VİDEO: “Ayın Yaltağı” Maqsud Mahmudov ölkədən niyə qaçdı?
Portreti dünyanın müasir 5 diktatorunun portretləri sırasında
Bu gün Bayraq günüdür. Bir ölkənin bayrağı nə zaman uca olur? O ölkənin başında duran insanlar dürüst, ləyaqətli və vicdanlı olduğu zaman. Bayraq, milyonlar töküb, göylərə 160 metrlik dirək qaldırmaqla bayraq olunmaz. Bayrağı yüksəldən, müqəddəsləşdirən, vətənləşdirən başqa dəyərlər var. Əliyev hakimiyyəti 100 milyon xərcləyib, 160 metrlik dirəyi göyün yeddi qatına qaldırdı, nə oldu ki? Bayrağı vətənin simvolu kimi sevən bir adamın o milyonları boşuna xərcləməyə əli gələrdimi? Vətənçilik, dövlətçilik düşüncəsi olan biri qıyardımı xalqının boğazından kəsilən o pulların havaya sovrulmasına? Hardadır indi o Bayraq Meydanı? Çökdü getdi dənizin dibinə, yerində nə dirək qaldı, nə bayraq. Araşdırma zamanı da tikintisinə ayrılan pulların üçdə ikisinin yeyildiyi üzə çıxdı. Düşüncəsizliyin, görməmişliyin, harınlığın belə acı gerçəkləri yaşanır bu ölkədə. İlham Əliyevin 16 ildir danışdığı analoqsuz inkişaf nağıllarının böyük bir yalan olduğu hər addımda üzə çıxır. “Regionun lider dövləti” deyib öydükləri ölkəni yarıtmaz idarəçiliyin, dövlət strukturlarını xərçəng kimi caynağına almış korrupsiyanın sayəsində dünyanın ən hörmətsiz ölkəsinə çevirdilər. Elə hörmətsiz ölkəyə ki, bir çox meyarlarına görə Avropa ailəsinə namizədlər sırasından gəlib düşdü Belarus, İran, Tacikistan, Türkmənistanla eyni sıraya. Məhz İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanı yarı-azad ölkələr sırasından belə qeyri-azad ölkələr siyahısına salmağı bacardı. Bu göstəriciləri biz yox, “Dünyada azadlıq” hesabatının araşdırmaları deyir. O, 16 illik hakimiyyəti dövründə dövlətçilik prinsiplərinə tamamilə yad adam olduğunu layiqincə sübuta yetirib. O, öz psixopat düşüncələri ilə ölkəni də, özünü də hörmətdən salmaq üçün hər şey edib. İndi onun adı dünyanın ən qəddar, hörmətsiz diktatorları ilə bir sırada çəkilir və deyəsən, özü də bundan xüsusi zövq alır. Xatırlayırsınızsa, Almaniyada nəşr edilən “History Special” jurnalı bu ilin may- iyun sayını məşhur diktatorlara həsr etmiş və həmin siyahıda Adolf Hitler, Benito Mussolini, Səddam Hüseyn, Stalin kimi diktatorlarla bərabər, yaşayan diktatorların siyahısında İlham Əliyevin də adı yer almışdı. İndi Atlanta İnsan Haqları Muzeyində Əliyevin portreti dünyanın müasir 5 diktatorunun portretləri sırasında birincidir.
“Hörmət” sözünün rüşvətin, oğurluğun sinoniminə çevrildiyi ölkə
Azərbaycan böyük bir fəlakətin içindədir. Əliyevin 16 ildə yaratdığı korrupsiya bataqlığına, qurduğu rüşvətxor komandaya baxın. Onun siyahı üzrə seçib formalaşdırdığı parlamentə, oliqarx deputatlara, vəzifə başına gətirdikləri oğru kadrlara baxın. O komanda hansı meyarlar əsasında seçilir, deputatlar, kadrlar hansı keyfiyyətlər əsasında təyin olunur, bilirsiniz? Kim yalanı, riyakarlığı, insanları aldatmağı, xalqdan oğurlamağı, yuxarıları yedizdirməyi yaxşı bacarırsa, onu başa çəkirlər. “Hörmət” sözü anlamını itirib, rüşvətin, oğurluğun qarşılığına çevrilib bu məmləkətdə. Hörmətli olmaq, sayılıb-seçilmək, önə çəkilmək üçün daha çox hörmətsiz işlər görməyi bacarmalısan. İlham Əliyevin komanda seçimi üçün qoyduğu əsas meyar budur. Onun on illərdir ölkənin milyonlarını yeyən cinayətkar vəzifə sahiblərini necə qoruduğunu özünüz görmürsünüz məgər? Onun dövlətin neft şirkətini müflis edən, oğlunun qol saatlarına 25 milyon xərcləyən Rövnəq Abdullayevin, striptiz-bar biznesi ilə parlamentin nüfuzunu yerlə bir edən Oktay Əsədovun, ölkə insanının anasını ağlar qoyan Səhiyyə naziri Oqtay Şirəliyevin, məhkəmələri bazara çevirən hakimlərin, xalqı adam yerinə qoymayan harın deputatların müdafiəsində necə dayandığını