Fevralın 20-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Ağsaqqallar Şurasının konfransı keçirilib.
“İca Hakimiyyətindən Trend-ə verilən məlumata görə, konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Binəqədi Rayon Prokuroru Nazim İmanov, Aparatın şöbə müdirləri, Ağsaqqallar şurasının üzvləri, BRİH başçısı yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rayon şöbələrinin rəhbərləri və ASAN könüllüləri iştirak edib”.
Alışdığımız, AzTV-lərdən eşitdiyimiz gündəlik xəbərlərdəndir. Növbədənkənar prezident seçkisi qərarından sonra bu tip informasiyalar daha çox eşidiləcək, eşidilməkdədir. Bu tədbir də seçkiyə hesablanmış yığıncaqdır. Elə yığıncağın sonunda icra başçısının səsləndirdiyi sözlər tədbirin mahiyyətini, məqsədini ortaya qoyur: “…Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Xalqımızın dəstəyi ilə İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək”.
Təəccüblü heç nə yoxdur. İlham Əliyevin təyin etdiyi kadr başqa necə danışa bilər. Maraqlısı hakimiyyətin müstəqil qollarından biri olan məhkəmənin siyasətə qarışmasıdır, polisin siyasətə burun soxmasıdır. Həmin tədbirdə Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov da iştirak edib. Ancaq mantiya geyinməyib. Niyəsini özü daha yaxşı bilər; həm mantiya geyinməməyinin, həm də tədbirdə iştirakının. Lap tutaq ki, başqa heç bir məqsəd yoxdur və həqiqətən Ağsaqqallar Şurasının yığıncağıdır. Məhkəmənin sədrinə, rayon prokuroruna, polis rəisinə bunun nə dəxli var? Bəs qəbul etdiyiniz qanunlar, onlar kimin üçündür? Xalqı siyasətdən uzaq tutmağa çalışır, əvəzində siyasətə qarışmamalı adamları çirkaba batırırsız.
ASAN könüllüləri niyə könüllərindən keçmədiyi halda ora yığımısız? Ölkədə o qədər qarmaqarışıqlıq, başıpozuqluqdur ki, nəyi necə etməyi belə unudurlar. Kimin ağlına nə gəlirsə, yeni, kreativ ideya kimi təqdim edir. Başa çıxarılanlar da o qədər dayaz, düşüncəsizdirlər ki, belə təkliflərin fərqində belə deyillər. Başlıcası kütləvilik olsun, əl çalanların, baş əyənlərin sayı artsın. Başa düşdük, könüllülər ordusu yaratmısız, heç bir dəyər vermədiyiniz, problemlərini həll etmədiyiniz, taleyin və ailələrinin ümidinə buraxdığınız gəncliyə qayğı görüntüsü yaratmaq istəyirsiniz, ancaq bu “qayğı” onların özgürlüyündən yox, kimlərəsə yarınmasından, yaltaqlanmasından, əyilməsindən keçməlidir.
Dünya dəyişsə də YAP dəyişmir…
Azadliq.info
Oxunub: 680