Tural Sadıqlının Ağdamda yaşayan əmisi polisə aparılıb
Mühacir bloqçu Tural Sadıqlının Azərbaycandakı ailə üzvləri və qohumlarına təzyiqlər davam edir. Fevralın 20-də onun Ağdamda yaşayan əmisi Zahir Sadıqovun evinə polislər gəlib və onu özlərilə aparıblar. Bu barədə Z.Sadıqovun qardaşı, T.Sadıqlının atası Əlövsət Sadıqlı feysbukda məlumat yayıb. Məlumatda deyilir:
BİZƏ QARŞI REPRESSİYA HƏLƏ DƏ DAVAM EDİR!
12-ci polis bölməsindən buraxılmağımla əlaqədar yazdığım statusda hökumətin bizə qarşı repressiyasının bitmədiyi ehtimalımı ifadə etmişdim.
DİQQƏTİNİZƏ ÇATDIRIRAM Kİ, EHTİMALIM HƏQİQƏT OLDU:
Belə ki, bu gün səhər tezdən kiçik qardaşım Zahir Sadıqovun Ağdam rayonunun Əhmədağalı (ermənilərlə təmas xəttinin 500 metrliyində) kəndindəki evinə polis sahə müvəkkili, bir post patrul əməkdaşı və bir DYP əməkdaşı gələrək, polis şöbəsində rəis müavini Tofiq müəllimin onu çağırdığını bildiriblər. Əsl səbəbini bilmədiklərini deyiblər. Lakin əlavə ediblər ki, ya Bakı məsələsidir (bizimlə, yəni, Almaniyada yaşayan oğlum Tural Sadıqlının siyasi çıxışları ilə əlaqəli məsələ), ya da maşınınla bağlı məsələdir.
Bu barədə imkan tapıb özü şəxsən mənə zəng edib məlumat verdi.
Hesab edirəm ki, onu polisdə polisə müqavimət, narkotik istifadəçisi, kiminləsə dalaşma və ya mübahisə, silah saxlama və s. ənənəvi ittihamlarla şərləyə bilərlər.
Bəyan edirəm ki, qardaşım Zahir Sadıqov ermənilərlə təmas xəttinin, təxminən, 500 metrliyində – xırda və iri çaplı silahlarla, həmçinin ağır artilleriya ilə mütəmadi atəşə tutulan ərazidə 3 azyaşlı uşaqlı ailəsini kasıbçılıqla dolandıran birisidir. Nə narkotiklə, nə silahla, nə də də hər hansı qeyri-qanuni əməllərlə əlaqəsi yoxdur, kriminala meylli deyil, eyni zamanda internet istifadəçisi deyil və ümumiyyətlə, Tural Sadıqlının siyasi fəaliyyəti və çıxışları barədə məlumatlı deyil. Ona görə də Tural Sadıqlının siyasi çıxış və fəaliyyətinə görə onun polisə çağırılması qeyri qanuni olmaqla bərabər, həmçinin ciddi hüquq pozuntusudur və repsiyanın davam etdirilməsinin bariz nümunəsidir.
Polisdə qardaşım Zahir Sadıqov şərlənəcəyi və ya işgəncəyə məruz qoyulacağı təqdirdə bütün məsuliyyət hakimiyyətin və vətəndaşın hüquq və təhlükəsizliyini qorumalı olan rəsmi dövlət orqanlarının üzərinə düşür.
Qeyd edim ki, qardaşım Zahir Sadıqova hazırda zəng çatmır və yəqin ki, Ağdam Polis Şöbəsindədir. Kəndə erməni atəşi başlasa(tez-tez baş verdiyi kimi), hazırkı durumda qardaşım Zahir Sadıqovun həyat yoldaşı və 3 azyaşlı uşaqlarının kənddə başsız və müdafiəsiz qalacağı şəksizdir…
Həmçinin bildirirəm ki, bu repressiya ki davam edir, heç şübhəsiz ki, oğlum Elgiz Sadıqov da və mən də yenidən ənənəvi ittihamlarla həbs oluna bilərik.
Ona görə də, Daxili İşlər Naziri cənab Ramil Usubovu bizə qarşı tətbiq edilən repressiyanın dayandırılması barədə göstəriş verməyə çağırıram…
Oxunub: 570