Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
– Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
– Aprelin 11-də ölkə boyu seçki saxtakarlığı həyata keçirilib. Bu barədə Milli Şuranın aprelin 14-də keçirilən mitinqində deyilib.
– Aprelin 11-də seçkidə iştirak edən 8 namizəddən 7-si təbliğat kampaniyası zamanı rəqiblərini – İlham Əliyevi tərifləyib.
– Aprelin 11-də ən yüksək seçici fəallığı Şərur-Sədərək seçki dairəsində olub. Bu seçki dairəsidə 38 713 seçicidən 32 132 nəfəri (83%) səsvermədə iştirak edib.
– Aprelin 11-də ən aşağı seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində olub. Burada qeydiyyatda olan 40 068 seçicidən 24 646 nəfəri (61.51%) səsvermədə iştirak edib.
– Aprelin 11-də 14 saylı Xəzər 1-ci seçki məntəqəsində üzərlik yandırılıb.
– Aprelin11-də ombudsman Elmira Süleymanova ona siyasi məhbuslarla bağlı sual verən jurnalistə “heç hənanın yeridir?” deyib.
– Aprelin 11-də prezidentliyə namizəd Hafiz Hacıyev rəqibi İlham Əliyevə səs verib.
– Aprelin 11-də İlham Əliyevə səs verən iki nəfər Şəhidlər xiyabanında özlərini yandırmaq istəyiblər.
– Aprelin11-də respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib.
– Aprelin 11-də müxalifət növbədənkənar prezident seçkisini boykot edib.
Aprelin 11-də seçkini 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
– Aprelin 11-də “Azad və demokratik seçkilər uğrunda vətəndaş təşəbbüsü” QHT-dən müşahidəçi, Polşa parlamentinin keçmiş üzvü və AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin sabiq həmməruzəçisi, professor Tadeuş İvinski deyib: “Vaxtın erkən olmasına baxmayaraq yüksək fəallıqdan heyranam. Səsverməyə çox adam gəlib, xüsusilə qadınlar çoxdur. Komissiyaların tərkibində də qadınlar işləyir. Fəallıq çox yaxşıdır”.
– Aprelin 11-də DTX-nın hərbi qulluqçuları seçkidə fəal iştirak ediblər.
– Aprelin 11-də saat 15.00-a qədər seçicilərin 60 faizi səs verib.
– Aprelin 11-də MSK sədri Məzahir Pənahov səsvermə zamanı heç bir pozuntuya yol verilmədiyini bildirib.
– Aprelin 11-də keçirilən növbədənkənar prezident seçkisində 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsi, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqəsi, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri aprelin 15-də ləğv olunub. MSK sədrinin müavini Natiq Məmmədovun sözlərinə görə, bu məntəqələrdə pozuntu halları aşkarlanıb.
N.Məmmədov qeyd edib ki, bundan başqa, 57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsinin və 73 saylı Lənkəran Şəhər seçki dairəsinin 10 saylı məntəqəsində komissiyaların tərkibi buraxılıb.
– Aprelin 11-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verərkən jurnalistlərə prezident seçkilərinin yüksək səviyyədə keçdiyini deyib.
– Aprelin 11-də Mətbuat Şurası saat 08.00-dan 19.00-dək olan müddətdə prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmadığı barədə xəbər yayıb.
Aprelin 11-də 25 saylı Nizami 2-ci seçki dairəsində jurnalist çəkiliş apararkən məntəqə seçki komissiyası rəhbərinin hücumuna məruz qalıb. Bu barədə “Turan” agentliyi xəbər yayıb.
– Aprelin 11-də “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqat İnstitutu ilə birlikdə Azərbaycanda prezident seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrinə görə İlham Əliyevin səslərin 86,53 faizini topladığını açıqlayıb.
– Aprelin 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov “Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçdi” deyib.
– Aprelin 11-də saat 19.00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.
– Aprelin 11-də axşam saatlarında Bakıda Yeni Azərbaycan Partiyası (YAP) “İlhamla irəli” adlı konsert proqramı keçirib.
– Aprelin 11-də bütün seçki məntəqələrində “karusel əməliyyatı” aparılıb.
– Aprelin 11-də MSK-nin 1000 məntəqədə quraşdırdığı bütün müşahidə kameraları vasitəsilə seçki saxtakarlığı qeydə alınıb.
Aprelin 11-də İlham Əliyev ardıcıl dördüncü dəfə prezident seçilib.
– Aprelin 11-də keçirilən seçkinin nəticələrini MSK aprelin 15-də təsdiqləyib və Konstitusiya Məhkəməsinə göndərib…
Rövşən Hacıbəyli