Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və tikinti qaydalarını pozmaqda təqsirləndirilən iş adamı Müqayis Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Anar İsmayılov ifadə verib. O, M. Verdiyevə tikinti üçün verilən malların Sumqayıt İcra Hakimiyyəti tərəfindən ödəniləcəyinə söz verildiyini bildirib: “Ancaq tikinti işi başa çatdıqdan sonra pulu vermədilər”.
M. Verdiyev də sahibkarların pulunun Sumqayıt İcra Hakimiyyəti tərəfindən ödənilməli olduğunu qeyd edib: “Mən tikinti işlərinə nəzarət edirdim. İcra Hakimiyyətindən söz verdilər ki, alınan tikinti materiallarının pulunu sonradan verəcəklər. Amma vədlərinə əməl etmədilər”.
Proses fevralın 22-də davam etdiriləcək.
Qeyd edək ki, M. Verdiyevə qarşı Cinayət Məcəlləsinin 222.2 (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda), 162.1. (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) və 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.
O, 8 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.
Xatırladaq ki, Müqayis Verdiyev tikinti biznesi ilə məşğul olub. 1998-ci ildə mənimsəmə və israf etmə maddəsi ilə 4 il, 2002-ci ildə dələduzluq maddəsi üzrə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü ildə Müqayis Verdiyev Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək həbs edilib.
2015 -ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Oxunub: 222