Kaş ki, bu yazını Məşədi Vaqifin sağlığında yazaydım. Özümü qınayıram. Ancaq gec olsa da yazmaq qərarına gəldim. AXCP Rəyasət Heyətinin üzvü, partiyamızın hər kəs tərəfindən qəbul edilən, sevilən ağsaqqalı, dünən dünyasını dəyişmiş Məşədi Vaqifin nəyə görə çox sevildiyindən yazmaq istəyirəm. Düzdür, Məşədi Vaqif hər zaman ətrafın xüsusi qayğı və hörmətilə əhatə olunub. Ancaq adamların sağlıqlarında ikən sevildiklərini və nəyə görə sevildiklərini bilmək haqqı var. Təəssüf ki, vaxtında yazmadım belə bir yazını.
Məşədi Vaqif ilk növbədə xalqına, millətinə gerçəkdən də bağlı olan bir şəxs idi. Sovet işğal rejiminə hər zaman nifrət etmişdi, Xalq Hərəkatı başlayan kimi onun ön sıralarında olmuşdu. Yerliçilik, regionçuluq və anti-regionçuluq kimi bizim millətləşməyimizə mane olan bütün bölücülüklərə qarşı idi. Çoxunuz bilirsiniz ki, regionçuluq ölkəmizdə daha çox Heydər Əliyevin siyasəti sayəsində yayılıb. Ancaq onu da yaxşı xatırlayırıq ki, vaxtilə Ayaz Mütəllibov ölkəmizə başçılıq edəndə öz aləmində guya əliyevçiliklə mübarizə aparmaq məqsədilə anti-regionçuluğu himayə edirdi. Bu məqsədlə “Qardaşlıq” adlı yarım hərbi dəstə də yaratmışdılar. Əslən Bakılı olan vətəndaşlarımızla əsasən Naxçıvan və Qərbi Azərbaycandan olan, daha sonra da ümumiyyətlə əslən rayonlardan olan vətəndaşlarımız arasında qarşıdurma yaratmaq istəyirdilər. Məqsəd bakılı-rayonlu qarşıdurması yaradıb, milli birliyin yaranmasına imkan verməmək idi. O zaman Bakı kəndlərində böyük nüfuz sahibi olan bir çox şəxsiyyətli, açıq fikirli soydaşlarımız bu qarşıdurma cəhdlərini öz avtoritetlərilə önlədilər. Rəhmətlik Məşədi Vaqif, Maştağadan Hacı Zakir, rəhmətlik Hacı Əbdül, Nardarandan rəhmətlik Hacı Cəbrəyil, Buzovnadan Hacı Əmrulla və bir çox nüfuzlu bakılılar birlikdə bu neqativ prosesi durdurdular. Allah ölənlərə rəhmər, qalanlara can sağlığı versin. Bu, millətləşmə tariximizin olduqca önəmli məqamıdır və pozitiv təcrübəni indiki və gələcək nəsillərin bilməsini istəyirəm. Məşədi Vaqifə də ən böyük nüfuzu həmin dövrdə millətimizin bütövləşməsi uğrunda apardığı fəaliyyət qazandırdı.
Məşədi Vaqif çox cəsarətli adam idi. Tam məsuliyyətlə deyirəm ki, mən bu uzun illərdə onun qorxduğunu heç vaxt görmədim. Qarabağ savaşı vaxtı Məşədi Vaqif artıq gənc deyildi, lakin fürsət düşən kimi döyüş bölgələrində olardı. Ya cəbhə bölgələrinə yeni könüllü dəstə, ya da yardım aparardı. 1992-ci il ilin martında və mayında Ayaz Mütəllibovun istefası ilə nəticələnən mitinqləri məhz Məşədi Vaqif aparmışdı. Məşədi Vaqif olduqca prinspial bir cəbhəçi idi. Bu uzun illərdə Xalq Cəbhəsindən çoxlu sayda adamları şirnikləndirib ələ ala biliblər, bu gün də hökumətin böyür-başında xeyli keçmiş cəbhəçi, hərəkatçı var. Ancaq tam məsuliyyətlə bildirirəm ki, partiyamıza hücumların heç birində heç bir iqtidar təmsilçisi cəsarət edib Məşədi Vaqifə satqınçılıq təklif etməmişdi. Hamı bilirdi ki, Məşədi Vaqifə belə təklif etmək olmaz. Belə təklif Məşədi Vaqif tərəfindən çox ağır cavabla qarşılanar. Məşədi Vaqif məhz bu keyfiyyətlərinə görə rejimin ilk hədəflərindən olmuşdu, illərlə siyasi məhbus həyatı yaşamışdı. Və tam təsadüfən onun həbsdən çıxdığı gün AXCP-nin qurultayı idi. Məşədi Vaqif həbsdən çıxıb evinə yox, birbaşa qurultaya gəlmişdi. Qurultay nümayəndələrinin Məşədi Vaqifi dəqiqələrlə ayaq üstə alqışladıqlarını yaxşı xatırlayıram.
