Bu hakimiyyət təkcə yarıtmaz, oğru və yalançı deyil, həm də olduqca abırsızdır. Belə utanmaz adamlara dünyanın heç bir yerində rast gələ bilməzsiniz. İndiyə qədər insanlığa yaraşmayan hər cür pislikdə adaları çıxmışdı, qalmışdı diplomatik nümayəndəliklərin telefon danışıqlarını dinlədib yaymaq. Ölkəni hər yerdə rüsvay etməyi bacarmışdılar. Bunu da bacardılar. Hakimiyyət başını əməlli-başlı itirib və diplomatik korpuslarla açıq şantaj yoluna keçib. Rəzaləti gördünüz. Bu adamlar ABŞ səfirliyinin və Avropa Birliyinin diplomatları ilə olan görüşləri, telefon danışıqlarını “şpioncasına” yazır və birbaşa TV vasitəsilə yayırlar. Milli Şuranın təşkilatçılığı ilə keçirilən 19 oktyabr aksiyası zamanı Gültəkin Hacıbəylinin AB-ni təmsil edən xarici diplomatla olan danışığını dinləyib birbaşa Real TV-də yaymaq nə deməkdir, bilirsiniz? Diplomatik qalmaqal. Adamlarda dövlətçilik əxlaqı adına bir şey yox, məlum. Bir yandan da olan-qalan ağıllarını itiriblər, anlaqsız şəkildə daşı kimə, hara necə gəldi tolazlayırlar. G. Hacıbəyli MŞ Koordinasiya Mərkəzinin üzvüdür və onun avropalı diplomata müxalifət liderlərinin və fəalların həbsi haqqında məlumat verməsi çox adi bir haldır. Bunların etdikləri isə dünyada bənzəri az-az görünən rüsvayçılıq və rəzillikdir. G. Hacıbəyli məsələyə belə münasibət bildirib: “Əli Kərimliyə qarşı dünənki işgəncəyə ABŞ və Avropa Birliyindən sərt reaksiya gələcəyindən qorxan Azərbaycan hakimiyyəti bu yolla ABŞ və Avropa Birliyini şantaj edir!”
Bəli, məsələnin kökündə məhz şantaj durur. Bu qalmaqal bir daha sübut etdi ki, bunlar hakimiyyətlərini uzatmaq üçün hər cür dövlət maraqlarını satmağa hazırdırlar. Doğrudur, böyük hay-küydən sonra Real TV tüpürdüyünü yalayıb videonu sildi, ancaq daha olan olmuşdu. Deyən gərək, kimi nəylə şantaj edirsiniz, ay yelbeyinlər? Elə bilirsiniz telefon danışıqlarının məhz Paşayevlərin, daha doğrusu Mehriban Əliyevanın telelayihəsi olan Real TV-də yayımlanması təsadüfdür? Xeyr, elə bütün səfirliklərin və diplomatik nümayəndəliklərin telefon danışıqlarını dinlətdirən Əliyevanın özüdür. Əliyev xanədanının Hürrəm Sultanı öz casus şəbəkəsi vasitəsilə kompromat yığıb səfirləri şantaj etmək niyyətinə düşüb demək ki. Qara niyyətdir, ölkəyə başaşağılığı gətirən niyyətdir. Belə yerdə “niyyətin öz başını yesin” deyərlər. Görünür, vitse-prezidentin ölkənin pullarını kisə-kisə daşıyıb xarici ölkələrdə muzey, məktəb, kilsə təmirinə tökməsi də boşuna deyilmiş. Xanım Əliyevanın təkcə Fransadakı abidələrə xərclədiyi milyonlarla Azərbaycandakı bütün məktəbləri təmir etmək olardı, bəlkə də. Amma bütün bunlar humanistlik yox, hiyləgər xanımın lobbiçilik məqsədlərini, öz niyyətlərini həyata keçirmək planları imiş. Və indi işləri çətinə düşüb və əsl üzlərini göstərməyə başlayıblar. Xanım səs yazısını paylaşmaqla demək istəyir ki, bu qədər pulu sizin ölkənizə boşuna tökməmişəm, zəhmət çəkin, mənə tərəf olun. Çox dayaz düşüncəylə tutulan işdir, eləmi? Bunların düşüncə tərzi hələ də anlamağa imkan vermir ki, Avropa sizin üçün Prezident Administrasiyası deyil, istədiyiniz zaman şantaj edib, barmaq silkələyəsiniz. Dünyanın yüz illərdir sınaqdan keçmiş qayda-qanunları var. Şantajla birini susdurarsan, beşi qarşıdan çıxıb sənə qırmızı kart göstərər. Bax, o qırımızı kartı göstərməyin vaxtı çoxdan çatıb. Bu hakimiyyətin yuxarı eşelonundakılara sanksiya tətbiq edilməsə, bunlar düzələn deyil. Necə deyərlər, ilan ulduz görməsə ölməz.