Cəmil Həsənlı
Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi, 1962-ci ildə Dağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi haqqında, 1963-cü il aclığı kimi altı epizodu ilə Siz artıq tanışsınız. Yeddinci yazımız 1963-cü ildə baş vermiş Sumqayıt hadisələri ilə bağlıdır. Buyurun özünüz tanış olun…
1963-cü il: Sumqayıt iğtişaşları
Sovet cəmiyyətinin dərinləşən böhranı sənaye şəhərlərində özünü daha kəskin hiss etdirirdi. 1962-ci ilin yayında baş vermiş Novoçerkask hadisələri Xruşşov idarəçiliyinin böhranını ortaya qoymuşdu. Çörək qıtlığı ilə başlanmış Novoçerkask hadisələri zamanı şəhərə ordu hissələri yeridilmiş, əməliyyat zamanı 24 nəfər öldürülmüş, 80 nəfərdən çox adam yaralanmış, istintaq işini saxtalaşdıraraq iğtişaşlarda fəal iştirak etmiş bəzi şəxslərə güllələnmə cəzası verilmişdi. Novoçerkaskdan sonra növbə Sumqayıta çatmışdı. Respublikada sosialist şəhəri, gənclər şəhəri kimi təqdim edilən Sumqayıtda 60-cı illərin əvvəllərində sosial-iqtisadi böhran ağır xarakter almışdı. Sumqayıt yeni sənaye şəhəri olduğu üçün ora respublikanın rayonlarından əksəriyyəti gənclər olmaqla çoxlu sayda işçi qüvvəsi gəlirdi. Bu axın şəhərin sosial həyatını xeyli mürəkkəbləşdirmiş, partiya və dövlət orqanlarının fəaliyyətində ciddi əyintiləri üzə çıxarmışdı.
Sumqayıt sənaye müəssisələrində yaranmış narazılıqlar barəsində DTK-nın sədri Aleksandr Kardaşov hələ 1962-ci ilin iyun ayının 15-də Vəli Axundova məlumat vermişdi. O, qeyd edirdi ki, Lenin adına boru prokat zavodu fəhlələrinin iyun 9-da yığışaraq direktorun kabinetinə getmələri və may ayında yerinə yetirilmiş plana görə nə üçün mükafat verilməməsinin səbəbini soruşublar. Kardaşovun məlumatına görə fəhlələr direktorun otağında olanda rayon partiya komitəsinin birinci katibi F. Əliyev də təcili ora gəlib və fəhlələrə söz verib ki, hər şeyi aydınlaşdırıb zəruri ölçüləri götürəcək. İyun ayının 12-də o, boru prokat sexinin fəhlələrinin iclasını keçirib onların şikayətini dinləmişdi. Orada fəhlələr əmək haqqının hesablaması və mükafat ödənilməsində yol verilmiş nöqsanlardan narazılıq etmişdilər. Məsələn, göstərmişdilər ki, ayrı-ayrı sexlərdə əmək haqqı cədvəllərində göstərilən adamların sayı orada işləyən fəhlələrin sayından çoxdur. Görülən təcili tədbirlər nəticəsində iyun ayının 11-də həmin sexlərin fəhlələrinə 12 manatdan 16 manata qədər əlavə ödənişlər edilmişdi. Fəhlələr narazılıq etmişdilər ki, onlar may ayında planı yerinə yetirdikləri halda hazır məhsul göndərilmədiyi üçün planın yerinə yetirilməmiş kimi sənədləşdirilmiş və fəhlələr mükafat ala bilməmişlər. Araşdırmalar zamanı eyni zamanda fəhlələr əmək haqqının azlığından da narazılıq etmişdilər. Məsələn, söhbət zamanı çilingər İvan Qruşenkov bildirmişdi ki, onun ailəsi 5 nəfərdən ibarətdir, avans daxil olmadan 30 manat əmək haqqı alır, onun 10 manatını mənzil üçün, 10 manatını uşaq üçün uşaq bağçasına ödəyir və özü çox ağır vəziyyətdə qalır. Kardaşovun məlumatına görə iyun ayının 14-də zavodun bir qrup işçisi işə çıxmaqdan imtina etmişdilər. Müzakirələr zamanı Sumqayıtın ən böyük müəssisəsinin işçiləri şəhərin təminatından və Bakı ilə müqayisədə Sumqayıtda qiymətlərin baha olmasından narazılıq etmişdilər. Sonda Kardaşov Axundova yazırdı ki, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi boru prokat zavodunda baş verən hadisələrdən düşmənçilik məqsədi ilə istifadə etməyə cəhd göstərən cinayətkar ünsürlərin ola bilmə ehtimalını araşdırır.
1963-cü ilin noyabrında Sumqayıtda baş vermiş kütləvi iğtişaş Vəli Axundov üçün gözlənilməz oldu. Böyük Oktyabr Sosialist İnqilabının 46-cı ildönümü münasibəti ilə keçirilən şəhər nümayişi bir sıra hakimiyyət orqanlarının dağıdılması ilə nəticələndi. İğtişaşın başlanmasına səbəb bir sıra nümayişçilərin Stalinin portretini qaldırmaları olmuşdu. Bu hal Sumqayıtda birinci dəfə deyildi, 1962-ci ilin may və noyabr, 1963-cü ilin may nümayişlərində də Stalinin portretləri nümayişlərdə görünməyə başlamışdı. Sov.İKP-nin XXII qurultayı bütövlükdə stalinizmin əleyhinə yönəldiyindən, ölkənin partiya və hakimiyyət elitasın¬da, onların rəyini ifadə edən sovet mətbuatında stalinizmə qarşı mübarizə gücləndirilmişdi. Ölkədə baş verən proseslərin fonunda Sumqayıt şəhər rəh¬bər¬liyi stalinizmdə ittiham olunacağından ehtiyatlanaraq nümayiş zamanı gözə dəyən Stalinin portretlərinin yığışdırılması haqqında göstəriş vermişdi. Bu zəmində milislə nümayişçilər arasında başlayan münaqişələr genişlənib nəzarətdən çıxmağa başladı. Qəzəblənmiş kütlə şəhərin mərkəzi meydanındakı tribunanın aşağısında vurulmuş Nikita Xruşşovun böyük portre¬tinin üzərinə yeriyərək onu daşa basmışdılar. Daha sonra Stalinin nəhəng portreti nümayişçilər tərəfindən meydana gətirilmişdi. Bayram münasibəti ilə hərəkət edən maşın üzərində xüsusi zövqlə tərtib edilmiş kommunist partiyasi və sovet hökuməti rəhbərlərinin portretləri və kommunist pla¬katları nümayişçilər tərəfindən dağıdılmışdı. İğtişaş zamanı Sov.