Fevralın 10-da Bakının Bayıl yamacında yenə sürüşmə baş verib. Nəticəsində 4 ev tamamilə dağılıb, elektrik dirəkləri aşıb, dağıntılar yola tökülüb.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev jurnalistlərə deyib ki, 15 gün əvvəldən evlər boşaldıldığı üçün bu hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda ərazidə yaşayış yoxdur.
“Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su verilməsi dayandırılıb.
Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir. FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə işləyir, məsələni aydınlaşdırır.
Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”, – deyə A.Əliyev bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə APA-ya bildirib ki, Bayıl yamacında vəziyyət qorxuludur. Sürüşmə sahəsi aktiv fazadadır. Çatlarda dərinləşmə 5-6 metrə çatıb. “Hazırda Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur, hər an hansısa fəsad baş verə bilər”, – deyə o qeyd edib.
Oxunub: 1154