Uğursuz komitə sədri, uğursuz diaspora işi
İlham Əliyevin son kadr təyinatlarının ölkədə nəyisə dəyişəcəyinə inanırsınız? Təbii ki yox, ona görə ki Fuad Muradov kimləri bütün ümidləri öldürüb. İslahat kimi gözə soxulan bu təqdimatlar nə qədər səmimidir, sizcə? Diktator gənc kadrların guya hökumətə yeni nəfəs gətirəcəyini deyir. Təki belə olsun, amma…
Millət iyirmi altı ildir bu komandadan yeni nəfəs gözləyir. Bu müddətdə o komandanın nə qədər gənc üzvü yaşlanıb, yaşlıları qocalıb gəlib səksən yaşlarına, amma yenilikdən əsər-əlamət görünmür ki, görünmür. Gənc kadr təyinatı bu sistemdə nəyi dəyişə bilər?
Diasporla İş üzrə Dövlət Komitəsinə sədri Fuad Muradovun timsalında bunu isbat edəcəyik. Onun hökumət komandasına neçə yaşında gətirildiyini xatırlayırsınız yəqin. Muradova 26 yaşında deputat mandatı verilib. Bəli, o mandat məhz verilib. Qeyri-adi istedad sahibi olduğuna görə deyil, həyat yoldaşı Leyla Əliyevanın rəfiqəsi olduğuna görə. Sonrakı çağırışlarda da Muradov ard-arda parlamentə mandat alıb. Lakin Leyla Əliyeva da onu uzaqlaşdırıb. Deputat olduğu müddətdə önəmli bir fəaliyyət göstərdiyini eşidən, bilən də yox. 2018-ci ilə Diasporla İş üzrə Dövlət Komitəsinə sədri seçilməsi də, şübhəsiz, maraqlı oldu.
Onun xarici əlaqələrdə böyük dönüş yaradacağı, diasporla işi yenidən quracağı haqqında illüziyalar da bir il zaman müddətində suya düşdü. Adamın fəaliyyəti xarici ölkələrdə şəkərbura-paxlava paylamaqdan irəli getmədi. Deputat fəaliyyəti kimi komitə sədri fəaliyyəti də uğursuzluğa düçar oldu.
Hələ Fuad Muradov yenicə komitə sədri təyin olunanda Rusiyadakı diaspora təşkilatlarımızdan birinin rəhbəri demişdi ki: “Bu gün Fuad Muradov kimi birisinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri postuna təyin olunması heç də problemlərin həlli demək deyil. Fuad Muradov, bəlkə də, ən uğursuz kadrdır. Bir-iki nəfəri qucaqlaşdırıb öpüşdürməklə deyil, ortaya iş qoymaq lazımdır. Bu gün Rusiyada az qala bütün diaspora təşkilatları Kremlin diktəsi ilə hərəkət edir. Buna çarə qılmaq lazımdır. Hazırda aktiv görünən Fuad Muradov bir azdan problemlərin içində qeybə çəkiləcək. O, hazırda aktiv pioner kimidir. Hara desən, gedir, hara desən qaçır… Bir azdan isə barıtı qurtaracaq. Çünki əsl problemləri görəcək. Onda ayılacaq ki, axı bütün bunlar onun gücü imkanında deyil.” Bu sadəcə bir ölkədə fəaliyyət göstərən diaspora rəhbərinin söylədikləridir. Başqa ölkələrdə durumun bundan yaxşı olduğunu güman etməyin. Vəziyyət hər yerdə bənzərdir. Əksinə, bu komitə uzaq ölkələrdə qaş düzəltmək yerinə, vurub göz çıxarır. Uğursuz təbliğat, uğursuz tədbirlər, uğursuz nəticələr. Dünyada erməni lobbiçiliyi meydan sulayır, bizim diasporlara isə Əliyev hakimiyyətinin təbliğatı üçün milyonlar ayrılıb, havaya sovruldulur. Hələ “diaspora” adı altında hökumət agentlərinin o ölkələrə yerləşdirilib, müxalif fikirli adamların izlədilməsi bir başqa söhbətin mövzusudur. Ölkəyə bir qəpiklik fayda verməyən bu komitə kimin nəyinə lazımdır axı?
Bir neçə il əvvəl mətbuatda onunla bağlı maraqlı bir məlumat yazılmışdı. Xəbər verilirdi ki, iki dəfə namizədliyini irəli sürən Muradova zamin duran nazir Əbülfəz Qarayevlə deputatın arası dəyib. Buna səbəb onun nazirin adından bir neçə dəfə sui-istifadə etməsi olub. Özünə biznes qurmaq üçün nazirlərdən birinin yanına üz tutan Fuad Muradov nazir Əbülfəz Qarayevin adından istifadə edib. İddialara görə, deputat yeni yaratdığı biznesdə nazirin də payının olduğunu deyib. Baş vermiş söhbət nazirin qulağına çatıb və onu çağırtdırıb bundan sonra adından istifadə etməsinə qadağa qoyub. Amma biz bilmirik bu məlumat nə dərəcədə düzdür. Son məlumatlara görə, Fuad Muradovun işindən yuxarılar özləri də razı deyil. “Fuad Muradovun hazırda rəhbərlik etdiyi istiqamətdə naşı və kifayət qədər təcrübəsiz olması Azərbaycan dövlətinin diaspora siyasətini belə təhdid etməkdədir” deyə mənbə bildirib. Bu da prezidentin dediyi uğursuz gənc kadr! Sistem özü tamam köhnəlibsə, onları həmin sistemin içinə pərçim etməklə nə dəyişəcək ki? Diaspora komitəsi isə XİN-nə idarə kimi verilsə meqsədəmüvafiq olar.