Peşəkar seçki saxtalaşdırıcıları şəffaf seçki vədi verdilər
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkinin vaxtından 6 ay qabağa çəkilməsi bir çox suallar doğurub, növbədənkənar seçki qərarı cəmiyyətdə ciddi müzakirələrə səbəb olsa da, hakimiyyət təmsilçiləri bu sualları cavablandıra bilməyib. Verilən cavablar ağlabatan olmadığından onlar cavablar siyahısından çıxarılıb. Hələ seçki ehtirasları coşmayıb, təbliğat başlanmayıb, proseslə bağlı yalnız müxalifətdən boykot qərarı gəlib, o qərarda da göstərilməyib ki, boykot aktiv, yoxsa passiv olacaq. Buna baxmayaraq hakimiyyət təmsilçiləri isterika içərisindədir. İnsan haqları məsələsinə birbaşa sorumlu olan, ancaq bu problemlərlə bağlı səsi çıxmayan ombudsman xanım da seçkidən danışır. Daxili İşlər Nazirliyi seçkinin təhlükəsiz keçirilməsi üçün tədbirlər planı hazırladığını açıqlayıb. Dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib ki, təşviqat zamanı namizədlərin təhlükəsizliyi təmin olunacaq, seçki günü bütün məntəqələr polis nəzarətinə götürüləcək.
Daxili işlər nazirinin müavini deyib ki, dini, irqi ayrı-seçkiliyə, ədavətə çağırış edən hərəkətlərin qarşısının alınması ilə bağlı müvafiq plan mövcuddur və bu cür hərəkətlərə qətiyyən imkan verilməyəcək. Ancaq maraqlıdır ki, bu hakimiyyətin yuxarısından üzü aşağı hər kəs Azərbaycanın tolerant ölkə olduğundan danışır, dini, irqi ayrı-seçkiliyə heç zaman yol verilmədiyini deyirlər. Bəs nədən seçki vaxtı belə bir təhlükənin olacağını proqnozlaşdırırlar?
Baş prokurorun birinci müavini Rüstəm Usubov da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə iştirak edib.
R.Usubovun sözlərinə görə, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək.
R.Usubov vurğulayıb ki, Azərbaycanda əvvəlki seçkilərdə ciddi qanun pozuntusuna yol verilməsi ilə bağı prokurorluq oqranlarına müraciət daxil olmayıb: “Seçki qanunvericiliyinin pozulmasına yol verənlər qanunvericilik çərçivəsində cəzalandırılacaq”.
Ancaq bunun ardınca baş prokurorun müavini özü özünü təkzib edir. Azərbaycanda indiyə qədər keçirilən seçkilərdə, demək olar, qanun pozuntusu olmadığını bildirib:” …İndiyə qədər keçirilən seçkilərdə müraciət və şikayətlər daha çox bələdiyyə seçkiləri ilə bağlı olub ki, bu da seçkilərin kütləvi xarakter daşıması ilə bağlıdır: “2008-ci ildə prezident seçkiləri ilə bağlı müraciət daxil olmayıb. 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 6 müraciət daxil olub ki, onların da araşdırılması zamanı qanun pozuntusuna yol verilməsi aşkar edilməyib. Azərbaycanda 2016-cı ildə keçirilən referendumla bağlı da prokurorluq orqanlarına şikayət və müraciətlər daxil olmayıb. 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı bir sıra şikayətlər daxil olub və araşdırılaraq müvafiq tədbirlər görülüb”.
Belə şəffaf, qanun pozuntusu olmadan seçkilər keçirilibsə, bəs narahatçılıq nədəndir, niyə bütün dövlət rəsmiləri növbədənkənar seçkidən bu qədər qorxur? Rəsmi açıqlamaların hər birində bu narahatlıq açıq şəkildə vurğulanır, müxalifət, müxalifyönlü təşkilatlar və şəxslər, müxalif və müstəqil jurnalistlər hədəf seçilir. Rüstəm Usubovda da bu narahatlıq var. O, seçki komissiyası sədrlərilə keçirilən görüşdə qarşıdan gələn prezident seçkilərinin azad, demokratik və heç bir qanun pozuntusuna yol verilmədən keçiriləcəyinə inandığını bildirib: “Gəlin vicdanla, şəffaf şəkildə bu tədbiri həyata keçirək və heç bir qanun pozuntusuna yol verməyək”.
Əslində, Usubov müraciəti yerində eləyib, çünki bütün qanun pozuntularının, vicdansızlığı, saxta seçkilərin, qutulara saxta bülleten doldurulmasının, səslərin saxtalaşdırılmasının, daşınar və daşınmaz qutu oğurluqlarının başında həm də elə o zaldakılar – seçki komissiyası sədrləri dayanır. Onlar vicdanla işləsə, seçkidə şəffaflığı gözləsə, heç bir qanun pozuntusu olmaz. Ancaq həmin zaldakıların bir çoxunun boynunda illərin cinayətləri var və kimsə də bu cinayətlərə görə cəzalandırılmayıb; elə həm də Rüstəm Usubov “tərəfindən”…
P.S.Ancaq bu seçki ilə bağlı tarix kitablarına düşəcək sözü Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib: “Seçkilərə qərəzli münasibət göstərənlərə qarşı ən yaxşı mübarizə yolu seçkilərin şəffaf keçirilməsidir”.
Deməli, bu seçkidə ermənipərəstlərə ən tutarlı cavab MSK sədrindən gələcək. Ancaq dediyi seçkini keçirsə, növbəti seçkilərin onsuz olacağına özü də adı kimi inanmalıdır…
azadliq.info
Oxunub: 730