İKP MK və Sovet hökuməti rəhbərlərinin devrilməsinə çağırışlar səsləndirilmişdi. Hadisədən dərhal sonra, noyabr ayının 8-də Vəli Axundova məlumat hazırlayan İctimai Asayişin Mühafizəsi (o zaman Daxili İşlər Nazirliyi belə adlandırılırdı) naziri Xəlil Məmmədov yazırdı ki, “ilkin məlumalara görə, təxminən saat 10:30-da nümayişçilərin hərəkəti sona çatarkən 1 nömrəli trestin kolonunda kütləvi iğtişaş baş verib. Qayda yaratmaq məqsədilə Sumqayıt şəhərinin hərbi komissarı Klod hadisə yerinə gəlib. Adamlar ona hücum edib və döyüblər. Meydanda asayişi qoruyan milis işçiləri onun köməyinə gəliblər. Bu dəstədən çoxları milis işçilərinə və drujinaçılara müqavimət göstərib, onlara hücum ediblər. Bu zaman şəhər milis şöbəsinin rəis müavini, milis kapitanı D.M.Kldiaşvili, sahə müvəkkili M.M.Nəsibov möhkəm döyülüb, həmçinin drujinaçılar Y.Kaladxin, Ç.Hüseynquliyev, S.Cəbiyev, Y.Babayev və başqaları əzişdiriliblər. İki vətəndaş Kldiaşvilini yoldaşa yardım göstərərək onu Azərbaycan boru prokat zavodunun avtobusuna qoyub şəhər milis şöbəsinin binasına çatdırıb. Kldiaşvili ilə birlikdə milisə iki vətəndaş da aparıldığın güman edin əhali kütləsi avtobusun ardınca milis şöbəsinin binasına gəlib və guya tutulan iki vətəndaşın verilməsin tələb ediblər. Əslində bu iki vətəndaş Kldiaşvili ora çatdırılandan öncə çıxıb getmişdilər və bu barədə milis işçiləri gələn kütləyə izahat verməyə çalışıb. Lakin onlar bu izahatlara inanmayıb, şəhər milis şöbəsinin binasına daxil olaraq növbətçilərə hücum edib, binanı daşa basıb, onun demək olar ki, birinci və ikinci mərtəbələrindədəki bütün şüşələri sındırıb, şöbənin silahını ələ keçirməyə cəhd edib, telefonları qırıblar. Onlar iki milis motosiklin aşırıb, benzin baklarını açaraq yandırıb, eyni zamanda əvvəllər tutulmuş cinayətkarları azad etməyə cəhd göstəriblər”. Şəhər milis şöbəsinin qarşısına 5-6 min etirazçı toplanmışdı. Respublika rəhbərliyinin göstərişi ilə Bakı şəhərindən və Abşeron rayonundan gətirilən milis qüvvələrinin gücü ilə günortadan sonra saat 14:30-da Sumqayıtda səhər 10:30-dan başlayaraq pozulmuş asayiş bərpa olunmuşdu. Hadisədən dərhal sonra şəhər rəhbərliyi baş vermiş qarışıqlıq barədə telefonla zəng edib Vəli Axundova, sonra isə DTK-nın sədri Semyon Sviquna məlumat verdilər. Saat təxminən 16-da DTK-nın sədri Semyon Sviqun və komitənin əks-kəşfiyyat idarəsinin rəisi Heydər Əliyev Sumqayıta gəldilər. Məsələnin narahatçılıq törədən tərəflərindən biri də Sumqayıt İstilik Elektrik Stansiyasında istehsalat təcrübəsi keçən Kubalı tələbələrin nümayişçilər tərəfindən döyülməsi olmuşdu. Vəli Axundova göndərdiyi təcili məlumatda respublika DTK-nın sədri Semyon Siviqun yazırdı ki, Kubalı tələbələr (Roger Losa Ferera, Klaudio Elisaydo, Eddi Bassayo, Delfin Grant Pimienta) iğtişaşdan fotolar çəkdiklərinə görə nümayişçilər tərəfindən döyülmüş, fotoaparatları əllərindən alınmışdı. İğtişaşlar zamanı hücuma məruz qalan Delfin Grant hadisədən dərhal sonra Moskvaya uçmuş, qalan 3 nəfər isə onların öz ölkəsinə yola salınmasını tələb edirlər. Axundovun tapşırığı ilə DTK sədri və Sumqayıt şəhər partiya komitəsinin birinci katibi Nadir Balakişiyev onlarla 3 gün danışıq aparıb Kubalıları Sumqayıtda qalmağa çətinliklə razılaşdıra bildilər.
Maraqlıdır ki, istər şəhər partiya komitəsinin, istər DTK-nın, istərsə də İctimai Asayişin Mühafizəsi nazirliyi hadisələr haqqında respublika rəhbərliyinə hazırladıqları arayışda Xruşşovun portretinin daşa basılmasın, Sov.İKP MK Rəyasət Heyəti üzvlərinin və Sovet hökuməti rəhbərlərinin portretlərinin təhqir edildiyin göstərmirdilər. Halbuki, iğtişaşçılar Nikita Xruşşovun kimyaçıların mədəniyyət evinin fasadına vurulmuş böyük portretini qoparıb yerə atmış və onu daş-qalaq etmişdilər. Lakin təhlükəsizlik orqanlarının Sumqayıt iğtişaşı ilə bağlı Moskvaya göndərdiyi məlumatda hadisələrin bütün təfsilatı əks edilmişdi. Tbilisidə yeni fəaliyyətə başlayan Zaqafqaziya Bürosunun sədri Boçkaryovun da ilk işi noyabr ayının 18-də Sumqayıt hadisələri barədə Sov.İKP MK-ya məlumat göndərmək olmuşdu. Şübhəsiz ki, Axundov və digər respublika rəhbərləri bunu yaxşı bilirdilər və ona görə də, bütün rəhbərlik narahat idi.
Məsələnin Vəli Axundov üçün arzuolunmaz tərəfi bir də onunla bağlı idi ki, hadisələr baş verən zaman onun qardaşı Hüseyn (Kamal) Axundov Sumqayıt şəhər icraiyyə komitəsinin sədri vəzifəsində işləyirdi. Bütün bunları nəzərə alaraq Axundov məsələni noyabr ayının 10-da təcili olaraq KP MK Bürosunun müzakirəsinə çıxarıb MK-nın qərarı ilə Sumqayıtın partiya rəhbərliyinə (Nadir Balakişiyev, Ramiz Məmmədzadə, Yevgeniya İvanovna Yusovaya), şəhər icraiyyə komitəsinin sədri Hüseyn Axundova, komsomol katibi Ağamoğlanova yarıtmaz işlərinə görə ciddi xəbərdarlıq etdi, Semyon Siviqun və Xəlil Məmmədovun nəzərinə çatdırıldı ki, Sumqayıt şəhərinin DTK və milis orqanları gücləndirilsin, müvafiq orqanların şəhərdə zəif olduğunu nəzərə alaraq onlara tapşırıq verildi ki, yaxın günlərdə DTK-nın Sumqayıt müvəkkili və şəhər milis şöbəsinin rəisi vəzifəsinə təcrübəli işçilər seçilsin və onlar Azərbaycan KP MK-ya təqdim edilsinlər, iğtişaşın təşkilatçıları məsuliyyətə cəlb edilsin və onların əməlləri diqqətlə araşdırılsın. Bu qabaqlayıcı tədbirlərlə Azərbaycan rəhbərliyi antisovet-iğtişaşla bağlı Moskvanın qəzəbini soyutmağa, məsələni lokallaşdırmağa ümid bəsləyirdi. Büro qərara almışdı ki, noyabrın 12-dən başlayaraq Sumqayıtın idarə və müəssisələrində partiya yığıncaqları keçirilsin və MK katibi Əli Əmirov, MK-nın sənaye şöbəsinin müdiri Paşa Aruşanov, komsomolun birinci katibi Məsud Əlizadə bu yığıncaqlarda iştirak etsinlər. Büronun qərarı ilə noyabrın 16-na təyin edilmiş Sumqayıt şəhər partiya konfransda Vəli Axundov və Paşa Aruşanovun iştirakı nəzərdə tutuldu.
