Birləşmiş Ştatlar 3 milyard dollardan artıq dəyərində Rusiya ixrac sövdələşmələrinin qarşısını ala bilib. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.
Sözçünün bildirməsinə görə, bu sövdələşmələrin önlənməsi bir cəzadır. Bu, Rusiya büdcəsinə daha az pulun daxil olması deməkdir və Vaşinqtonda bunu ABŞ-da seçkilərə müdaxiləsi və Suriyadakı əməliyyatlara görə “Rusiyanın məsuliyyətə cəlb olunması işində” uğur sayırlar.
Vaşinqton bəzi ölkələrin bir sıra Rusiya malları və materiallarını almaqdan imtina etməsindən də məmnundur, departament sözçüsü bildirib.
Konqresin ötən il qəbul etdiyi, prezident Donald Trump-ın imzaladığı qanun Rusiyanın müdafiə sektoru və kəşfiyyatıyla sövdələşmələr bağlayan ölkələrə qarşı da sanksiyalar nəzərdə tutur.
Daha öncə ABŞ dövlət katibi Rex Tillerson bildirib ki, Vaşinqton bir sıra Rusiya vətəndaşlarına yeni sanksiyaların qoyulmasını nəzərdən keçirir.
Yanvarın 30-da ABŞ xəzinədarlığı “Kreml hesabatı”nı – prezident Vladimir Putin-ə yaxın, sanksiya qoyula biləcək rəsmi və oliqarxların siyahısını açıqlayıb. Siyahıda 210 nəfərin adı var.
ABŞ 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etdiyinə və Ukraynanın şərqinə müdaxiləyə görə Moskvaya sanksiyalar qoyub. Sonradan sanksiyalar bir neçə dəfə genişləndirilib.
Oxunub: 190