görmürsünüz? Bir ölkənin prezidenti xalq arasında çöp qədər hörməti qalmayan bu adamları niyə qorusun ki? Niyə zaman-zaman xalqın rəyi ilə hesablaşıb bu “qanundankənar” tipləri cəzalandırmasın ki? Edərmi? Etməz, edə bilməz. Çünki Əliyevi başda saxlayan o yalan və rüşvət piramidasıdır. Xatırlayırsınız, xarici jurnalistlər sabiq Gürcüstan prezidenti Mixail Saakaşviliyə “ölkədə rüşvəti necə ləğv etdiniz” deyə sual vermişdilər. O da cavabında qısaca “özüm rüşvət almamaqla” cavabını vermişdi. İndiyə qədər dünyada Saakaşviliyə olan hörmətin əsasında duran bu dövlət adamlığı düşüncəsidir bax! Əliyev rüşvətin kökünü kəsə bilərmi? Yox, bu sualın nə qədər ironik olduğunun fərqindəyik. Onun rüşvətsiz idarəçilik düşüncəsindən uzaq olduğunu da, dünyanın ən məşhur banklarında dərin hesablarının, ofşor zonalarda 48 milyardlıq şirkətlərinin olduğunu da bilirik. Bu pullar milyardlar uzaq sərhədlərə Tanrının müqəddəs əliylə qoyulmayıb axı, Əliyevin qoruduğu o məmurların əli ilə daşınıb. Prezidentin həmin adamların müdafiəçisinə çevrilməsi bu məcburiyyətdən doğur, başqa səbəbdən deyil. Ölkədə özü üçün ayrıca dövlət qurmuş keçmiş MTN naziri Eldar Mahmudovun ağılalmaz cinayətlərinin üstü açıldı da, nə oldu? Niyə cəzalandıra bilmədi Əliyevlər bu adamı? Çünki bütün çirkli camaşırları onun əlində idi və məlum dosyeləri vaxtında xaricdəki adamlarına ötürüb işini ehtiyatlı tutmuşdu. Belə bir dövlət adamlığı, belə bir dövlətçilik, belə bir idarəçilik təsəvvür edin!
“Müasir diktator” olmaq təsəllidirmi?
İlham Əliyev təkcə ölkədə deyil, çevrəsində də bir qorxu çənbəri yaradıb. Əyanlarının kəlməbaşı ona “hörmətli cənab prezident” deyə müraciət etməyinə baxmayın. Çevrəsində hər kəs onun dünyanın ən hörmətsiz prezidenti olduğunu bilir. Komandada hər kəs ona gedən aylıq hesabın məbləğindən, onun xarici ölkələrdəki milyardlarının mənbəyindən, bank hesablarından, başında durduğu iqtisadi cinayətlərdən xəbərdardır. Susurlar, çünki özləri də o cinayətlərdə rol alıblar, yaltaqlanırlar, çünki etdikləri qara əməllərin qorxusu içindədirlər. Su meymunun boğazına çıxanda balasını ayağının altına qoyur axı. Əliyev də dara düşən kimi məmurlarından bir-ikisini qurban verib, yaxasını qurtarmağı bacarır axı. Bu, bütün diktaturaların idarəetmə texnologiyasıdır, deyəsən. Amma daha müasir dünyada İlham Əliyevi müqayisə edəcək çox diktator da qalmayıb. Hələ onun oyuncaq jurnalistləri bizə təsəlli verir ki, prezidentimiz sizi Kim Jong Un kimi itlərə yedizdirmir, Vəliəhd Salmanın Cemal Kaşıkçını mişarla doğratdırdığı kimi doğradıb yoxa çıxarmır, Zimbabvenin keçmiş prezidenti Robert Muqabe kimi şişə çəkdirib yemir. Heç yaxşı təsəlli deyil. Əliyev ölkəni dünyada biabır etmək əlindən gələn hər şeyi edib. Bunun sübutu üçün “Global Witness” təşkilatının SOCAR-la bağlı korrupsiya hesabatını, Avropa Sabitlik Təşəbbüsünün “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasını, Malta qalmaqalını göstərmək yetər. Bir ölkənin prezidentinə də, vətəndaşlarına da o ölkədə dünyəvi dəyərlərə, insanlığa verilən yüksək qiymətə görə hörmət edilir. Yazıqlar olsun ki, 16 illik totalitar hakimiyyəti ilə o dəyərləri ayaqlar altına atan Əliyev Azərbaycanı da dünyanın ən hörmətsiz ölkəsinə çevirib.
P.S. Bu gün isə, “Ayın Yaltağı” nominasiyasına layiq ğörülmüş şəxs, iş adamı Maqsud Mahmudovun ölkədən gaçdığı bildirilir. Xalq arasında “Aftafa” ləqəbi ilə tanınan Maqsud Mahmudov, Əliyev diktaturasının tanınmış bloggeridir, illərdir Avropada siyasi sığınacaq almış şəxslərə qarşı mübarizə aparıb Əliyev rejiminin brendinə çevrilib. Maqsud Mahmudov başına gələnlərdən danışdı, siz də intervyusuna baxın və görün ki, “hörmətsiz cənab Prezidentimizin” hörmətsiz yaltağların axırı necə olur…