Azərbaycan KP MK Bürosunun qərarından dərhal sonra Sumqayıt iğtişaşları ilə bağlı cinayət işi açıldı və onun aparılması Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın istintaq şöbəsinin böyük müstəntiqi, mayor Ernest Arutyunova tapşırıldı. Cinayət işinin başlanması və icraata qəbul edilməsi ilə bağlı Arutyunov öz qərarında yazırdı: “7 noyabr 1963-cü il tarixdə Sumqayıt şəhərinin Lenin adına meydanında ayrı-ayrı xuliqan şəxslər iğtişaş törədib. Nəticədə Kommunist Partiyası və sovet hökumətinin bəzi rəhbərlərinin portretləri cırılıb, hakimiyyət orqanlarının nümayəndələri döyülüb, habelə şəhər milis idarəsi binasının şüşələri sındırılıb və iki milis motosikli yandırılıb…” Yuxarıda deyilənləri nəzərdə tutaraq Arutyunov bu məzmunda qərar verdi: 1. Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci maddəsində (“Kütləvi iğtişaş”) nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi başlanılsın; 2. İşi öz icraatıma götürdüm və ibtidai istintaqa başladım”. Açılan cinayət işi ilə bağlı Arutyunov noyabrın 14-də Asif Bayramov, noyabrın 15-də Miriş Əlimirzəyev, noyabrın 17-də Yaşar Mahmudovu və digərlərin şübhəli şəxs qismində dindirdi və 7 noyabrda baş vermiş iğtişaş barədə onlardan ifadələr aldı. M.Əlimirzəyevin 15 noyabr tarixində dindirilmə protokolunda göstərilir: “Sual: Baş vermiş cinayətdə iştirakınız haqqında nə deyə bilərsiniz? Cavab: Həmin gün mən drujinaçı idim. Nümayişçilərin birinci sırasında gedən 28-29 yaşlarında azərbaycanlı oğlanın əlində Stalinin şəkilini gördüm. Biz iş yoldaşım Mərifətlə ona yaxınlaşıb güclə həmin oğlanın əlindən şəkili aldıq və dedik ki, bu şəkili aparmağa icazə verilmir. Bu vaxt 4-5 nəfər azərbaycanlı oğlanlar Mərifəti döyməyə başladılar. Bir neçə yumruq da mənə dəydi. Sonra 15-20 nəfər çıxıb maşının üstündən plakatı cırdılar…Sual: Nə üçün siz yalan danışırsınız? Cavab: Mən yalan danışmıram, gördüyümü, bildiyimi danışıram…”. İğtişaşda şübhəli bilinən Yaşar Mahmudovla 1964-cü ilin yanvar ayının 3-də aparılan istintaq protokolunda müstəntiqlə onun arasındakı sual-cavab daha maraqlı idi. Sual: Gözətçi vasitəsilə təklif etmişiniz ki, müstəntiq sizi dindirsin. Nə göstərmək istəyirsiniz? Cavab: Həbs olunduğum gündən indiyədək istintaqa yalan demişəm. Lakin hərtərəfli fikirləşdikdən sonra qərara gəldim ki, etdiyim cinayət haqqında düzgün ifadə verməklə öz vəziyyətimi yüngülləşdirim. Axşam yataqxanada Ağamusa mənə dedi ki, sabah nümayişdə dava olacaq., sən də BTZ klubunun arxasına gəl. Saat 11-də gəldim. Sonra dava düşdü. Davada bir milis işçisini də mən vurdum. Sual: Milis işçisini niyə vurdun? Cavab: Pasport almaq üçün milis şöbəsinə müraciət etmişdim. Məsələ yubandığına görə məndə milis idarəsinə, onun işçilərinə müəyyən kin oyanmışdı. Milisi vurmağımın səbəbi budur. Sual: Sonra nə etdiniz? Cavab: Milisi vurandan sonra evə getmək istəyirdim. Lakin hökumət tribunası ilə üzbəüz dayanmış avtoqreyderin yanından keçəndə bir nəfər mənə məlum olmayan şəxs qolumdan tutub dedi ki, avtoqreyderin üstünə çıxım və orada olan plakatları yerə töküm. Sonra iki nəfər məni məcbur etdi ki, bu işi görüm. Mən avtoqreyderin üzərinə çıxanda, onun kabinəsinin üst tərəfində Nikita Xruşşovun, yan tərəfində Anastas Mikoyanın portretləri, bayraq və plakatlar var idi. Xruşşovun şəkili qopub sallanırdı. Mikoyanın şəkili isə yerində idi. Sual: Sov.İKP MK və SSRİ Nazirlər Soveti sədrinin portretinin daşqalaq edilməsində də iştirak etmişiniz, elədirmi? Cavab: İştirakım belə olub ki, yerdən bir taxta parçası qaldırıb portretə atmışam”.
Araşdırmalar nəticələri açıqlanmasa da, əslində məlum oldu ki, iğtişaşların başlıca səbəbi çörək və digər ərzaq məhsullarının qıtlığı ilə bağlıdır. Elə həmin vaxt, Bakının Razin qəsəbəsində ac əhali çörək zavodunu talan etmiş, bunun qarşısını almağa cəhd göstərən Lenin rayonun birinci katibini möhkəm döymüşdülər. Bundan ehtiyat edərək şəhər partiya komitəsi Sumqayıt çörək zavodunda rəhbər işçilərin növbə çəkməsinə qərar verdi. Həmin vaxt şəhər partiya komitəsinin ikinci katibi işləyən Ramiz Məmmədzadə sonralar xatırlayırdı ki, “çörək qıtlığı 1963-cü ilin yanvar ayında başlandı. Yadımdadır, evə gəlirsən, xörək var, çörək isə yoxdur. Bizdə şəhər komitəsində yeməkxana vardı, bir dəfə üçüncü katib Yevgeniya İvanovna bir buxanka çörək gətirib hamımıza bərabər böldü”.
Noyabr ayının 16-da baş vermiş iğtişaşlarla bağlı Sumqayıt şəhər partiya komitəsinin konfransı keçirildi. Şəhər komitəsinin birinci katibi Nadir Balakişiyev konfransı açaraq dedi ki, “baş vermiş qeyri-adi hadisə, kiçik bir qrup xuliqanın nümayiş qurtarandan sonra əhali arasında çaxnaşma salması və şəhər zəhmətkeşlərinin bayram istirahətini pozması yeni insanın tərbiyəsi işində bizim böyük nöqsanlarımız olduğunu bir daha təsdiq edir”. Sonra söz Sumqayıt idarə müəssisələrinin rəhbərlərinə verildi. Sintetik kauçuk zavodunun partiya təşkilatı katibi Ağayev qeyd etdi ki, “bütün zavod kollektivi şəhər zəhmətkeşlərinin rahatlığını pozmağa cəhd göstərmiş bir qrup xuliqanın hərəkətlərindən hiddətlənir, onların bu cəhdini nifrətlə pisləyir və onların sərt şəkildə məsuliyyətə cəlb olunmasın tələb edir.” Konfransdakı çıxışında Sumqayıtdakı 2 nömrəli məktəbin müəlliməsi Likina deyirdi ki, mən uşaqlardan xahiş etdim ki, “bu hadisələrin niyə baş verməsi barədə danışsınlar. Biri dedi ki, bu hadisələr çörək olmadığına görə baş verib. Görünür uşaqlar yoldaş Podqornının nitqini oxumayıblar və evdə onların valideyinləri də oxumayıblar. Ona görə mən onlara dedim ki, hansısa kapitalist ölkəsində bu il bizdəki kimi məhsul az olsaydı nə olaradı? Axı 45 il bizdə belə vəziyyət olmayıb. Əgər bu İtaliyada, İspaniyada, Yapniyada və ya başqa kapitalist ölkələrində olsaydı orada uşaqlar dilənərdilər, aclıq çəkərdilər. Bizdə axı belə olmayıb. Bizdə kim əziyyət çəkib? Biz uşaqlarla geri qayıdanda onlar artıq hiddətlə deyirdilər ki, bu adamları güllələmək, sürgün etmək və s. lazımdır…”.
