YAP-ın namizədi hamam suyuyla özünə necə dost tutur?
Azərbaycan hökuməti ölkə vətəndaşını həddindən artıq sadəlövh, düşüncəsiz, ən primitiv yalanlara aldanan şəxs kimi görür. Ona görə də 25 ildir bütün absurdları normallıq kimi cəmiyyətə sıramaqla məşğuldular. Azərbaycan xalqının kütləvi etirazını görmədikləri üçün bu rəzil siyasəti davam etdirirlər. 150 milyard neft pulunu həzm etdikdən sonra 10 manat maaş artımı edib və bunu “uğurlu inkişaf” kimi tirajlamaq vətəndaşı təhqir etməkdir.
İndi də seçkilərə ay yarım qalmış “səxavət boxçası” açıblar. Ölkə başçısı bir ucdan sərəncam imzalayır və müxtəlif sahələrdə çalışanların maaşlarını artırır, təqaüdlərini çoxaldır və.s Əslində bu prosesin özü də vətəndaşı alçatmaq, ağlayan uşağa konfet uzatmaq cəhdidir. Açıq şəkildə deyrilər ki, seçki ili olmasaydı vətəndaşın heç bir önəmi olmazdı. İndi isə ölkədəki kütləvi narazılığı duyurlar, əhalinin sosial-iqtisadi vəziyyətinin pis olduğunu bilirlər və buna görə də seçkiyə qədər “qayğıkeş hökumət” roluna giriblər. Əminliklə demək olar ki, seçkilər oktyabrda keçirilsəydi, Əliyevin məlum sərəncamları da oktyabrda olacaqdı.
Əvvəla, bu sərəncamlardan tökülən qayğı milyonları əhatə etmir, yüzləri, minləri ağuşuna alır. Əgər hökumət doğurdan da vətəndaşa qayğı göstərmək istəsəydi, şəhis ailələrinin slğorta pulunu verər, devalvasiyadan dəyən zərərin müəyyən hissəsini kompensasiya etməyə çalışar, təhsil haqlarını azaldar, monopoliyaları ləğv edər, maaşlarda əhəmiyyətli artıma imza atardı və.s Biz şahidi olduq ki, hökumət istəyəndə Beynəlxalq Bankın sağlamlaşdırılması üçün onmilyardlar da xərcləyir. Amma vətəndaşın zərərini ödəmək üçün yüzmilyonları qıymır.
Digər tərəfdən, ölkə başçısı indiki mərhələdə büdcə pullarının bir hissəsini səfərbər etməklə öz təbliğatını aparır. Yəni, bu sərəncamaların məqsədi vətəndaşa gün ağlamaq deyil, hökuməti ağlamalı vəziyyətdən xilas etməkdir. Faktiki olaraq İlham Əliyev hamam suyuyla özünə dost tutur. Seçkidən sonra isə hamamın suyu kəsiləcək və vətəndaşı palçıqlı suyla çimməyə məcbur edəcəklər.
Yuxarıda da qeyd etdiyimiz kimi hökumət bu taktikanın işə yarayacağını və 5-10 manat artımın insanları valeh edəcəyini gözləyir. Bəli, xalqa dilənçi payı uzadırlar ki, xalq əvəzində şahın ayaqlarına qapansın.
Ümumi mənzərə bundan ibarətdir ki, hətta seçki öncəsi də vətəndaşa samballı jest etməyə ehtiyac duymadılar və büdcədən bir neçə yüz milyon manat silməklə işlərini bitmiş hesab etdilər. Öz aləmlərində bir gülləylə iki dovşan vururlar. Və bütün bunlar həm də seçkinin bir oyun olduğunu, yalnız YAP-ın namizədi üçün şərait yaradıldığını, büdcənin bir ailənin şəxsi pul kisəsi olduğunu təsdiqlədi
Samir
Oxunub: 1038