyaların dəyəri ilə razılaşmayıb. O bildirib ki, gömrükçü Vüqar Əliyevin mənzilinə evin arxasından, hasarın daha alçaq yerindən Camalla birlikdə girib, Orxan isə pusquda dayanıb: “O evdən bijuteriya və 200 manat götürdük. Ayna Sadıqovanın evindən oğurluq etmək mənim, Orxanın və Camalın ortaq fikri idi. Burda da eyni qaydada hərəkət etdik, Orxan vintaçanla pəncərəni açdı, evə girdik. Ordan qızılları götürüb səhərisi gün “Moskva Univermağı”nda 3-4 min manata satdıq. O qızılların dəyəri 21 min deyildi. Azad Əliyevin evində isə Rişan və Təhməzlə girdim, ordan götürdüyümüz qızıllar da 12 minlik olmazdı. Mərahim Ələkbərovun evinə Orxanla girdim, onun ailəsindən Aidəni əvvəldən tanıyırdım. Ordan cəmi 250 manat götürdük, o evdə ümumiyyətlə qızıl yox idi”.
N.Əliyev digər epizodlarla bağlı da danışıb və bəzi hallarda qızılların dəyərinin çox aşağı olduğunu deyib.
Təqsirləndirilən şəxslərdən O.Quliyev, T.Əsgərov və C.Heydərovun himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib.
Oxunub: 782