Azərbaycan KP MK Bürosu Sumqayıtın rəhbər işçilərinin iştirakı ilə noyabr ayının 19-da şəhərdə baş vermiş iğtişaşla bağlı məsələni yenidən müzakirəyə çıxardı. Həmin gün Azərbaycan KP MK Bürosunda 5 məsələ müzakirə edilirdi. Sumaqayıt hadisələri ilə birlikdə Büro əhalinin çörəklə təmin edilməsi ilə bağlı vətəndaşlardan alınmış müraciətlər, ac əhali arasında ateist təbliğatı gücləndirmək məqsədilə respublikanın kənd rayonları üçün ateist kadrların hazırlanması və digər məsələləri də müzakirəyə çıxarmışdı. Müzakirələrdən bir gün əvvəl Semyon Sviqun DTK-nın Sumqayıt şəhər müvəkkilinin dəyişdirilməsi ilə bağlı MK-ya təqdimat verdi. Təqdimatda göstərilirdi ki, DTK aparatının Sumqayıt şəhərində işini təmin edə bilmədiyi üçün A.Hacıyev tutduğu vəzifədən azad edilsin, onun yerinə N.Zeynalov təyin edilsin. Azərbaycan KP MK Bürosu noyabr ayının 19-da bu dəyişikliyi təsdiq etdi. Noyabrın 19-da keçirilən Büro iclasında respublika rəhbərliyi ilə yanaşı Sov.İKP MK partiya orqanları ilə iş şöbəsinin bölmə müdiri Y. Starçenko da iştirak edirdi. Sumqayıt şəhər bartiya komitəsinin büro üzvləri N.Balakişiyev, R.Məmmədzadə, Y.Yusova, H.Axundov, V.Ağamoğlanov, A.Zeynalov, A.Hacıyev və A.Kərimov da iclasa dəvət edilmişdilər. Büro iclasına Vəli Axundov sədrlik edirdi. O, sözü Sumqayıt şəhər partiya komitəsinin birinci katibi Nadir Balakişiyevə verdi. 7 noyabr iğtişaşı haqqında Büro üzvlərinə geniş məlumat verən Balakişiyev dedi: “7 noyabrda nümayişdən sonra Sumqayıtda baş verən hadisələr, o cümlədən Stalinin portretinin nümayişə gətirilməsi birinci hal deyil. 1962-ci ilin may bayramından başlayaraq ayrı-ayrı adamlar Stalinin portretlərini meydanlara gətirməyə başlayıblar. Bu vəziyyəti və bu halların bizim partiyanın əsas qərarlarına etiraz ifadəsi olduğun nəzərə alaraq biz partiya şəhər komitəsinin bürosunda şəhər icraiyyə komitəsinin sədri, şəhər partiya komitəsinin ikinci katibi və bir sıra rəhbər partiya və komsomol işçilərindən ibarət bayramqabağı komissiya yaratdıq. Partiya şəhər komitəsinin bürosu çox diqqətlə tədbirlər planı hazırladı”. Balakişiyev bu giriş çıxışı ilə iğtişaşların məsuliyyətini Vəli Axundovun qardaşı olan Sumqayıt İcraiyyə komitəsinin sədri Hüseyn Axundovun üzərinə yönəltdi. O, qeyd etdi ki, son vaxtlar şəhərin ərzaq məhsulları ilə təminatı bir qədər yaxşılaşıb və Sumqayıtda yeni müəssisələr istifadəyə verilib, dövlət planı yerinə yetirilib və bütün bunları şəhərin zəhmətkeşləri nümayişdə yaxşı təqdim edə bildilər. Həmin gün baş vermiş iğtişaşla bağlı o, dedi? “Saat 10-da nümayiş başlandı və saat yarım çəkdi. Saat 12-nin yarısında ağac emalı zavodunun transparantla bəzədilmiş maşını dayandı, lakin zavodun işçiləri keçdilər. Biz maşını gözləmədik və nümayişi qapatdıq və elan etdik ki, zəhmətkeşlərin nümayişi başa çatmışdır. Bütün yoldaşlar şəhər partiya komitəsinə qalxdılar, çünki bayram ərəfəsində qərara almışdıq ki, xəstəxanalara, bir sıra müəssisələrə baş çəkək, bayram əhval-ruhiyyəsi yaradaq. 15 dəqiqə sonra biz səs-küy eşitdik. Pəncərədən baxanda gördük ki, çoxlu adamlar toplaşıb və həmin maşının yanında çoxlu adamlar dayanıb. Qərara alındı ki, büro üzvləri aşağı düşüb hay-küyün və fit səslərinin səbəbini öyrənsinlər. Biz aşağı düşdük, vəziyyəti öyrənməyə başladıq. Orada əsasən təsadüfü adamlar dayanmışdı. Sən demə, meydandan bir xeyli aralıda yoldaşlar tribuna önündən Stalinin 9×12 ölçülü balaca portretini keçirmək istəyiblər. Operativ drujinaçılar buna imkan verməmək üçün tədbir görüblər. Nümayiş qurtaranda əhali bu adamların ətrafına toplaşıbdır. Ora toplaşan yoldaşlar dağılmağa başladılar. Bu vaxt bizə məlumat verdilər ki, xuliqan elementlərdən ibarət qrup Nikita Sergeyeviç Xruşşovun portretinin yanındadır. Şəhərin hərbi komissarı Krol və milis rəisinin müavini də orada olublar. Biz meydana yaxınlaşanda bu qrupdan 2-3 nəfər portretə 2-3 daş atdılar. Bizi görən hərbi komissar onları sakitləşdirməyə başladı. Bu vaxt həmin qrupun hamısı Krolun üzərinə hücuma keçdilər. Nə etdiklərin biz yoldaşlara izah etməyə çalışdıq. Krol yoldaşı oradan çıxardılar, lakin milis rəisinin müavini möhkəm zərər çəkdi. Hiss olunurdu ki, onların arasında sərxoşlar və vəhşiləşmiş yoldaşlar var. Yoldaş Krolu oradan çıxarmaq mümkün oldu, lakin şəhər milis şöbəsi rəisinin müavini ağır zərər çəkdi. Meydanda vəziyyət normallaşdı. Biz yenidən kabinetə qalxdıq. Bu zaman milisdən zəng etdilər ki, xuliqan elementlər qrupu milisə basqın ediblər. Qərara gəldik ki, hələlik mən vəziyyəti normallaşdırmaq üçün kabinetdə qərarlar qəbul edəcəyəm (əslində isə rəhbərlik ehtiyat edirdi ki, etiraz edən kütlə basqın edib şəhər partiya komitəsinin binasını tutsun – C.H.) , digər yoldaşlar milis şöbəsi yerləşən əraziyə getsinlər. Bu xuliqanlar milisin binasına girib əmin oldular ki, onların yoldaşlarından heç kim orada yoxdur, iki motosikli çevirib onların baklarını yandırdılar. İkikinci internetdən 12 yaşlı bir uşaq – onun anası boru-prokat zavodunda işləyir – yaralandı və xəstəxanaya çatdırıldı. Onun üzərində əməliyyat olundu, indi o, özünü yaxşı hiss edir. Bax, 7 noyabrda nümayişdən sonra baş verənlər qısaca bundan ibarətdir. Biz həmin dəqiqə birinci olaraq Mərkəzi Komitəyə məlumat verdik. Günortadan sonra yoldaş Aruşanov, Vəzirov, Əlizadə gəldilər. Bu rüsvayçı əməliyyat cəmisi 40-45 dəqiqə davam etdi”. Sonra Balakişiyev son günlər Sumqayıtın idarə və müəssisələrində yığıncaqların keçirildiyin və yığıncaqlarda köhnə kommunist və gənc komsomolçuların 99,9 faizinin xuliqan elementlərin ağır cəzalandırılmasın tələb etdiklərin vurğuladı və Sumqayıt şəhər partiya komitəsinin ideoloji işin, xüsusilə Sov.İKP MK-nın bu məsələyə həsr olunmuş iyun (1963-cü il) plenumunun qərarlarının yerinə yetirilməsində bir sıra səhvlərə yol verdiyini etiraf etdi.
