Ölkə parlamenti bəzi media qanunlarına dəyişiklik etməyə hazırlaşır. Həmin dəyişikliklər paketi bu gün, aprelin 17-də Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirə edilib. Bu haqda Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanunun senzuranın yolverilməzliyi ilə bağlı maddəsinə dəyişikliklər təklif olunur. KİV qanunun “Senzuranın yolverilməzliyi” adlanan hazırda qüvvədə olan mətnində KİV üzərində dövlət senzurası qadağan edilir. Ancaq 2 hal istisna təşkil edir. Fövqəladə vəziyyət durumunda məhdudiyyətə icazə verilir. Bundan başqa, hazırkı qanun dini ekstremizm əleyhinə əməliiyyatlar zamanı da informasiyaların verilməsinə məhdudiyyətlərin tətbiq edilə bilməsini mümkün sayır. Dəyişiklik təklifi bu çərçivəni bir qədər də genişləndirir.