Məşədi Vaqif olduğu hər yerdə qadınların əsas müdafiəçisi olurdu. Çox məmnunam ki, ilk günlərdən bu günə qədər Xalq Cəbhəsində ölkəmizin ləyaqətli qadınları kişilərlə birlikdə, çiyin-çiyinə mübarizə aparır. Bu qədər prinspial, savadlı, bacarıqlı, mübariz qadınların partiyamızda olması şəxsən mənim üçün qürur mənbəyidir. Partiyamızda elə bir mühit var ki, xanımların burada hər hansı himayəyə ehtiyacı da yoxdur. Ancaq Məşədi Vaqif bütün qadınların böyük dostu idi. Həm partiya daxilində, həm də bütövlükdə cəmiyyətdə. Yaşından asılı olaraq bütün qadınlara bacısı, qızı, nəvəsi kimi baxırdı. Onun hüzurunda tanıyıb-tanımamasından asılı olmayaraq kimsə bir qadınla kobud danışa bilməzdi. Qadınların demokratiya uğrunda hərəkatda kütləvi iştirakını arzulayırdı. Hər zaman vurğulayırdı ki, istənilən demokratik hərəkat o zaman qalib gələr ki, qadınlar orada kütləvi şəkildə iştirak etsinlər. Bakının köhnə kişilərindən olan Məşədi Vaqif həm də bu qədər mütərəqqi və alicənab bir insan idi.
Məşədi Vaqif dürüstlük simvolu idi. Elçibəy hökumətində Abşeron rayon icra hakimiyyəti başçısının 1-ci müavini işləmişdi. Bircə nəfər də Məşədi Vaqifin rüşvət aldığını iddia edə bilməz. Məşədi Vaqifin dürsütlüyü həm də təkcə rüşvət almaması ilə müəyyənləşmirdi. Məşədi Vaqif danışığında, əməlində, yaşamında, qiymətləndirməsində dürüst idi.
Məşədi Vaqif hər zaman üzərində işləyən, yeniliyə açıq, yorulmağın, ümidsizliyin nə olduğunu bilməyən bir şəxs idi. Yalnız 2 fakt yazım, yazı onsuz da nəzərdə tutduğumdan böyük alındı. Məşədi Vaqif həyatının sonuna qədər maşınını özü sürürdü, hətta uzaq rayonlara da gedirdi maşınla. Demək istəyirəm ki, nəqliyyat problemi yox idi. Ancaq tez-tez ictimai nəqliyyatdan istifadə edirdi. Avtobusda, metroda təbliğat aparardı. Deyirdi ki, xalqımızı çox qorxudublar, adamlar ictimai yerlərdə həqiqətləri ucadan danışmağa bəzən ehtiyat edir. Məhz adamlarla söhbət etmək, onların eşitməli olduqları acı həqiqətləri onlara deyə bilmək üçün ictimai nəqliyyatdan istifadə edərdi. 2 aydan sonra 77 yaşı olacaqdı. Buna baxmayaraq aktiv feysbuk istifadəçisi idi. Və bu yaramazlar onun feysbukdakı yazılarına dözməyərək, Məşədi Vaqifin hesabını dəfələrlə ələ keçirmişdilər. Sonuncu dəfə də ölümündən bir neçə gün əvvəl hesabını ələ keçirmişdilər və indi də Məşədi Vaqifin hesabı rejim hakerlərinin əlindədir.
Məşədi Vaqif olduqca fədakar bir şəxsiyyət idi. Bakıda keçirilən bütün siyasi məhbus məhkəmələrində, bütün razılaşdırılmış və razılaşdırılmamış mitinqlərdə iştirak edərdi. Bir ay bundan əvvəl Gözəl xanımın Qazaxda keçirilən məhkəməsinə də getmişdi. O biri məhkəmələrə də getmək istəyirdi. Biz çox narahat idik. Onun bir neçə ağır tibbi əməliyyat keçirdiyini, bu qədər yolu hər dəfə gedib-gəlməyin onun səhhətinə nə qədər zərər vuracağını təsəvvür edirdik. Rəyasət Heyəti iclasında çox çətin müzakirəmiz getdi. Rəyasət Heyəti üzvləri Məşədi Vaqifi inandıra bilmirdilər ki, o, Qazaxa məhkəməyə getməməlidir. Sonda yalnız mənim xahişimdən sonra Qazaxa növbəti məhkəmələrə getməyəcəyinə razılaşdı.
Allah Məşədi Vaqifə rəhmət eləsin. Hər birimiz nə zamansa bu dünyanı tərk edəcəyik. Çox şükür ki, Məşədi Vaqif həyatını sonuna qədər qürurla, alnıaçıq, mərdi-mərdanə yaşadı. Özündən sonra olduqca işıqlı xatirələr, təmiz ad və örnək olacaq həyat yolu qoyub getdi. Qəbrin nurla dolsun, böyük dost!
Oxunub: 402