Dünya Bankının saytında ölkələrin həkim kontingentində cərrahların optimal sayı ilə bağlı məqalə (http://blogs.worldbank.org/…/surgical-care-overlooked-entit…) dərc edilib.
İqtisadçı Rövşən Ağayev dünya ölkələri ilə müqayisədə Azərbaycanda həkimlərin və cərrahların say tərkibi barədə facebook səhifəsində araşdırma yazısı yerləşdirib.
Ağayevin məqaləsini təqdim edirik:
Bank ekspertlərinin qənaəti budur ki, ölkədə həkim sıxlığı (əhalinin hər 100 000 nəfərinə düşən həkimlərin sayı) yüksək ola bilər, amma gərəkdir ki, onların içərisində cərrahların sayı əhalinin tələbatına uyğun olsun. Cərrahi xidmətlər bəzən çox təcili olur, zaman gözləmir. Ona görə bu xidmətlər hər kəs üçün hər zaman əlçatan olmalıdır.
Verilən məlumata görə, hazırda dünyada xəstəliklərin ən azı üçdə biri üçün cərah xidməti tələb olunur.
Təqdim olunan məlumatlardan görünür ki, yüksək inkişaf etmiş ölkələrdə əhalinin hər 100 000 nəfəri hesabı ilə cərrahların sayı 70 nəfər və daha çoxdur. İnkişaf etmiş ölkələrdə əhalinin hər 100 000 nəfəri hesabı ilə ümumi həkim sayının 300-400 nəfər təşkil etdiyini nəzərə alsaq, deməli həmin ölkələrdə həkim kontingentinin orta hesabla 20%-i cərrahlardan ibarətdir.
Müqayisə üçün deyim ki, hazırda Azərbaycanda bu göstərici 35 nəfər təşkil edir. Azərbaycan üzrə ümumi həkim kontingentinin təxminən 10%-i cərrahlardır.
Dünya Bankının standartı ilə aşağı orta gəlirli ölkələrdə 10, yuxarı orta gəlirli ölkələrdə 40 nəfər təşkil edir.
Deməli, araşdırmadan çıxan 1-ci nəticə odur ki, ölkənin inkişaf səviyyəsi ilə cərrahların sayı arasında birbaşa əlaqə var.
2-ci nəticə odur ki, cərrahların sayı yüksək olan ölkələrdə insanların orta ömür uzunluğu da yüksək olur.
3-cü maraqlı nəticə odur ki, cərrahi müdaxilərin sayı ilə insanların yaşam müddəti arasında birbaşa əlaqə var.
Araşdırmada qeyd olunur ki, əhalinin hər 100 000 nəfəri hesabı ilə cərrahi prosedurların sayı 5000-i ötən ölkələrdə əhalinin ömür uzunluğu daha yüksəkdir. Rəsmi məlumata görə, Azərbaycanda bu göstərici təxminən 2400-dür.
Oxunub: 108