İsveç hərbiyyəsi ölkə parlamentindən müdafiə xərclərinin artırılması üçün ricasında Rusiyanın getdikcə daha təcavüzkar siyasət yürütdüyü əsas gətirib.
Silahlı Qüvvələrin parlamentə 23 fevral tarixli hesabatında deyilir ki, İsveç illik hərbi xərclərini iki dəfə artıraraq 2035-ci ilədək 115 milyard İsveç kronuna (14 milyard dollar) çatdırmalıdır. Hazırda bu rəqəm 50 milyard krondur.
Hərbiyyə başçıları habelə fəal hərbi heyətin iki dəfə artırılaraq 120 min hərbçiyə çatdırılmasını istəyirlər.
Hesabatda bu dəyişiklilər üçün əsas səbəb kimi Moskvanın hərbi xərclərini artırması və daha aqressiv xarici siyasət yürütməsi göstərilir.
Sənəddə deyilir: “Rusiya 2008-ci ildə Gürcüstanda, habelə Krım və şərqi Ukraynada öz siyasi məqsədlərinə çatmaq üçün hərbi gücdən tərəddüdsüz istifadə etməyə hazır olduğunu nümayiş etdirib”.
İsveç NATO üzvü olmasa da, blokun digər üzvləri ilə birlikdə keçirilən təlimlərdə iştirak edib. Bəzi siyasətçilər İsveçin NATO-ya qoşulmaq zərurətinin olduğunu dilə gətirirlər. Moskva belə bir addımın əleyhinə olduğunu əvvəllər bildirib.
Ölkə hərbiyyəsinin bu hesabatı açıqlanmazdan əvvəl İsveç Təhlükəsizlik Xidməti Moskvanın sentyabrda keçiriləcək parlament seçkisinə potensial müdaxiləsi ilə bağı xəbərdarlıq etmişdi.
Təhlükəsizlik Xidmətinin xəbərdarlığında deyilirdi ki, “Rusiya casusluğu ölkənin təhlükəsizliyi üçün ən böyük hədə sayılır”.
Oxunub: 204