Hadisə haqda Asayişi Mühafizə Nazirliyi və DTK-nin hazırladığı rəsmi məlumatlarla Balakişiyevin məlumatı arasında ciddi ziddiyyətlər var idi. Şəhər partiya komitəsinin birinci katibi bütün vasitələrlə iğtişaşçıları sərxoş, huşu üstündə olmayan, xuliqan ünsürlər adlandırmaqla baş vermiş hadisəyə təsadüfü xarakter vermək istəyirdi. Sonra söz şəhər partiya komitəsinin ikinci katibi Ramiz Məmmədzadəyə verildi. Şəhər komitəsində ideoloji işə cavabdeh olduğundan o, daha çox bu sahədə buraxılan nöqsanlardan, xüsusilə gənclərə yetərli dərəcədə diqqət yetrilməməsindən, xuliqan elementlərin 7 noyabrda törətdiyi iğtişaşlardan danışdı. Bu zaman Sov.İKP- MK-nın bölmə müdiri Starçenko onu saxlayıb soruşdu: “Yoldaş Məmmədzadə siz xuliqan elementlər haqqında danışırsınız. İndi aydınlaşdıra bildin ki, onlar kimərdir? Bildiyim qədər bu işdə iştirak edənlər fəhlə adamlardır. Gəlin burda açıq danışağın. Özünüzü də tənqid edə bilərsiniz, bütün hallarda bu adamlar zavodların işçiləridir. Bu yalnız sizin zəifliyiniz ilə izah edilmir. Orada partiya, həmkarlar və komsomol təşkilatları var”. Ramiz Məmmədzadə etiraf etdi ki, bunlar gənc insanlardır, bu yaxınlarda Sumqayıta gəliblər və az müddətdir işləyirlər.
MK Bürosunda çıxış edən şəhər icraiyyə komitəsinin sədri Hüseyn Axundov məsələni bir qədər fərqli yöndə təqdim etdi. O, qeyd etdi ki, Sumqayıtda “bu ilk hadisə deyil, bu artıq dördüncü hadisədir… Bu fakt olmaya bilərdimi? Bəli, yoldaşlar, olmaya bilərdi…Əgər, hətta portret ortaya çıxıbsa, onu tribunaya qədər yığışdırmaq lazım idi. Amma tribunanın yanından keçirlər, səs salırlar, biz dayanıb susmalıydıq? Biz utanırdıq. İnzibati orqanların zəifliyi də göz qabağındadır. Aydınlaşdırmaq lazımdır ki, portreti niyə tribunaya qədər almayıblar? Partiya üzvü kimi mənə ağır gəlir. Bizim ətrafımızda çoxlu partiya üzvləri var idi, bu adamlar durub baxırdılar ki, necə döyürlər, halbuki onlar partiya bileti daşıyırlar. Biz necə kommunistlərik ki, mütəşəkkil olmayan kütlə belə bir hay-küy qaldırdı. Milisin qeyri-mütəşəkkilliyi də qeyd olunmalıdır. Bir yerə toplaşıb havaya güllə atırlar. Biz rəhbərlər üçün bu hadisə bir dərsdir”.
DTK-nın şəhər şöbəsinin keçmiş müvəkkili A.Hacıyev Büroya məruzə etdi ki, “Stalinin portretinin tribuna önünə gətirilməsi birinci dəfə deyil və hər belə hadisə haqqında mən həm MK-ya, həm də DTK-ya xəbər vermişəm. Hər belə hadisədən sonra profilaktik tədbirlər keçirmişik, lakin biz qarsısın ala bilməmişik və bu da həmin halların təkrarlanmasına gətirib çıxarıb. Mən belə fikirləşirəm ki, yoldaş Balakişiyev və biz hamımız bu məsələdə günahkarıq, doğru danışmaq lazımdır, orada baş vermiş hadisələri obyektiv məruzə etmək lazımdır. Əgər biz büro üzvləri yoldaş Balakişiyevin göstərişi ilə tribunanı tərk etməsəydik və nümayişi qurtarmasaydıq, sizi əmin edirəm bu iş olmazdı. 4-6 təşkilat nümayişdən keçmədi. Biz onu dayandırdıq. Bu bizim birinci ciddi və mühüm səhvimiz idi, bunu gələcəkdə də nəzərə almaq və MK-ya da düzgün məlumat vermək lazımdır. Nümayiş vaxtı bizim fotoşəkilləri almaqla bağlı hərəkətimiz düz olmadı. Büro üzvləri və biz nümayişçilərin kolonların dolandıq. Heç nə yox idi, heç bir siqnal yox idi ki, kimdəsə Stalinin şəkili var. Görünür adamlar şəkili gizli gətiriblər, drujinaçılar və hərbiçilər məsuliyyəti öz üzərlərinə götürüb bu adamların üstünə düşərək şəkilləri əllərindən aldılar, sonra da xəlvəti yox oldular. Bu da müəyyən dərəcədə hadisələrə təkan verdi. Nümayişi dayandırmaq lazım deyildi. Xalq özü qayda yaradacaqdı”. DTK-nın şəhər müvəkkili 7 noyabr iğtişaşı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməsi Sumqayıt rəhbərliyini arzuolunmaz duruma saldı və dərhal söz alan komsomol Ağamoğlanov nümayişin vaxtından tez qurtarması ilə bağlı onunla razılaşmadığın bildirdi. Sonra o, iğtişaş törədənlərin əksəriyyətinin gənclər olduğuna əsaslanaraq məsuliyyətin böyük hissəsin rəhbərlik etdiyi şəhər komsomol təşkilatının üzərinə götürdü. O, dedi: “Portreti (Stalinin – C.H.) aparırlar, bizim drujunaçılar dayanırlar və baxırlar. Mənə belə gəlir ki, bunu nümayişçilərlə müzakirə etməyə dəyməz. Krola gəldikdə isə, o, necə bu kütləyə müdaxilə etməsin? Axı o, kommunistdir. Neçə nəfər olmalarından asılı olmayaraq xuliqan elementlərin qarşısı alınmalı idi. Bu mülahizələrlə də cəhd oldu. Fikirləşirəm ki, bizə kömək böyükdür. Hər gün bizim fəallar çoxlu sayda yataqxanalarda XXII qurultayın qərarları təbliğ edilir. Düşünürəm ki, biz bu ləkəni üzərimizdən yuyacağıq”.
