“Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəsmisinin dedikləri həqiqəti əks etdirmir”. Bunu Akif Çovdarovun vəkili Kamandar Nəsibov Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin açıqlamasına münasibət bildirərəkən deyib.
Vəkil bildirib ki, əgər həqiqətən Akif Çovdarovun səhhəti yaxşı olsaydı, Tibb baş idarəsi və İstintaq təcridxanası Kardiologiya İnstitutunun həkimləri tərəfindən 2017-ci ilin noyabr ayında keçirilmiş Holter müayinəsini gizlətməzdilər.
“5 dekabr 2017-ci il və 6 fevral 2018-ci il tarixlərində Bakı İstintaq Təcridxanasına rəsmi müraciət edərək aparılan müayinə və müalicələrə dair sənədlərin surətlərini istəmişəm. Lakin bu günə kimi verməyiblər. Əgər həqiqətən vəziyyəti yaxşıdırsa, onda təqdim etsinlər müayinən nəticələrini, ailəsidə nigaranlıqdan qurtulsun”, – deyə vəkil bildirib.
Vəkil onu da bildirdi ki, ötən ilin 6 dekabr tarixində Tibb baş idarəsinə müraciət edərək cəzasının çəkməsinə mane olan ağır xəstəliyə düçar olması barədə tibbi şəhadətləndirilməsinin keçirilməsini xahiş edibdir: “Lakin həmin müraciətə bu günə kimi cavab verilməyib. Hətta əlavə olaraq 2018-ci ilin yanvar ayında Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edərək Tibb baş idarəsinə həmin müraciəti cavablandırması üçün göstəriş verməsini də xahiş ediblər. Lakin buna baxmayaraq, yenə də müraciətlərinə cavab verilməyib”.
Vəkil həmçinin Tibb baş idarəsinin rəsmisinin açıqlamasında Akif Çovdarovun təyin edilən müalicələri təyinatı üzrə qəbul etdikdə vəziyyətinin stabil olması barədə deyilənlərə də münasibət bildirib:
“Ümumiyyətlə, Tibb baş idarəsi həm yazdıqları cavab məktublarında, həm də müsahibələrində daima Akif Çovdarovun həkim tərəfindən təyin edilmiş müalicə sxemini tam həcmdə icra etmədiyini, arabir müalicəni dayandırdığını, müalicələri təyinatı üzrə qəbul etdikdə vəziyyətinin stabil olduğunu göstərirlər. Lakin bu qətiyyən belə deyil. Sadə bir misal deyim: Əgər Akif Covdarov öz səhhətinə, nəticədə öz həyatına qarşı laqeyd olsaydı, Holter müayinəsindən keçirilməsindən ötrü 1 il 9 ay Tibb baş idarəsi ilə mübarizə aparmazdı. Müdafiə etdiyim şəxslə bu barədə dəfələrlə söhbətlərimiz olub. Akif Çovdarov hər dəfə tam səmimi şəkildə bildirib ki, o, həkimlərin təyin etdikləri bütün müalicələri təyinatı üzrə tam icra edir, baxmayaraq ki, hətta bəzən həkimlərin yazdıqları müalicə kursları bir-biriylə ziddiyyət təşkil edir. Həkimlər tərəfindən təyin edilmiş bütün dərmanlar ailə üzvləri tərəfindən dərhal alınıb göndərilir. Hesab edirəm ki, həmin ifadələr tamamən əsassızdır və Akif Çovdarovun əziyyət çəkdiyi xəstəliklərdən ölə bilməsi ehtimalına hesablanaraq ola biləcək bədbəxt hadisənin məhz Akif Çovdarovun özünün təqsiri ucbatından baş verdiyi görüntüsünü yaratmaq məqsədilə qəsdən ictimailəşdirilir”.
Oxunub: 226