Baş nazir Artur Rasizadə məhkum edilən və ya barəsində qətimkan tədbiri seçilən şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısını təsdiq edib.
Elektron nəzarət vasitələrindən istifadə qaydaları da təsdiqlənib.
Nazirlər Kabinetinin (NK) məlumatına görə, sənədlər dünəndən, aprelin 15-dən qüvvəyə minib.
NK-nın qərarına görə, məhkum edilən və ya barəsində qətimkan tədbiri seçilən şəxslərə 4 növ vasitə tətbiq edilə biləcək. Bunlar elektron qolbaq, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası və ev siqnal ötürücüsüdür.
Elektron qolbaq şəxsin ayağına bağlanacaq. Həmin vasitə coğrafi yerdəyişməni izləyəcək, monitorinq mərkəzinə bununla məlumat ötürəcək. Mobil nəzarət qurğusu elektron qolbaqla birgə istifadə ediləcək. O, daim şəxsin yanında olacaq, qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə verəcək.
Ev nəzarət stansiyası da elektron qolbaqla birgə istifadə edilməlidir. O, şəxsin yaşadığı evdə quraşdırılan elektron cihazdır.
Evdə quraşdırılmalı olan ev siqnal ötürücüsü isə elektron qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron vasitədir.