Ölkə başçısı “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədi ilə builki dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.
Sərəncamda qeyd olunur ki, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə müvafiq dövlət proqramlarına uyğun aparılan islahatlar əhaliyə verilən içməli suyun keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəlib. Çox yaxşı! Amma keyfiyyətli su insanlara hardan gəlib çıxır görəsən? İllərdir suyun əsas çirklənmə mənbəyi olaraq göstərilən boruların dəyişdirilməsi nə zaman gündəmə gələcək görəsən?
Xatırlayırsınızsa, 2016-cı ildə Böyük Britaniyanın “The Daily Mail” nəşri ekspertlərə istinadən Azərbaycanda suyun insan səhhəti üçün təhlükəli oldu]unu yazmışdı. Əslində, bu heç də yeni söhbət deyildi. Ölkəmizdə çalışan xarici şirkətlər burdakı suyun tərkibini ciddi şəkildə yoxladıqdan sonra bu qənaətə gəliblər. O yoxlamalarda nəinki su kranından gələn, hətta təmizlənmiş su kimi mağazalarda satılan suyun tərkibində də insan səhhəti üçün zərərli maddələr olduğu bildirilmişdi. Səlahiyyətli qurumlar hər dəfə bu problemi infrastrukturun köhnəlməsi, boruların istismar müddətinin bitməsi ilə bağlayaraq, məsuliyyətdən qaçmağa çalışır. Amma ya vəlvələdən, ya zəlzələdən, əhaliyə keyfiyyətli su gəlib çıxmırsa, məsuliyyət kimin üzərində qalır? “Azərsu” dönə-dönə vurğulayır ki, suyu təmizləyici qurğulardan keçirib evlərə verirlər, o köhnə borularda çirklənib keyfiyyətini itirir.
Bilmirsən ağlayasan, ya güləsən. Həqiqətən də, evimizə su gətirən borular artıq çürüyüb tökülmək üzrədir. Yəni son 10 ildə “Azərsu”ya gələn milyardlarla vəsaitdən o boruları dəyişməyə pay çatmadı? İndi o boruları kim dəyişib təzələməlidir? Artıq o borular qəflətən partlayıb suyu evlərə dağıdacaq həddə köhnəlib sıradan çıxıb. Bunu ekoloq Telman Zeynalov da müsahibələrinin birində etiraf etmişdi. O, demişdi ki, su boruları 50-60 il bundan əvvəl quraşdırılıb, ondan sonra insanlar əlavə evlər tikib, hər dəfə o borulara müdaxilə olunub: “Borular indiyə kimi paslanıb, əzilib və suyun içinə başqa nələrsə qarışıb, verilən su da həmin borularla gəlir. Ancaq siz gedin, su anbarlarına baxın, oradan analiz götürüb araşdırın görün ki, həmin su nə qədər təmizdir. Sadəcə, həmin su köhnə borularla yaşayış binalarına, mənzillərə verilir. O borular da köhnədir. Onları dəyişdirmək lazımdır. Problem yalnız borulardadır…”
Keçən yazılarımızda qeyd etmişdik. Araşdırmalara görə, son dörd ildə Azərbaycanın su təsərrüfatı və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması işlərinə dövlət büdcəsindən və hökumət zəmanəti ilə alınan kreditlər hesabına təqribən 3 milyard dollardan artıq vəsait xərclənib. Hələ rəsmi açıqlamaya görə, Dövlət Neft Fondundan ayrılan 779,6 milyon manat vəsait hesabına başa gələn və böyük yeyinti qalmaqalları ilə yadda qalan Oğuz-Qəbələ-Bakı su kəmərinin xərci bura daxil deyil. Bu qədər vəsaitdən o paslı, çürümüş boruları dəyişmək çətin idimi yəni? Sağlamlığımız üçün birbaşa təhlükə yaradan o çürük boruları dəyişmək önəmlidir, yoxsa o suya sayğac quraşdırmaq? Şübhəsiz, bu hökumət pul-para saymağı yaxşı bilir. Amma gərək hər gün o paslı borularla evinə su axan insanları da saysın. Axı o milyardları hökumətə qazandıran həmin insanlardır…
Səadət
Oxunub: 276