Gürcüstanda oğurlanaraq Azərbaycana gətirilən və saxta ittihamlarla 6 il azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlı cəmiyyətə qarşıdan gələn prezident seçkilərilə bağlı mesaj göndərib. Ailə üzvləri vasitəsilə yaydığı mesajda Ə.Muxtarlı seçki ilə bağlı bir sıra təkliflər irəli sürüb.
“Müxalifət – AXCP, Müsavat partiyası, “Nida” Vətəndaş Hərəkatı və REAl vahid boykot bloku yaratsın. Seçkilərin müşahidəsi təşkil olunsun. Seçki qərargahı yaradılsın. Ölkə üzrə seçki məntəqələrində müşahidələr həyata keçirilsin”, – deyə Ə.Muxtarlının seçki təkliflərindən ibarət mesajında bildirilir.
Xatırladaq ki, Ə.Muxtarlı ötən il mayın 29-da həbs olunub. Jurnalistin Gürcüstan-Azərbaycan sərhədini Balakən ərazisində qanunsuz keçdiyi, üzərində qaçaqmaq yolu ilə keçirilmiş 10 min avro pul tapıldığı iddia olunur.
Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən Ə.Muxtarlı özünü təqsirli bilmir. Barəsindəki cinayət işinin saxta olduğunu deyən jurnalist bəyan edib ki, onu prezident və ailəsinin biznesi, əmlakları haqda araşdırma yazılarına görə cəzalandırıblar.
azadliq.info
Oxunub: 650