Şəhər partiya komitəsinin üçüncü katibi Yevgeniya Yusova da təxminən bu məzmunda çıxış etdi. Ondan sonra çıxış edən 1 nömrəli trestin partiya təşkilatı katibi A.Kərimov onlarla razılaşmadı. O, dedi ki, ideoloji işdə bizim başlıca çatışmayan çəhətimiz qeyri-səmimiliyimizdir. Kərimov dedi ki, portretlərin alınması ilə bağlı drujinaçılara və Krola göstərişi bilavasitə Ramiz Məmmədzadə vermişdi. O, üzünü Ağamoğlanova tutub dedi ki, “yoldaş Ağamoğlanov sənin kabinetində təlimat alındı ki, portretləri almaq lazımdır…Yoldaş Krolu ona görə döydülər ki, yoldaş Xruşşovun portretinə daş atan zaman o, mane olurdu ki, daşlar portretə dəyməsin. Krolu dövrəyə alan bizim yoldaşların hesabına onu öldürə bilmədilər”. Eyni zamanda Kərimov şəhər rəhbərliyini zəhmətkeşlərin ərizə və şikayətlərinə qayğı ilə yanaşmamaqda, onları rəhbərlik etdiyi şəhərdə deyil, Bakıda yaşamaqda ittiham etdi. Bu çıxışlardan sonra məsələyə müdaxilə edən MK-nın sənaye məsələləri üzrə katibi Əli Əmirov 7 noyabr iğtişaşı və onu doğuran səbəblər üzərində geniş dayandı. O, qeyd etdi ki, bu hadisənin qabağını ala bilməməklə şəhər rəhbərliyi çox ciddi səhvə yol verib və öz hərəkətləri ilə onu daha da qızışdırıb. Əmirovun fikrincə, belə hallar əvvəl də baş verdiyi üçün rəhbərlik bayrama ciddi münasibət bəsləməyib, hesab ediblər ki, papaqlarını yelləməklə tədbiri yola verəcəklər. O, da belə hesab edirdi ki, “nümayişin sonu olduğu üçün bu adamlara keçmək imkanı vermək lazım idi, lakin onların şəklini çəkib sonra həmin adamlarla izahat işi aparmaq olardı, halbuki orada drujinaçılar və inzibati orqanlar çox qızğınlıq göstərib…Kimlər idi hadisələrin iştirakçıları. Bunlar 18-22 yaş arası gənclər idi. Ağamoğlanovun özünü qəhrəmancasına aparmasına baxmayaraq, o, Krolu qoruyub, lakin bu xuliqan gənclərin çoxu respublikanın rayonlarından gəlmiş gənclərdir. Orada hansısa təşkilatçılar var, çünki Masallı və Lerikdən olan uşaqlar öz gücləri ilə belə sabotajı təşkil edə bilməzsilər. Şəhər rəhbərliyi çox günahkardır. Onlar bunu başa düşürlər. Təsərrüfat məsələlərinə birtərəfli meyllənmə onları əsas işdən, adamlara qayğıdan yayındırmışdır…Bu bizim hamımız, o cümlədən bizim büro üçün böyük rüsvayçılıqdır, ona görə ki, biz bu məsələni diqqətdən qaçırmışıq. Şəhər Komitəsi büro üzvlərinin yekdil olmaması mənim bir az xoşuma gəlmir. Mən hesab edirəm ki, bütün müəssisələrdə biz öz fəaliyyətimizin mərkəzini bilavasitə məişət ocaqlarına, yeməkxanalara, klublara, qırmızı guşələrə keçirməliyik”.
Müzakirələrin gedişinə qoşulan MK-nın ikinci katibi Yelistratov məsələyə bir qədər geniş aspektdə yanaşmağa cəhd göstərdi. O, dedi: “Bu ilin sentyabrında yerlərdə iş aparan həmkarlar qruplarının Sov.İKP MK-da müşavirəsi oldu. Eyni zamanda Sov.İKP MK-nın bu qrupları bizim respublikada da olub. Mərkəzi Komitənin tapşırığı ilə bu müşavirədə yoldaş İliçev çıxış etdi və o, öz çıxışında ikimənalı formada dedi ki, biz həm daxili, həm də xarici siyasətə münasibətdə ciddi vəziyyətlə üzləşmişik. Biz ideoloji məsələyə ayrı çür yanaşmalıyıq. Heç kəsə sirr deyil ki, bizim dövlətimizin düşmənləri var, bunlar aramızda gəzən vlasovçular, millətçilər, işləməyən, parazit həyat keçirən müxtəlif mənşəli xuliqanlardır. Mənim ikinci qeydim yoldaş Hüseyn Axundovadır. Siz deyirsiniz ki, indi mühakimə etmək asandır, hadisə baş verən zaman yerində baş çıxarmaq kifayət dərəcədə çətindir. Əlbəttə, mən sizinlə razıyam. Lakin axı, Sizə yoldaş Axundov və büronun bütün üzvlərinə bu hadisələrdən çox əvvəl məlum idi ki, bu hadisə yetişir. Dövlət Təhlükəsizliyi Komitəsi bizi məlumatlandırmışdı ki, belə hadisələr hazırlanır. Yeri gəlmişkən mən yoldaş Balakişiyevə deməliyəm ki, təəssüfləndiricidir ki, siz nəyisə gizlətməyə çalışırsınız. Bu gün bu aydın oldu. Nümayiş başa çatmayıb. Əslində siz nümayişi dayandırmısınız və bunu etmək olmazdı. Xoşagəlməz haldır ki, sizin büroda yekdillik yoxdur. Mən deməliyəm ki, bu məsələdə şəhər partiya komitəsi siyasi yetkinlik nümayiş etdirməyib. Şəhər partiya komitəsinin burada açıq və aydın şəkildə deməsi gərək idi ki, o ötən belə faktlardan zəruri siyasi nəticələr çıxarmayıb. Biz ötən dəfə dedik ki, şəhər komitəsi kütlələrlə, xüsusilə gənclərlə pis işləyir. Bu hadisələrdə Sumqayıt partiya təşkilatının bütün işi göz önündədir. Bəyəm, ötən partiya konfransında nümayəndələr bu barədə danışmadılar? Şəhər komitəsi təsərrüfat işlərinə çox bağlanıb, siyasi işi yaddan çıxarıb. Siz bu tənqiddən düzgün nəticə çıxarmamısınız. Biz bu müzakirələri ona görə təşkil edib, qərarlar qəbul etmirik ki, sonra ona tüpürək. İndi burada demək çətindir, amma heç bir portret olmayıb. Adi, çox pis hazırlanmış və 3 addımdan Stalin olduğu görünməyən şəkillər olub. Gərək 10 gün əvvəl, bir həftə öncə yoldaşlarla iş aparılaydı ki, onlar bu şəkilləri nümayişə gətirməyəydilər. Orada başlayıblar cırmağa və belə qarışıqlıq yaranıb”.
