Azərbaycan hakimiyyətinin seçki saxtakarlığına haqq qazandırmayın
Milli Şura bəyanat verərək, 11 aprel saxta seçkilərinə münasibətdə bir sıra beynəlxalq təşkilatların başçılarının ikili mövqeyi tutmasına etirazını bildirib. Bəyanatda deyilir:
Məlum olduğu kimi Azərbaycan hakimiyyətinin 11 apreldə keçirdiyi saxta seçkilər ATƏT DTİHB və Avropa Şurası müşahidə missiyaları tərəfindən mənfi qiymətləndirilmiş, növbədənkənar seçkilərin ölkədə siyasi azadlıqların məhdudlaşdırıldığı, vətəndaşların azad şəkildə öz iradəsini ifadə edə bilməməsi, ifadə, söz və mətbuat azadlıqlarının kəskin məhdudlaşdırıldığı, ölkə müxalifətinin növbədən kənar seçkiləri boykot etdiyi, plüralizmin və həqiqi rəqabət mühitinin olmadığı, siyasi fəaliyyət imkanlarının məhdudlaşdırıldığı, sərbəst toplaşma azadlığının təmin edilmədiyi, ölkədə çoxsaylı siyasi məhbusların olduğu şəraitdə keçirildiyin qeyd etmişdir. ATƏT DTİHB öz rəyində bildirib ki, tələbələr, büdcə təşkilatlarının işçiləri hakim partiya kimi YAP təşviqatına cəlb olunub. Seçki günü baş vermiş pozuntularla bağlı ATƏT DTİHB və Avropa Şurası müşahidə missiyalarının rəyində göstərilir ki, 11 apreldə seçki qutularına topa bülletenlerin atılması, karusel qruplarından istifadə edilməsi, bir adamın bir neçə dəfə səs verməsi, mətbuta işçiləri və müşahidəçilərə zor tətbiq edilməsi, icra orqanlarının seçkiyə müdaxiləsi halları müşahidə edilmişdir. Avropa İttifaqı saxta seçkilərdən dərhal sonra ATƏT DTİHB-in müşahidə missiyasının 11 aprel seçkiləri haqqında mənfi qiymətləndirməyə qoşulduğun bildirib. Avropa İttifaqının açıqlamasında deyilir ki, ATƏT-in Seçkiləri Müşahidə Missiyasının rəyində seçkilərin siyasi fəaliyyət imkanlarının minimuma endirildiyi, qanunvericilik vasitəsilə fundamental hesab olunan sərbəst toplaşma azadlığı təmin edilməyib, seçki günü müşahidəçilər çoxsaylı qanun pozuntuları ilə qarşılaşmışlar, seçki qanununun tələblərinə geniş miqyasda sayğısız münasibət göstərilib. Bütün deyilənlər Azərbaycanda seçkilərin saxtalaşdırılması, Azərbaycan xalqınım seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edilməsi, xalqın seçim haqqının mənimsənildiyin aydın şəkildə təsdiq edir.
Azərbaycan xalqının boykot etdiyi, tam saxtakarlıq şəraitində hakimiyyətin xalqın seçki hüququnu mənimsənildiyi bu məzhəkədən sonra Avropa Şurasının baş katibi cənab Torbörn Yaqland və Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tuskun İlham Əliyevə prezident “seçilməsi” münasibəti ilə təbrik göndərməsi təəccüb və təəssüf doğurur. Avropa məkanında azad, ədalətli, demokratik seçki keçirilməsinə cavabdeh olan Avropa Şurası və Avropa İttifaqı kimi mötəbər qurumların Əliyev rejiminin seçki korrupsiyasına təbrik göndərməsi Azərbaycan xalqının seçki haqqının mənimsənilməsinə göz yummaq anlamına gəlir və bu qurumların rəhbər tutduğu demokratik prinsiplərlə bir araya sığmır. Milli Şura azad dünyanı təmsil edən beynəlxalq birlikləri və dövlətləri elan etdikləri demokratik prinsiplərə və Azərbaycan xalqının fundamental hüquqlarına, o cümlədən seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququna hörmətlə yanaşmağa, Azərbaycan hakimiyyətinin seçki saxtakarlığına haqq qazandırmamağa çağırır.