Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılmasına etiraz olaraq mitinq keçirmək istəyən hüquqşünasların bir neçəsi (Samirə Ağayeva, Namizəd Səfərov, Xalid Bağırov) buna imkan verməyən Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət etmişdi. Amma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkün saymadı. İddianın mümkün sayılmaması haqda qərardadda səbəb kimi göstərilib ki, iddiaçılardan biri – Namizəd Səfərov mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş şikayəti imzalamayıb. İkinci səbəb isə odur ki, mitinq keçirmək istəyən hüquqşünaslar icra hakimiyyətinə müraciətdə aksiyada iştirak edəcək iştirakçıların dəqiq sayını göstərməyiblər.
Hüquqşünasların bu qərardaddan verdikləri şikayətə fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmədə cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin əçəkdaşı iştirak edib. O, hüquqşünasların mitinq üçün müraciətini məhkəməyə təqdim edib. Məlum olub ki, məhkəmədə iddia qaldırmış hüquqşünasların hamısının, o cümlədən Namizəd Səfərovun da orada imzası var. Mitinq üçün müraciətin qanuna uyğun tərtib olunmaması – iştirakçıların sayının konkret göstərilməməsinə gəlincə, hüquqşünas Samirə Ağayeva belə izahat verib:
“Biz Bakı şəhər İcra Hakimiyyətinə müraciətimizdə “500 nəfərdən 5000 nəfərə qədər” iştirakçı üçün mitinqə icazə verilməsini istəmişik. Ölkədə nümayəndə qismində məhkəmələrə çıxan praktik hüquqşünasların sayı təxminən 8-10 min nəfərdir. Əgər 1000 nəfər yazsaydıq, 3000 nəfər gəlsəydi, məsuliyyət bizim üzərimizdə qalardı. Ona görə də 500-5000 arası yazmışıq”.
S.Ağayeva qərardadın ləğv olunmasını, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi isə əksinə, qüvvədə saxlanmasını istəyib. Həmid Həmidovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını elan edib. S.Ağayeva “Azadlıq.info”ya bildirib ki, qərardan Ali Məhkəməyə kasasiya şikayəti verəcəklər.
Azadliq.info
Oxunub: 140