MK-nın 19 noyabr tarixli genişləndirilmiş büro iclasında Vəli Axundov Sumqayıt hadisələrinə siyasi qiymət verməyə çalışdı. O, dedi: “Yoldaşlar, hər şeydən əvvəl biz bu hadisəyə siyasi qiymət verməliyik, ona görə ki, partiyanın XXII qurultaydan iki il keçir, ondan əvvəl isə XX qurultay olub, XXII qurultay şəxsiyyətə pərəstişi tamamilə ifşa etdi. Bundan sonra Sumqayıt küçələrində Stalinin portretləri ortaya çıxır. Bu faktdan yan keçmək və onu çinayətkar elementlərlə bağlamaq səhv olardı. Siz bütün partiya təşkilatına zərbə vurmusunuz. Buna görə kim cavab verəçək? Hər kəsdən öncə siz, yoldaş Balakişiyev, yoldaş Axundov – şəhərin əsas rəhbərləri. Mərkəzi Komitə sizə rəhbərliyi etibar edib və siz cavab verməlisiniz buna görə…Siz siyasi səbatsızlıq, yetkinliksiz nümayiş etdirməklə nə baş verəcəyini anlamamısınız və bununla da həmin hadisələrin inkişafını yardım göstərmiş olmusunuz. Hadisələrin harada baş verməsindən yan keçmək olmaz. Mənzil təminatı pis olan yerdə, əmək haqqı aşağı olan, dükanların sayı yetərli sayda olmayan, təminat pis olan yerdə bu hadisələr baş verə bilərdimi? Yox, axı bu göstəricilər hamısı Sumqayıtın xeyrinə olduğundan xəbər verir. Mənzillər kifayət edəcəyindən çoxdur, əmək haqqı yüksəkdir, ərzaq təminatı digər yerlərlə müqayisədə aşağı-yuxarı yaxşıdır, amma bütün hallarda iğtişaşlar baş verdi. Siz necə bu faktlardan yan keçmək istəyirsiniz, bunu nəylə izah edirsiniz? Məlumdur ki, bu əhval-ruhiyyəni şərtləndirən obyektiv şərait olmayıb. Partiya şəxsiyyətə pərəstişi XX, XXI, XXII qurultaylarda darmadağın etdi, artıq 3 ildir ki, partiya şəxsiyyətə pərəstişi darmadağın edir və birdən Sumqayıtda belə bir etiraz baş verir. Siz indi dərk edirsinizmi bizim partiya təşkilatına necə bir zərbə vurdunuz?” Axundov şəhər rəhbərliyini qeyri-yetkinlikdə ittiham etdi, siyasi tərbiyə işini diqqətdən kənarda qoymaqda ittiham etdi. O, bildirdi ki, son 13 ildə Sumqayıt 5-6 dəfə böyüyüb, tarixdə heç bir şəhər belə sürətlə artmayıb. Onun fikrincə, Sumqayıta axın böyükdür, bura çoxları gəlir, amma nə üçün belə bir şəhərə axın komsomol çağırışları ilə tənzim edilməsin. O, Xalq Təsərrüfatı Şurasının sədri Süleyman Vəzirova və MK-nın sənaye məsələləri üzrə katibi Əli Əmirova tapşırdı ki, bir ay müddətinə Sumqayıt rəhbərliyinin bilavasitə işlədikləri şəhərdə yaşamaların təmin etsin. Axundov son illərdə pasport rejiminin zəifləməsindən, şəhər rəhbərliyinin 7 noyabr hadisələrini ört-basdır etmələrindən, inzibati orqanların işindən və partiya – sovet orqanlarının əhalinin ərizə və şikayətlərinə laqeyd münasibətindən də narazılıq etdi. O, dedi: “İndiki çörək çatışmazlığı şəraitində zəhmətkeşlrin şikayəti məsələsi ümumilikdə çox mühüm məsələdir. Yoldaşlar, bir var insan tox ola, əhval-ruhiyyəsi yaxşı ola, bir də var çörək ala bilmir, hələ bir ona düzgün də yanaşmırsınız. Bütün bunlarla yanaşı biz “Amerikanın səsi” və Çini də unutmamalıyıq, bir kənara qoymamalıyıq. Baxın, Sumqayıtda konfrans başa çatır, dərhal “Qanqsterlər və Filantroplar” filminin göstəriləcəyi elan edilir. Siz elə filmlər tapmalısınız ki, konfransın ardınca enerji versin”.
Geniş müzakirələrdən sonra Büro Sumqayıt iğtişaşları barədə qərar qəbul etdi. Orada göstərilirdi ki, Azərbaycan KP Sumqayıt Şəhər Partiya Komitəsinin bürosuna və şəxsən Şəhər Partiya Komitəsinin katibləri Balakişiyev, Məmmədzadə, Yusova, şəhər icraiyyə komitəsinin sədri Axundov və şəhər komsomol komitəsinin katibi Ağamoğlanov yoldaşlara şəhər zəhmətkeşləri arasında siyasi tərbiyə işinin aşağı səviyyədə olmasına görə məsuliyyət daşıdıqları barədə xəbərdarlıq edilsin; İğtişaş salanların əksəriyyətinin müəyyən olunub həbs edilməsi və hərtərəfli araşdırmadan sonra qanunun bütün şiddəti ilə məsuliyyətə cəlb olunmaları haqda Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədri Sviqun yoldaşın məlumatı nəzərə alınsın.
1964-cü ilin yanvar ayının 29-da Əli Əmirov, Xasay Vəzirov və Məhərrəm Mehdiyev Azərbaycan KP MK-nın 19 noyabr qərarının yerinə yetrilməsinin vəziyyəti haqqında arayış hazırladılar. Şəhərdə sosial vəziyyəti yaxşılaşdırmaq üçün respublika Ticarət nazirliyi tərəfindən illik fonddan əlavə olaraq Sumqayıta 443 min manatlıq ərzaq malları, o cümlədən 31 ton yağ, 13 ton peçeniye, 40 ton yarma, 15 ton sala və marqarin, ictimai iaşə şəbəkəsinə 10 ton birinci növ un, 10 ton makaron, 16 ton yarma və sair məhsullar buraxıldı, şəhərin fasiləsiz olaraq çörəklə təminatı təmin edildi.
