Onun ya yaddaşı xarab olub, ya da böhtan atmağa vərdiş edib
Adam eyni yalanı neçə dəfədir təkrar edir. Ləl-Cəvahirat fondu ilə bağlı İlham Əliyevin dediklərini nəzərdə tuturam. Bu dəfə bu yalanı yerli jurnalistlərə deyib. Deməli bir il ərzində Ləl-Cəvahirat Fondunda 4 ton qiymətli zinyət əşyaları və daş-qaş toplanmışdı, bunların ümumi dəyəri 100 milyon dollara bərabər idi. Qeyd edilən Fondda toplanmış daş-qaş və digər qiymətli metallar tam şəkildə Fondun sədri İsfəndiyar İsgəndərov tərəfindən təhvil-təslim aktı ilə Heydər Əliyev hökumətinə təhvil verilib. Eyni zamanda 1993-cü il dövlət çevrilişindən sonrakı 2 il ərzində Dövlət Əyyar Palatası, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi Fondda dəfələrlə yoxlama aparıb və heç bir yeyinti faktı aşkar edə bilməyib. Yoxlama aktları qeyd edilən orqanların arxivlərindədir, təhvil-təslim aktı da 21 il əvvəl bağlanmış Fondun və Maliyyə Nazirliyinin arxivində saxlanılır. Lakin bu təhvil-təslimdən sonra Fond qısa müddətdə mənimsənildi və 1998-ci ildə isə Ləl-Cəvahirat Fondu ləğv edildi.
Yaxşı xatırlayıram, bu məsələ ilə bağlı 2010-cu ilin sentyabr ayının 30-da Milli Məclisin üzvü Pənah Hüseynin MM-in iclasında bir açıqlaması olmuşdu. Onu olduğu kimi Sizə təqdim edirəm:
30 sentyabr 2010-cu il.
“Sədrlik edən. Pənah Hüseyn, gündəliyi müzakirə etmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirə etmək istəyirsən, düyməni bas, adın yazılsın. Əl qaldırma, burada texnika var. Xahiş edirəm, mikrofonları bir də yoxlayın, Pənah Hüseyn.
Pənah Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Dünən hörmətli maliyyə naziri elan etdi ki, Azərbaycanda dövlət qızıl ehtiyatları yaradılır və hazırda 99 kiloqram qızıl toplanmışdır. Nəzərinizə çatdırıram ki, 1992-ci ilin iyul ayının 16-da dövlət qızıl ehtiyatlarının yaradılmasını nəzərdə tutan Ləl-Cəvahirat Fondu haqqında Prezident fərmanı verilmişdir. 1993-cü ildə, bizim hakimiyyət dövründə orada bundan onlarca artıq miqdarda, – mən dəqiq rəqəmi dövlət sirri olduğu üçün səsləndirmirəm, – qızıl, antikvariat, daş-qaş toplanmışdı. Ona görə də biz dövlətə məxsus olan bu ehtiyatın taleyinin necə olduğunun, bunun hara getdiyinin, kim tərəfindən sərf edildiyinin xalqa elan olunmasını xahiş edirik.”
Bax, belə!