Milli Şura sədri Cəmil Həsənli:
“Hakimiyyət Azərbaycanı Dünya Ticarət Təşkilatından ona görə kənarda saxlayır ki, hakim ailənin və hakim elitanın nəzarətində olan monopoliyanı, millətə qiymət diktəsini qoruyub saxlaya bilsin”
ADR sədri Qubad İbadoğlu:
“164 üzvü olan quruma Azərbaycanın qoşulmamasının əsl səbəbi inhisarçılıq və korrupsiyadır”
Prezident İlham Əliyev bir qrup yerli telejurnalistə müsahibəsində Avropa İttifaqı ilə yeni sazişin yubanmasının həmçinin ticarət məsələsində fikir ayrılığından irəli gəldiyini deyib: “Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil.
Digər tərəfdən bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq”.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli “Facebook” səhifəsində bu məsələyə münasibət bildirərək dövlət başçısını ixracın neft-qaz məhsullarından asılı olmasında qınayıb: “Bəs illərdir qeyri-neft sektorunun uğurlu inkişafından danışırsınız, regionların inkişafına 60 milyarddan çox vəsait “xərcləmisiniz”, hanı onun nəticəsi? İlham Əliyev 16 ildir ölkə rəhbəridir, ondan əvvəl də 10 il atası Heydər Əliyev rəhbərlik edib. Deməli, 26 ildə Azərbaycan neft və qazdan başqa dünyaya çıxarılası bir şey istehsal edə bilməyib. Halbuki qonşu Gürcüstan və hətta işğalçı Ermənistan bu müddət ərzində Avropa bazarlarına onlarla məhsul çıxara bilib. Dövlət başçısı müsahibədə buna aydınlıq gətirə bilmir ki, 26 ildə ölkənin rəqabət qabiliyyətli niyə bircə məhsulu yoxdur.
Amma əslində hakimiyyət Azərbaycanı Dünya Ticarət Təşkilatından ona görə kənarda saxlayır ki, hakim ailənin və hakim elitanın nəzarətində olan monopoliyanı, millətə qiymət diktəsini qoruyub saxlaya bilsin”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazır ki, Dünya Ticarət Təşkilatı qaydalara əsaslanan sistemdir: “Onun ticarət qaydaları üzv dövlətlərin danışıqlar apardığı sazişlərdən ibarətdir. Dünya Ticarət Təşkilatı yalnız ticarəti və tarifləri deyil, həm də xidmət sahələrinin xarici rəqabətə açılmasını, əqli mülkiyyətin yüksək səviyyədə qorunmasını, dövlət satınalmalarının şəffaflığını, informasiya texnologiyaları, eləcə də mülki aviasiya bazarının liberallaşdırılmasını, ticarətlə əlaqəli investisiya tədbirlərini tənzimləyir.
Bu sazişlər ticarət mübahisələrin həll edilməsi üçün prosedurlar təyin edir, az inkişaf etmiş ölkələr üçün xüsusi rejimlər müəyyənləşdirir və üzv ölkələrə dərc etmə və bildiriş öhdəlikləri qoymaqla şəffaflığa nail olur.
Bütün bu qaydalar Azərbaycan iqtisadiyyatında mövcud olan inhisarlarşma, dövlət satınalmalarında müşahidə edilən korrupsiyalaşmaya ziddir. 164 üzvü olan quruma Azərbaycanın qoşulmamasının əsl səbəbi budur”.
Novator.az