Hadisə ilə bağlı istintaq işləri 6 nəfərin üç ildən altı ilə qədər həbsi ilə nəticələndi. 1964-cü ilin iyun ayının 8-də başlanmış məhkəmədəki ifadəsində Səməndər İbrahimov dedi ki, “mən gözümü açıb Stalinin şəkillərini görmüşəm. Ona məhəbbətim tükənməzdir. Ona görə də Krolu döymək istəyirdim”. Ənvər Mahmudov məhkəmə üzləşdirməsində dedi ki, “noyabrın 14-də məni tutdular. İstintaqda hadisəni danışdım, mənə inanmadılar, ələ salıb güldülər, məni döydülər. Mayor Arutyunov nə yazdı bilmədim, güclə mənə qol çəkdirdi. Mən özümü asıb öldürmək istəmişəm. Məni Babayanla və İsgəndəryanla üzləşdiriblər. İsgəndəryan üzləşmədə dedi ki, guya mən avtobusun üstündə çıxış etmişəm. Belə şey olmayıb. Drujinaçı şahid G.İsgəndəryan: Mahmudov Ənvər avtobusun üstündə dayanıb “Yaşasın Stalin yoldaş, qəhr olsun Xruşşov” deyirdi. Ona görə də camaat həyacan keçiridi. Ə.Mahmudov: İsgəndəryan yalan danışır. Mən demədim “Yaşasın Stalin”, dedim ay camaat, o yaramazı görürsünüzmü, camaatın şənliyini pozanlardan biri odur. İsgəndəryan hadisədən öncə kino bileti alıb satırdı. Ona demişdim ki, yaxşı iş deyil, belə işlə məşğul olma. Ona görə indi mənə böhtan atır. Özü də istintaq zamanı İsgəndəryanla bilet söhbətimizi müstəntiqə demişdim. Nə üçün protokola yazılmayıb, bilmirəm”. Asif Bayramov isə həbsində Sumqayıtın polis rəisini günahkar bilirdi. O, məhkəmədə bildirdi ki, “Sumqayıt polisinin başçısı Həşimovla çörək növbəsində bərk sözləşmişdik. O, mülki paltarda idi, tanımamışam, ona kobud sözlər demişəm. Məni çörək növbəsindən çıxarmaq istəyirdi. Səhər saat 6-da durub çörək almağa getmişdim. Çörək növbəsində dayanmışdım. İki yerdən çörək almalı idim. Külfətim çoxdur. O zaman 2 kiloqramdan artıq çörək verilmirdi. Sonra ağsaqqallar dedi ki, mənim növbəm var. Ona görə də məni Həşimov tutdurdu”. 1964-cü ilin iyun ayının 19-da Azərbaycan SSR Cinayət-prosessual məcəlləsinin 323, 324 və 325-ci maddələrini rəhbər tutaraq, hakim İ.İsmayılovun sədrliyi, Xalq iclasçıları Seyidov və Qasımovun iştirakı ilə birinci dərəcəli işlər üzrə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayəty İşləri üzrə Məhkəmə Kollegiyasının qapalı iclasının hökmü əsasında Miriş Bulud oğlu Əlimirzəyev (1938-ci ildə Yardımlı rayonunda doğulub) və Səməndər Adil oğlu İbrahimov(1940-cı ildə Tovuz rayonunda doğulub) Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci maddəsinə əsasən təqsirkar bilinib hər biri 6 il, Yaşar Museyib oğlu Mahmudov (1941-ci ildə Astara rayonunda doğulub) və Nikolay İvanoviç Şevçenko (1938-ci ildə Saatlı rayonunda doğulub) Azərbaycan SSR CM 72-ci maddəsi ilə təqsirkar bilinib hər biri 5 il, Ənvər Məhərrəm oğlu Mahmudov (1941-ci ildə Nuxa rayonunda doğulub) 4 il, Asif Humay oğlu Bayramov (1927-ci ildə Qubadlı rayonunda doğulub) isə 3 il azadlıqdan məhrum edildi.
Sumqayıt hadisələrinin Stalinin portretinin kölgəsində baş verməsi cəmiyyətdə Stalinizmin köklərinin dərin olmasından xəbər verirdi. Ölkəni bürümüş böhranın əsas günahkarı kimi Xruşşovun əleyhinə olan etirzların bir sıra hallarda Stalinizmə qayıdış fonunda baş verməsi bu etirazların demokratiya aclığından deyil, çörək aclığından qidalandığın təsdiq edir. Halbuki, Stalinin 30 illik idarəçiliyi dövründə Sovet adamları elə də tox yaşamırdılar. Sumqayıt iğtişaşları bu yöndə yeganə hadisə deyildi. 1963-cü ildə Çaparidze adına neft emalı zavodunda da Xruşşovun böyük portreti üzərinə rəng atılmış və şəkilin gözləri ovulmuşdu. DTK əməkdaşları belə etiraz formalarının günahkarlarını aşkarlamaq üçün həftələrlə əmək kollektivlərində iş aparmalı olurdular.
Sov.İKP-nin XXII qurultayından sonra Bakı şəhərində Stalinin adına olan idarə və müəssisələrin adı dəyişdirildi. Onun adına olan Stalin rayonu və “Stalinneft” idarəsi 26 Bakı komissarlarının adına verildi. Stalin adına Bakı neftayırma zavodu Sov. İKP XXII qurultayı, Stalin adına mədəniyyət sarayı İliç adına, Stalin adına respublika stadionu Lenin adına, Stalin adına maşınqayırma zavodu isə Orconikidzenin adına verildi. Lakin Stalinin kiçik şəkillərini sərnişin avtobusları və dövlətə məxsus yük maşınlarına vurulmasının, böyük portretlərinin ayrı-ayrı evlərdə asılmasının qarşısını almaq mümkün olmadı. Belə hallar respublikada geniş müşahidə edilirdi. Bu baxımdan Bakıda Aşağı Dağlıq küçəsi 79 ünvanında yaşayan Xankişiyev Nazim Səməd oğlunun Nikita Xruşşova məktubu çox səciyyəvidir. O, yazırdı: “Hörmətli yoldaş N.S.Xruşşov! 1962-ci ilin iyun ayının 22-də mən Bakı şəhəri Tver küçəsi 53 ünvanda yaşayan öz mağaza müdirimXəlilov Xalıq Əsəd oğlunun mənzilində oldum. Bir neçə dəqiqə keçdikdən sonra mən gördüm ki, divarda Stalinin böyük portreti asılıb. Onda mən Xəlilova sual verdim ki, Stalinin portretini nə üçün çıxarmır. Bizdən başqa Xəlilovun oğlu və həyat yoldaşı da evdə idi. Xəlilovun cavabı belə oldu: SSRİ də Stalin yeganə kişi idi, onu Xruşşov ləkələdi. Zaman gələcək, görərsən və mənim sözlərimi xatırlayarsan, Xruşşov və onun dostu Mikoyanının ikisini də güllələyəcəklər. Örnək olaraq götürün 1936-cı ildə güllələnmiş Yejov, Blyuxer, Tuxaçevski, Vəzirov, Rəhmanov, Əfəndiyevi, tədricən növbə onlara da çatacaq. Molotov SSRİ-də natiq idi, Jukov Berlini almışdı və digərləri, Xruşşov onlarla bağlı nə etdi? Bax görəcəksən, mən ölü olum, sən diri, xatırlayarsan mənim sözlərimi və deyərsən ki, rəhmətlik Xəlilov düz deyirmiş. Bir fikirləş – Molotov, Voroşilov, Malenkov, Jukov, Bağırov, Beriya və digərləri, onlar həqiqətən köhnə bolşeviklər idi, onları Xruşşov qaraladı, nə üçün bəs Mikoyana toxunmadı, ona görə ki, Xruşşov Mikoyanla birlikdə yoldaş Stalini zəhərləmişdi, buna görə Xruşşov Mikoyana toxunmadı, onları Stalinin ölümü biri-birinə bağlayır. Yoldaş Xruşşov təxminən 40-41 il Sov.İKP üzvü olan Xəlilovun hərəkətləri mənim üçün təəccüblüdür, nə üçün bunlar haqqında belə danışır. Mən həmin dəqiqə Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinə teleqram göndərdim ki, Sizdən cavab gələnə qədər Stalinin portreti ilə bağlı Xəlilovun mənzilini yoxlayıb partiya və hökumətin göstərişlərinin niyə yerinə yetrilməməsin aydınlaşdırsın”.
Bu dövrdə Sovet İttifaqında Nikita Xruşşovun şəxsiyyətinə pərəstiş artıq geniş xarakter almışdı. 1963-cü ilin aprel ayının 17-də, onun doğum günündə Azərbaycan rəhbərliyinin Qaqraya göndərdikləri təbrik teleqramı bunun aydın ifadəsi idi. Orada Xruşşovun ünvanına “marksizm-leninizm ideyasının təmizliyi uğrunda ardıcıl mübariz”, “sarsılmaz leninçi”, “sədaqətli leninçi, “Lenin işinin ardıcıl davamçısı” kimi sovet epitetləri işlədilirdi.
Oxunub: 356