Nəsimi Məmmədli
Hər bir insan həyatda bir ömür yaşayır. Yaşanan günlər bir daha geri dönmür, əbədi tarixə çevrilir. İnsanın əbədiləşməsi onun ictimai yüklü əməllərindən asılıdır. Bu, pis və yaxşı əməllərin hər ikisinə aiddir. Öz ailəsi və tayfası çərçivəsində yaxşı əməlləri ilə xatırlanan mükəmməl insanlar da az deyil. Ancaq bu insanlar nə qədər dəyərli olsa da onları yalnız kiçik bir ailə çərçivəsində xatırlayırlar. Ən çox 30-40 il rəhmətlə xatırlanır və sonra unudulmağa məhkumdur.
Yeniyetmə yaşlarından dövlətin müstəqilliyi uğrunda mübarizəyə könül verən, çox gənc ikən könüllü şəkildə əlinə silah götürüb ərazi bütövlüyümüzün bərpası uğrunda savaşa atılan, döyüşlərdə ağır yaralanmasına baxmayaraq mübarizədən çəkilməyən, ən çətin və ümidsiz anlarda belə vətənin təəsübünü çəkməkdən usanmayan bir dəyərli insanın bu gün doğum günüdür.
Çağdaş mübarizə tariximizdə adı əbədiləşməkdə olan Asif Yusiflini 1995-ci ildən, BDU-nun hüquq fakultəsində təhsil alarkən tanımışam. AXCP-nin BDU şöbəsində fəal gənclərdən idi. Sonra 1998-ci ildə birgə kütləvi və intellektual gənclərdən ibarət Gənc Demokratlar Hərəkatı adlı təşkilat yaratdıq. Asif bəy 7 nəfərlik İdarə Heyətinin üzvlərindən biri olsa da, təşkilat daxilində xüsusi çəkisi var idi.
O, təkcə yaxşı təşkilatçı deyil, həm də etibarlı dost, mehriban yoldaş, cəsarətli silahdaş kimi hamının sevimlisi idi. Asif bəyin siyasi proseslərdə nikbinliyi, səmimiliyi, prinsipiallığı ərtafda hər kəsə müsbət təsir edən həlledici faktora çevrilmişdi. Onun olmadığı toplantılarda bir boşluq yaranırdı və sanki bütün uğurlarımızda müstəsna payı var idi.
AXCP sədrinin müşaviri olan Asif bəy hazırda təqsirsiz olduğu halda 4 ildir məhkumluq həyatı yaşayan siyasi məhbuslardan biridir. O, şərəfli ömür yaşamış və yaşamaqda olan dəyərli qazi qardaşımızdır. Yüksək savada, intelektə və analiz qabiliyyətinə malik hüquqşünas-vəkildir, haqq və özgürlüklər uğrunda mübarizənin önündə olan cəsarətli demokratdır.
Asif bəyi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür və özgür yaşamağı arzulayıram. Əminəm ki Asif bəy bir gün azadlığına qovuşacaq və canı qədər sevdiyi Azərbaycanın demokratikləşməsi və çiçəklənməsinə öz töhfəsini verəcək. Allah yardımçısı olsun!
Oxunub: 412