Yaxud, ölmüş şəxsə toy dəvətnaməsi vermək
Verilən sərəncamlar, yaradılan qurumlar, imzalanan fərmanlar icraya yönəldilsəydi, bu gün Azərbaycan həqiqətən də analoqsuz ölkə olardı. Amma görünən budur ki, sərəncamlar artdıqca, yeni qurumlar yarandıqca vəziyyət daha da pisləşir. Çünki hökumətin bütün fəaliyyəti imitasiyadır. Real islahatlar üçün siyasi iradə yoxdur.
Bugün isə ölkə başçısı daha bir sərəncam imzalayıb. Bəli, vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncamda deyilir ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.
Olduqca tragikomik mənzərə yaranıb. Bir tərəfdən bütün müstəqil vəkillər Kollegiyadan çıxarılır, ədalətin təntənəsi üçün çalışan vəkillərə qarşı süni ittihamlar irəli sürülür, hətta vəkillər sifarişlə həb olunur, o biri tərəfdən vəkilliyin inkişafıyla bağlı sərəncam imzalanır.
Qanunların işləmədiyi, hüququn hörmətdən salındığı, müstəqil məhkəmələrin olmadığı ölkədə vəkillik necə inkişaf etdirilə bilər. Dünyanı hər yerində vəkillik ən mötəbər peşələrdən biri hesab olunur. Azərbaycanda isə ən savadlı, peşəkar vəkilin də hər hansı prosesi udmaq şansı yoxdur. Çünki ölkədə müstəqil hakim qalmayıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları öz hüquqlarını qorumaq üçün Avropa Məhkəməsin əpənah aparırlar. Bugünə qədər minlərlə vətəndaş Azərbaycan məhkəmələrində uuduzduğu halda, Avropa Məhkəməsində qalib gəlib və dövlətdən təzminat alıb. Təkcə siyasi xarakterli məhkəmə proseslərinə nəzər salanda, Azərbaycanın hüquq sisteminin nə qədər acınacaqlı vəziyyətdə olduğunu aydın görmək olur. Faktiki olaraq günahsızlığı sübut oolunmuş insanlara ən ağır cəzalar verilib. Vəkil bütün sübutları ortaya qoysa da, ittihamın qurama olduğunu sübuta yetirsə də, nəticə dəyişmir. Ölkənin ən nüfuzlu, beynəlxalq aləmdə tanınmış vəkilləri sıradan çıxarılıb. Bu adamlara adi ofis şəraitində işlməyə də, ali məktəblərdə dərs deməyə da imkan verilmir. Bu ölkədə bütün sahələrdə olduğu kimi vəkillik sahəsində irəli getmək üçün yaltaqlığı, yalana haqq qazandırmağı, hüququn tapdanmasına göz yummağı bacarmalısan.
Təbii ki, belə bir şəraitdə vəkilliyin inkişafından danışmaq absurddur və heç bir sərəncam nəticəni dəyişə bilməz. Hüququn tənəzzülə uğradığı ölkədə vəkillik inkişaf edə bilməz. Ölmüş şəxsin adına dəvətnamə yazmaqla toyda iştirakçıların sayını artırmaq olmaz.
Bir sözlə, ilk növbədə hüququ diriltmək lazımdı.
İlham
Oxunub: 216