Mehriban Əliyeva PA komandasının qələmini qırıb?
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2016/01/meclis-parlament.jpg)
Ölkədə hər şey baş-ayaqdır. Elə ona görə də qərar verənin və icra edənlərin kimliyini müəyyənləşdirmək də çətindir. Bir tərəfdən İlham Əliyev xalqı ələ salıb güyə reformalar həyata keçirdir… Əli Həsənov və Həcibala Abutalıbov işdən azad olundular… İki pensioner… Artıq ölkənin durumu cərəyan edən siyasi reallıqlardan deyil, çayxana söhbətlərindən ortaya çıxır. Günün əsas mövzusu İlham Əliyevin islahat şousu və “iqtidar daxilində işləməyə qoymayan tiplər” olsa da, pərdə arxasında başqa söhbətlər gedir. Əslində, prezidentin eyhamı da elə o məsələnin açığa çıxan tərəfidir. Bəli, çoxdan planlaşdırıldığı kimi, Mehriban Əliyeva köhnələrin qələmini qırıb öz komandasını formalaşdırmaq istəyir. Vitse-prezidentin bu “qırğına” da məhz Prezident administrasiyasından başlayacağı deyilir. Onun PA ilə ilə köhnə intriqaları var. Niyəsinin detallarını özləri bilir, amma bu intriqanın hakimiyyət daxilində kimin birinci söz sahibi olması üstündə getdiyi məlumdur. Xanım Əliyeva bu səlahiyyətə daha çox iddialıdır və hakimiyyətdə bütün önəmli məsələlərin boz PA tərəfində həll olunmasını həzm etmək istəmir. PA komandasını vurmaq, gerçəkdən, onun çoxdankı planıdır. İndi bunu uşaqdan-böyüyə hər kəs bilir. Bu intriqa artıq iki vəzifə adamının şəxsi məsələsi olmaqdan çıxıb, çevrilib dövlət qurumlarının didişməsinə. Çəpərin bu tayında PA komandası, o biri tayında isə Milli Məclis dayanır.
MM ilə administrasiya niyə yola getmir?
Didişmənin kökündə səlahiyyət məsələsi olduğunu bildik. Amma bu qarşıdurma o dərəcədə dərinləşib ki, YAP-ın ən bərk gedən simaları mətbuata çıxıb bir-birinə söz atmaqla məşğuldur. Deputat Eldar İbrahimovun məşhur çıxışını xatırlayın. Adam köhnə komandaya islahat imitasiyası adına bircə nəfərin də buraxılmasını istəmir və onlara satqın damğası vurur. Daşın kimin bostanına atıldığı bəllidir, deyilmi? Hələ bu üzdə olan çox kiçik detaldır. MM deputatları ilə PA işçiləri arasında intriqanın ana-bacı söyüşü səviyyəsinə qədər gəlib çıxdığı haqqında məlumatlar var. Deyilənə görə deputatlar öz aralarında “bir halda prezidentlə vitse-prezidentin özü bunları söyür, biz nədən söyməyək” söhbətləri edirlər. Belə görünür ki, hakimiyyəti hələ də əldə saxlamaq üçün hər iki tərəfin öz planı var. Amma oğul bala hələ təhsil aldığına görə, növbədənkənar parlament seçkiləri söhbəti qalır 2020-ci ilə. Bir yandan da İlham Əliyevi qorxudan başqa bir məqam var-bələdiyyə seçkiləri. Xülasə, at izi it izinə qarışıb. Görünür, İlham Əliyevi də narahat edib, dilə gətirən bu qarışıq məsələlərdir…
Etirazlar hər iki tərəfin oyununu poza bilər
Ölkənin fəlakətli durumu belədir. İqtidar daxilində iki tərəf boğuşur. Hər tərəfin öz maraq davası var. Daha çox səlahiyyət, daha çox varidat, daha çox imkan əldə etmək davası. Bu davada xalqı saya salan, onun fikri ilə hesablaşan və ya mövqeyini düşünən yoxdur. Azərbaycan bir antimilli diktaturanın cəngində əsirdir. Onun taleyini istədikləri kimi yazıb, istədikləri kimi pozurlar. Amma bu dəfə oyunu xalq özü pozacaq. Bunu 19 oktyabr aksiyası bir daha sübuta yetirdi. Bu hoqqabaz, ölkə adına utanc olan hakimiyyətin xalqla hesablaşmaq zamanı gəlib. Yuxarılar ya bu həqiqəti dərk edib, azad seçki keçirmək planlarını işə salmalı, ya da yüz minlərin etirazı qarşısında necə dayanacaqlarını düşünməlidir. Azacıq ağlı başında olan birinci variantı seçər. Xalqın səsini eşitməyin zamanıdır.