Fevralın 14-də Novator.az saytı bloqçu Mehman Qələndərovun intiharı ilə bağlı başlanan cinayət işinin nə yerdə olduğunu öyrənmək üçün Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Mehman Qələndərovun intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılıb: “İstintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırıldıqdan sonra həmin idarədə zəruri istintaq tədbirləri davam etdirilib. Yekunda cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq başlanmış cinayət işinin icraatına cinayət hadisəsi olmadığına görə xitam verilib”.
Eldar Sultanov qeyd edib ki, cinayət işinə 2017-ci il iyulun 26-da xitam verilib.
Mehman Qələndərov kimdir?
Mehman Qələndərov 1977-ci ildə doğulub. Bakı Dövlət Universitetini sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq orta ixtisas təhsili sistemində (kollec) psixologiya, fəlsəfə, sosiologiya, politologiya fənlərindən dərs deyib.
İctimai-siyasi proseslərdə də fəal olan Mehman Qələndərov 2005-ci ildə Milli Məclisə keçirilən seçkidə 26 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəd olub.
2016-cı il sentyabrın 26-da Mehman Qələndərov Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından olub. Həmin vaxt Mehman Qələndərov Gürcüstanda qalırmış.
Qələndərovun həbs olunması
2017-ci ilin fevralında o, Azərbaycana qayıdıb. Siyasi Məhbusları Müdafiə Mərkəzinin “Gürcüstan işi: təqiblər, həbslər və mövcud reallıqlar” adlı hesabatında verilən məlumata görə, Mehman Qələndərovun Bakıya qayıtmasının bir səbəbi anasının il mərasimində iştirak etmək, digər səbəbi isə dəfələrlə müraciət etməsinə baxmayaraq beynəlxalq təşkilatların ona Gürcüstanda yaşamaq üçün dəstək verməməsi, humanitar yardım göstərməməsi olub.
Bakıya qayıdandan sonra, fevralın 7-də Mehman Qələndərov Facebook səhifəsində gənc məhbuslar Qiyas İbrahimov və Bayram Məmmədovu müdafiə xarakterli fikirlər yazıb (Qiyas və Bayram 2016-cı ildə mərhum prezident Heydər Əliyevin Bakıdakı abidəsinə şüar yazıblar və bundan dərhal sonra narkotik ittihamı ilə tutularaq 10 il müddətinə azadlıqdan məhrum ediliblər.). Mehman Qələndərov Facebook-da qeydlərini yazandan bir saat sonra polis əməkdaşları Bakıda kirayədə yaşadığı mənzilə gələrək onu tutublar. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Mehman Qələndərov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib və o, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
İttihamlar
Tutulanda Mehman Qələndərova Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilib. İstintaqın gedişində isə onun əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilib.
Cinayət Məcəlləsinin 234-cü maddəsi belə adlanır: “Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma”.
234.1-ci maddə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama əməlini nəzərdə tutur. 234.1-ci maddəyə əsasən bu əməllər 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
234.4.3-cü maddə isə bu əməlləri nəzərdə tutur: satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma. Həm də 234.4.3-cü maddə bu əməllərin külli miqdarda törədilməsini nəzərdə tutur. Maddəyə əsasən, belə əməllər 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İntihar və rəsmi məlumat
İstintaq hələ başa çatmamış, aprelin 28-də Mehman Qələndərov Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib.
Ədliyyə Nazirliyi və Baş Prokurorluğun mayın 1-də yaydığı məlumata görə, Mehman Qələndərov təcridxananın 2 saylı korpusunda saxlanıldığı 57 nömrəli ikinəfərlik kamerada yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb, saat 13:30 radələrində kamera yoldaşının yuxuya getməsindən istifadə edərək həmin ipi pəncərənin dəmir barmaqlığına bağlayıb və özünü asaraq intihar edib: “Faktla bağlı Penitensiar Xidmət tərəfindən xidməti araşdırma aparılıb və prokurorluğa məlumat verilib. Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.
İlkin araşdırmalarla Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən Mehman Qələndərova qarşı təzyiq göstərilməsi, işgəncələr verilməsi və yaxud hər hansı qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilməyib.
Bununla belə xidməti araşdırma zamanı vəzifələrin layiqincə yerinə yetirilməməsi, nəzarət işinin zəif olduğu ucbatından intihar faktının qarşısının alınmamasına görə təcridxananın nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət verilib”.
Ədliyyə Nazirliyi və Baş Prokurorluğun 1 may məlumatında o da vurğulanıb ki, istintaq zamanı Mehman Qələndərov törətdiyi cinayəti etiraf edib.
Məlumatda həmçinin bildirilib ki, Mehman Qələndərovun ölümü ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda başlanmış cinayət işi istintaqın davam etdirilməsi məqsədilə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin icraatına verilib: “İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılaraq, Mehman Qələndərovun özünü öldürmə həddinə çatdırma xüsusatları da araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
Hüquq müdafiəçilərinin mövqeyi
2017-ci il mayın 1-də Siyasi Məhbusların Müdafiə Mərkəzi Mehman Qələndərovun ölümü ilə bağlı toplantı keçirmiş, bloqçunun ölümünü araşdıran müstəqil təhqiqat komissiyası yaratmaq, ölüm işinin obyektiv araşdırılması üçün Mehman Qələndərovun qəbrinin açılıb meyitin yenidən ekspertiza edilməsi təklifi ilə baş prokurora müraciət ünvanlamaq, eyni zamanda beynəlxalq ekspertizaya üz tutmaq qərara alınmışdı.
Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvləri 1 may toplantısında Mehman Qələndərovu “Demokratiya şəhidi” elan etdiklərini də açıqlamışdılar.
Sonradan bloqçunun saxlandığı kameraya baxış keçirmək üçün bir qrup hüquq müdafiəçisi və jurnalist Penitensiar Xidmətə müraciət etmiş, ancaq müraciətə heç bir cavab verilməmişdi.
Dəfn
Mehman Qələndərov ailəli olmayıb. O, 2017-ci il aprelin 30-da Bakı İstintaq Təcridxanasının yaxınlığındakı qəbiristanlıqda valideynlərinin yanında torpağa tapşırılıb.
Son
Mehman Qələndərovun intiharı ilə bağlı ötən ilin mayından sonra rəsmi məlumat yayılmayıb. Bu səbəbdən Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin icraatında olan cinayət işinə xitam verilməsi – işə 2017-ci ilin iyulunda xitam verilsə də – yeni xəbərdir. İctimaiyyət, media və hüquq müdafiəçiləri indiyədək bundan xəbərsiz olublar.
Oxunub: 256